…Axşam saat 9 ( 21:00) radələridir.Mobil telefonuma tanmadığım nömrədən zəng gəlir.Bir qız uşağı çox kövrək səslə, az qala ağlaya-ağlaya deyir: Kamran müəllim, atam Bakıda, Abşeron xəstəxanasında əməliyyat olunmalıdır, rayondan zəng edirəm, 2 saatdır şəhər telefonu ilə əlaqə saxlaya bilmirik, yalvarıram bizim ailəyə kömək edin, atamdan xəbər tutaq...
Soruşuram ki, ay qızım, siz kimsiniz, haradan zəng edirsiniz, mənim telefonumu haradan bilirsiniz və s.
Nə isə qızın atasının ad və soyadını soruşub qeyd edirəm və deyirəm çalışaram kömək edim...
Fikirləşirəm gecənin bu vaxtı Abşeron xəstəxanası...mən kimə zəng edim...bu uşağa necə kömək edim ?
Gecənin bu vaxtı heç qardaş qardaşı narahat etmək istəmir...
Xeyli fikirləşirəm nə edim, kimə zəng edim. Və qızın səsi qulaqlarımdan getmir: Bizə kömək edin, atamdan xəbər tutaq...Son ümid yeri sizsiniz...
Və birdən ağlıma Abşeron Mərkəzi Xəstəxanasının direktoru Səkinə xanın Sadıqova gəlir. Şəxsən tanımıram, ancaq bir il əvvəl işlə bağlı 1-2 dəqiqə mobil telefonla danışmışıq. Vəssəlam.
Amma düşünürəm gecənin bu vaxtı ( artıq gecə saat 10-dur) mən necə zəng edim Səkinə xanıma. Adama deyərlər ayıbdır camaat yatmağa hazırlaşır...
Nə isə zavallı qızın səsi qulağımdan getmir, rahat ola bilmirəm, mən nə edim...
Bir təhər özümü toparlayıb Səkinə xanımın mobil nömrəsinə ( vtsp) xəstənin ad-soyadını yazıb, acizanə xahiş edirəm...
Və 10 dəqiqə sonra Səkinə xanım yazır: Xəstə əməliyyatdan uğurla çıxıb, hazırda palatadadır, qəti narahat olmayın. Və mənə zəng edərək xəstənin ailəsinə narahat olmamağı tövsiyyə edir.
Elə bil üstümdən dağ götürülür və qıza zəng edərək Səkinə xanımın dediklərini söyləyirəm.
İlahi, telefondakı sevinci, şadlığlı eşitmirəm ee, az qala görürəm...
Təkrar-təkrar “Kamran müəllim, ömür boyu sizə duaçıyıq...” eşidirəm və deyirəm “Mənə yox, Səkinə xanıma duaçı olun, gecənin bu vaxtı...”
Qız təəccüblə soruşur ki, Səkinə xanım kimdir...
Sözün qısası, Səkinə xanımın köməyi ilə bir ailəni dəhşətli əzabdan, nigarançılıqdan qurtara bilirik.
Bu hadisəni nə üçün qələmə aldım ?
Birincisi, onu qeyd edim ki, Səkinə xanımın bu yazıya ehtiyacı yoxdur.
İkincisi, heç bir məmur, o cümlədən, direktor Səkinə xanım
hamının dərdinə çarə tapa bilməz. Doğrudan da heç bir nazirin, o cümlədən Səkinə xanımın sehrli çubuğu-zadı yoxdur ki, bir dəqiqədə hamının problemini həll etsin.
Amma insana insan kimi yanaşmaq, onu dinləmək, gecə saat 10-da dərdinə şərik olmaq və kömək etmək İNSANLIQ məsələsidir.
Cəmiyyətimizdə Səkinə xanım kimi NÜMUNƏ-lər olanda adam sevinir, özünə, millətinə, dövlətinə hörməti daha da artır.
Sonda onu da qeyd edim ki, dilimizdə məşhur ifadə var: “Alim olmaq asandır, İNSAN olmaq çətindir”. İndiki halda isə belə deyək: “Məmur olmaq asandır, İNSAN olmaq çətindir”.