RU

Tramp NATO-nu "Hörmüz müharibəsinə" çəkir... Alyans böyük məsuliyyət altında...



Abutalıb Səmədov: "Trampın NATO siyasəti təşkilatın nüfuzunu zəiflətdi"

Tramp deyir ki, NATO Amerikanı İranla müharibədə tək qoydu və bu səbəbdən NATO-dan çıxacam. NATO-nun məşhur 5-ci maddəsi burada tətbiq edilə bilərdimi? Axı Amerika hücuma məruz qalmayıb, Amerika hücum edib. Tramp NATO-ya qarşı iddialarında nə qədır haqlıdır?

NATO-nun 5-ci maddəsi yalnız üzv ölkələrdən biri silahlı hücuma məruz qaldıqda tətbiq olunur. Yəni bu maddə kollektiv müdafiə prinsipinə əsaslanır və hücuma məruz qalan tərəfin müdafiəsi üçün digər üzvlərin dəstəyini nəzərdə tutur. Əgər bir üzv ölkə özü hərbi əməliyyata başlayırsa, bu halda 5-ci maddə avtomatik şəkildə işə düşmür.

Bu baxımdan Donald Trampın iddiası hüquqi və təşkilati baxımdan zəif görünür. Əgər ABŞ özü təşəbbüskar olaraq İrana qarşı hərbi addım atıbsa, NATO üzvlərinin buna qoşulmaq öhdəliyi yaranmır. NATO ölkələri belə hallarda siyasi qərar əsasında dəstək verə bilər, amma bu məcburi deyil.

Digər tərəfdən, NATO tarixində 5-ci maddə yalnız bir dəfə - 11 sentyabr hücumu hadisələrindən sonra tətbiq olunub və bu da ABŞ-ın birbaşa hücuma məruz qalması ilə bağlı idi.

Nəticə olaraq, əgər ABŞ hücum edən tərəfdirsə, NATO-nun kollektiv müdafiə mexanizminin işə düşməməsi normaldır və bu kontekstdə Trampın NATO-ya yönələn tənqidləri əsaslı sayılmır.

Politoloq Abutalıb Səmədov məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, NATO-nun 5-ci maddəsinə görə digər ölkələr də alyansa üzv olmağa can atırdılar. Onlar belə düşünürdülər ki, Şimali Atlantika Müqaviləsinin bu maddəsinə əsasən, əgər onlara hücum olarsa, digər alyans üzvləri də birlikdə hücumu dəf etmək üçün müharibəyə qoşulacaqlar.

Onun sözlərinə görə, Donald Tramp seçildikdən sonra ilk addımlarından biri NATO üzvlərinə 5-ci maddəni diqqətlə oxumağı tövsiyə etmək oldu. Həmin maddədə açıq şəkildə yazılmayıb ki, üzvlərdən birinə hücum olarsa, digərləri mütləq hərbi əməliyyatlara qoşulmalıdırlar; sadəcə mümkün yardımı, o cümlədən hərbi dəstəyi göstərə bilərlər. Yəni nəzəri olaraq, hər hansı NATO üzvünə hücum edilərsə, digər dövlətlər məhdud yardım göstərməklə də öhdəliklərini yerinə yetirmiş sayıla bilərlər. Bu isə NATO-nun nüfuzuna mənfi təsir göstərdi.

Səmədov qeyd edir ki, NATO özünü kollektiv müdafiə təşkilatı kimi təqdim edir. Əgər üzv dövlətlərdən birinə hücum zamanı digərləri hərbi əməliyyatlara qoşulmursa, bu, təşkilatın əhəmiyyətini azaldır. Onun fikrincə, bu yanaşma Trampın NATO-nu zəiflətmək istiqamətində ilk addımlarından biri idi.

Daha sonra Tramp NATO-nun iclaslarında fəal iştirak etmədi, Ukraynaya yardım məsələsi ilə bağlı keçirilən görüşlərdə əvvəlki kimi aparıcı rol oynamadı. Xüsusilə Ramşteyndə keçirilən toplantılarda ya iştirak etmədi, ya da passiv mövqe tutdu.

Politoloqun sözlərinə görə, Trampın İrana qarşı qərarları da müttəfiqlərlə koordinasiyalı şəkildə qəbul olunmadı. O, əsasən İsraillə məsləhətləşdi, digər NATO üzvləri ilə isə bu məsələni müzakirə etmədi. Daha sonra İranın ciddi müqavimət göstərdiyini gördükdə müttəfiqlərin dəstəyinə ehtiyac duysa da, bunu diplomatik şəkildə deyil, sərt bəyanatlarla ifadə etdi. Bu isə Avropa dövlətləri tərəfindən müsbət qarşılanmadı.

Səmədov vurğulayır ki, müttəfiqlərlə əməkdaşlıq etmək üçün onlara hörmətlə yanaşmaq, onları tərəfdaş kimi qəbul etmək vacibdir. Avropa ölkələri həm hərbi, həm də iqtisadi baxımdan zəif deyil və onlara yuxarıdan aşağı baxmaq düzgün yanaşma deyil.

O əlavə edib ki, Trampın tez-tez ABŞ-ın NATO-dan çıxması ilə bağlı səsləndirdiyi fikirlər reallaşsa belə, bunun uzunmüddətli olmayacağı ehtimal edilir. Keçmişdə Yunanıstan və Fransanın hərbi strukturlardan çıxıb sonradan geri qayıtması kimi nümunələr var. Eyni hal ABŞ üçün də mümkündür.

Politoloq hesab edir ki, növbəti prezident NATO ilə münasibətləri bərpa etməyə çalışacaq. Çünki həm Avropa, həm də ABŞ üçün NATO-nun əhəmiyyəti böyükdür.

Səmədov həmçinin bildirib ki, ABŞ-ın İranla bağlı qarşıya qoyduğu əsas məqsədlər - uranın zənginləşdirilməsinin məhdudlaşdırılması və ballistik raket proqramının dəyişdirilməsi tam reallaşmayıb. İran isə əksinə, proksi qüvvələrə dəstəyini davam etdirir və regionda daha sərt mövqe nümayiş etdirir.

Onun fikrincə, belə bir vəziyyətdə NATO üzvlərini ittiham etmək məntiqsizdir. Çünki nə ABŞ, nə də digər NATO ölkələri hücuma məruz qalmayıb və buna görə də kollektiv müdafiə mexanizmi işə düşməyib.

Sonda politoloq vurğulayıb ki, Trampın sərt və təhdid xarakterli ritorikası istənilən nəticəni verməyəcək və bu cür yanaşma müttəfiqlərlə münasibətləri daha da çətinləşdirir.

Akif NƏSİRLİ

Избранный
7
baki-xeber.com

1Источники