RU

16 illik Orban hakimiyyətinə son qoyan Peter Magyar kimdir?

Viktor Orbanın 16 illik fasiləsiz hakimiyyətindən sonra Peter Magyarın seçkilərdə qələbəsi Macarıstan üçün siyasi kursun dəyişməsi kimi qiymətləndirilir. Anti-miqrasiya və anti-Avropa ritorikasından, həmçinin Moskva ilə yaxınlaşmadan sonra ölkəni yeni istiqamət gözləyir. Bununla belə, bu dəyişikliklərin hamısının Ukrayna üçün müsbət olub-olmayacağı sual altındadır.

Qaynarinfo xəbər verir ki, Peter Magyar 1981-ci ildə hüquqşünas ailəsində anadan olub və özü də hüquq təhsili alıb. O, əvvəllər hakim Fidesz Partiyasının üzvü olub, lakin partiyanı korrupsiyada ittiham edərək oranı tərk edib və Tisa Partiyasını yaradıb.

O, dövlət şirkətlərinin idarə heyətlərində çalışıb, daha sonra isə diplomat kimi Brüsseldə fəaliyyət göstərib.

Magyar ailəli olub və üç oğlu var. O, 2023-cü ildə həyat yoldaşı Yudit Varga ilə boşanıb. Yudit Varga 2019-cu ildə ədliyyə naziri təyin olunmuş, lakin 2023-cü ildə qalmaqal fonunda istefa vermişdi.

“Telex” nəşrinin jurnalisti Daniel Şimorun sözlərinə görə, Magyar emosional xarakterə malikdir və jurnalistlərin tənqidi sualları qarşısında tez-tez aqressiv reaksiya verir.

Peter Macar Viktor Orbandan fərqli olaraq Ukraynadakı müharibəni “başqasının müharibəsi” hesab etmir. O, 2024-cü ilin iyulunda – Rusiyanın “Oxmatdit” uşaq xəstəxanasına raket hücumundan qısa müddət sonra Kiyevə səfər edib və humanitar yardım aparıb.

“Rusiya aqressordur və Ukraynanın öz ərazisini müdafiə etmək hüququ var”, deyə Macar həmin vaxt bildirib.

O, həmçinin Viktor Orbanın Rusiya prezidenti Vladimir Putinlə tez-tez görüşlərini tənqid edərək bunu “bir diktatorun digər diktatora səfərləri” adlandırıb.

Analitiklərin fikrincə, Macar hakimiyyətə gəldikdən sonra Avropa İttifaqının Ukrayna üçün nəzərdə tutduğu 2026–2027-ci illər üzrə 90 milyard avroluq yardım paketinə qoyulan vetonu aradan qaldıra bilər.

Eyni zamanda onun Macarıstanın Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə qoyduğu vetonu da ləğv edəcəyi ehtimal olunur.

Bununla belə, Macar Rusiyaya münasibətdə həm Qərbyönlü siyasəti bərpa etməyi, həm də Moskva ilə “praqmatik münasibətlər” qurmağı planlaşdırır.

Enerji məsələsində o, Rusiyadan asılılığın aradan qaldırılmasının tərəfdarıdır. Lakin Avropa İttifaqı bunu 2027-ci ilə qədər planlaşdırdığı halda, Macar bu proses üçün 2035-ci ili daha real hesab edir.

Viktor Orban Ukraynanın Avropa İttifaqına üzvlüyünə qəti şəkildə qarşı çıxırdı. Peter Macar bu məsələdə daha yumşaq mövqe sərgiləsə də, tam dəstək vermir.

O, Ukraynanın sürətli üzvlüyünə qarşı çıxır, Kiyevə silah göndərilməsini dəstəkləmir və bu məsələni referenduma çıxarmağı planlaşdırır. Bu isə prosesin əhəmiyyətli dərəcədə ləngiməsinə səbəb ola bilər.

Ekspertlərin fikrincə, Budapeştdə hakimiyyət dəyişikliyi Kiyev ilə münasibətlərdə bütün problemləri aradan qaldırmayacaq. Qeyd olunur ki, Macar Ukrayna prezidenti Volodimir Zelenskini də tənqid edib və onun Viktor Orbanla bağlı səsləndirdiyi bəyanatlara görə üzr istəməsini tələb edib.

Analitik Yevgeniy Diki hesab edir ki, Macar Ukraynaya münasibətdə ehtiyatlı siyasət yürüdəcək və seçicilərə müstəqil lider olduğunu göstərmək üçün müəyyən addımlar ata bilər ki, bu da bəzən Kiyev üçün xoşagəlməz görünə bilər.

Bununla yanaşı, Viktor Orbanın məğlubiyyəti Rusiya prezidenti Vladimir Putinin Avropa İttifaqı daxilində mühüm müttəfiqini itirməsi kimi qiymətləndirilir.

Samir
 

Избранный
7
hit.az

1Источники