RU

ABŞ-İran danışıqları: Vaşinqton güzəştə getməlidir

“Müharibədən əvvəlki danışıqlarda İran bəzi güzəştlərə hazır olduğunu açıqlamışdı”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, həmin dövrdə tərəflərin anlaşma imkanları daha çox idi:

“Ancaq təəssüflər olsun ki, tərəflər arasında hərbi qarşıdurma başladı və müharibə 40 gün davam etdi. Bununla belə ABŞ hücumlara başlamaqla istədiyi nəticəni əldə bilmədi. Belə şəraitdə Vaşinqtonun Tehrandan eyni güzəştləri tələb etməsi İran tərəfindən qətiyyən qəbul olunmur”.

Müsahibimiz İran rəsmilərinin hücumlardan əvvəl danışıqlara, müəyyən güzəştlərə də hazır olduqlarını dediklərini xatırladır:

“Amma qarşı tərəf müharibəni başlatdığından, Tehran hökuməti bu məsələdə artıq ABŞ-yə etimad göstərmir. Üstəlik, ABŞ-nin yeni tələbləri də çox sərtdir”.

Ceyhun Məmmədov: İranla kompromis əldə etmək çətin olacaq

Deputat qeyd edib ki, İran Hörmüz boğazına nəzarəti ələ alıb:

“Bundan sonra İranla kompromis əldə etmək çətin olacaq. Reallıq ondadır ki, artıq ABŞ tərəfi hansısa güzəştlərə getməlidir. Bu, baş verməyəcəyi təqdirdə İranla ortaq məxrəcə gəlmək mümkün görünmür”.

Ceyhun Məmmədova görə, danışıqlar bir müddət davam edəndən sonra müharibə yenidən alovlana bilər:

“Tərəflər görüşə, danışa bilərlər, amma yenə deyirəm ki, heç biri güzəştə getməyə hazır deyil”.

Aydın Baxış

Избранный
8
bakivaxti.az

1Источники