RU

Zakir Fərəcovun rəhbərlik etdiyi şəhərdə yağışın yaratdığı fəsadlar aradan qaldırılmır? – RƏSMİ AÇIQLAMA

Sumqayıt Şəhər İcra Hakimiyyəti  intensiv yağan yağışlardan sonra şəhərdə həyatın iflic olması, heç bir tədbir görülməməsi barədə artan şikayətlərə münasibət bildirib.

 

Pravda.az-ın sorğusuna cavab olaraq Sumqayıt ŞİH-dən bildirilib ki, intensiv yağıntılar nəticəsində respublikanın bir sıra ərazilərində olduğu kimi, Sumqayıt şəhərində də müəyyən problemlər qeydə alınıb.

 

Açıqlamada qeyd olubub ki, şəhərin 7 müxtəlif ünvanında kanalizasiya xətlərində çökmə halları baş verib: “Qeyd olunan iri həcmli qəzaların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən operativ tədbirlər həyata keçirilib və işlərin yaxın günlərdə tam şəkildə yekunlaşdırılması nəzərdə tutulur. Eyni zamanda yaşayış binalarının zirzəmilərinə dolmuş suların çəkilərək kənarlaşdırılması prosesi həyata keçirilir. Suların tam kənarlaşdırılmasından dərhal sonra müvafiq ərazilərdə dezinfeksiya tədbirləri görülür. Bundan əlavə, şəhərin kənarında yerləşən sənaye zonasında inşa edilmiş fərdi yaşayış evlərində də Sumqayıt Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq aidiyyəti qurumlar tərəfindən suyun çəkilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. Şəhər ərazisində avtomobil yollarında yaranmış çökmə və yuyulmalarla bağlı asfalt örtüyünün bərpası işləri aparılır. Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Qeyd edək ki, şəhərdə mövcud kanalizasiya xətlərinin əksəriyyəti 60 ildən artıq müddət əvvəl inşa olunub və artıq istismar müddətini başa vurub. Bu səbəbdən intensiv yağıntılar zamanı bəzi ərazilərdə oxşar çətinliklərin yaranması qaçılmaz olur. Məlumat üçün bildirək ki, problemin köklü həlli məqsədilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı təsdiq olunub. Proqram çərçivəsində Bakı, Sumqayıt və Abşeron ərazilərində su və kanalizasiya infrastrukturunun yenilənməsi nəzərdə tutulur. Dövlət proqramına uyğun olaraq, yaxın illərdə Sumqayıt şəhərində də içməli su və kanalizasiya şəbəkəsinin genişləndirilməsi və yenilənməsi planlaşdırılır. Layihə çərçivəsində yeni su və kanalizasiya xətlərinin çəkilməsi, mövcud sistemlərin isə mərhələli şəkildə modernləşdirilməsi istiqamətində işlər həyata keçiriləcək”.

 

Qeyd: Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı 2015-ci ildən Zakir Fərəcovdur.

Tarix: 13 Aprel 2026, 13:42   
Избранный
7
pravda.az

1Источники