Buxarest, 13 aprel, AZƏRTAC
Rumıniya Avropa İttifaqında mümkün yanacaq böhranına ən az məruz qalan ölkələrdən biri hesab olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın sabiq energetika naziri, energetika üzrə ekspert Rızvan Nikolesku yerli mediaya açıqlaması zamanı bildirib.
Ekspert qeyd edib ki, bu vəziyyət ölkənin daxili istehsal imkanları, neft emalı infrastrukturu və mövcud ehtiyatları ilə bağlıdır.
Rızvan Nikolesku vurğulayıb ki, Rumıniya həm xam neft emalı baxımından, həm də daxili yanacaq istehsalı imkanlarına görə regionda daha dayanıqlı mövqeyə malikdir. Bu isə qlobal enerji bazarlarında qeyri-müəyyənlik artdığı şəraitdə ölkənin risklərini əhəmiyyətli dərəcədə azaldır. Məlumata görə, Rumıniyanın enerji sistemi yalnız idxaldan asılı deyil və bu, onu Avropa İttifaqının bir çox digər ölkələri ilə müqayisədə daha üstün vəziyyətə gətirir. Ekspertin fikrincə, məhz bu balanslı struktur Rumıniyanı mümkün yanacaq böhranlarına qarşı daha davamlı edir. Eyni zamanda qeyd olunur ki, Avropada enerji bazarlarında yaranan gərginlik və geosiyasi risklər fonunda belə ölkələrin sayı məhduddur və Rumıniya bu baxımdan fərqlənən dövlətlərdən biridir.
Məsələyə regional kontekstdə yanaşıldıqda, bu vəziyyət Cənub-Şərqi Avropada enerji sabitliyi üçün mühüm əhəmiyyət daşıyır. Bu fonda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu xüsusi diqqət çəkir.
Azərbaycan uzun illərdir Avropa üçün etibarlı enerji tərəfdaşı kimi çıxış edir və xüsusilə qaz tədarükü sahəsində region ölkələrinin enerji təminatında mühüm rol oynayır. Bu əməkdaşlıq sayəsində Avropa ölkələri enerji mənbələrini şaxələndirmək və riskləri azaltmaq imkanına malik olur. Rumıniyanın daxili imkanlarının güclü olması və Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi çıxış etməsi birlikdə götürüldükdə, regionda enerji təhlükəsizliyinin daha dayanıqlı şəkildə təmin olunmasına xidmət edən əsas amillər kimi qiymətləndirilir.