Hindistan hökuməti sosial media platformalarında yayılan xəbər və siyasi məzmunun tənzimlənməsi üçün yeni qaydalar təklif edib.
“BBC” xəbər verir ki, Elektronika və İnformasiya Texnologiyaları Nazirliyinin hazırladığı dəyişikliklərə əsasən, artıq sadəcə rəsmi xəbər qurumları deyil, həmçinin fərdi istifadəçilər, influenserlər, podkastçılar və müstəqil jurnalistlər tərəfindən paylaşılan “xəbər və cari hadisələr” məzmunu da qanun çərçivəsinə daxil ediləcək.
Yeni təklifə görə, “Facebook”, “YouTube” və “X” kimi platformalar hökumətin göstərişlərinə əməl etməli olacaq. Bunun qarşılığında həmin platformalar istifadəçi paylaşımlarına görə hüquqi məsuliyyətdən qoruyan “təhlükəsiz liman” statusunu saxlayacaqlar. Bu dəyişikliklərin əsas məqsədi saxta xəbərlərin və fırıldaqçılığın qarşısını almaqdır. Lakin rəqəmsal hüquq müdafiəçiləri və media ekspertləri bunun söz azadlığına mənfi təsir göstərə biləcəyini deyirlər.
Tənqidçilərin fikrincə, yeni qaydalar hökumətə sosial mediada satirik paylaşımları daha asan bloklamaq imkanı verə bilər. “X” platformasında hökuməti tənqid edən və satirik paylaşımları ilə tanınan bir neçə hesabın son aylarda bloklanması da bu narahatlıqları artırıb. Nazirlik isə qaydaların ölkə qanunvericiliyinə və konstitusiyaya uyğun hazırlandığını, ictimai təhlükəsizliyin qorunmasına xidmət etdiyini bildirib.
Təklif olunan dəyişikliklərlə bağlı ictimai müzakirələr davam edir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”