RU

Çingiz Qənizadə: Ad seçimi həm fərdi hüquq, həm də ictimai məsuliyyət məsələsidir

Bakı, 13 aprel, AZƏRTAC

Son dövrlər mətbuatda geniş müzakirə olunan məsələlərdən biri də uşaqlara adların verilməsidir. Eləcə də nikah zamanı qadın və kişilərin soyad seçimi ilə bağlı yaranan suallardır. Bu mövzular cəmiyyətdə müxtəlif yanaşmalar doğurur və aktual olaraq qalır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Çingiz Qənizadə söyləyib.

O xatırladıb ki, 2011-ci ildə Nazirlər Kabineti tərəfindən bu sahədə müvafiq qaydalar təsdiq edilib. Həmin qərara əsasən, qeydiyyat orqanları valideynlərə ad seçimi ilə bağlı tövsiyələr verə və bəzi hallarda məhdudiyyətlər tətbiq edə bilirlər. Belə ki, uşağın mənafeyinə zidd olan, gülüş doğuran, mənfi məna daşıyan və ya cinsiyyətə uyğun olmayan adlar təqdim edildikdə, qeydiyyat orqanları tərəfindən onların qeydə alınmasından imtina edilə bilər.

“Nəzərə alınmalıdır ki, Azərbaycan hüquqi dövlətdir və valideynlərin seçim hüququ qorunur. Əgər valideynlərə imtina cavabı verilərsə, onlar bu qərardan məhkəməyə müraciət edərək şikayət edə bilərlər. Məhkəmələr isə qəbul olunmuş qaydalara uyğun şəkildə qərar verirlər.

Təcrübədə bəzən ikimənalı adların birləşdirilməsi, cinsiyyətə uyğun olmayan adların seçilməsi və ya mənaca uyğun olmayan, gülüş doğuran adların verilməsi halları müşahidə olunur. Məhz buna görə də mövcud qərarlara uyğun olaraq belə adlara müəyyən məhdudiyyətlər tətbiq edilir", - deyə Ç.Qənizadə vurğulayıb.

O əlavə edib ki, son dövrlərdə xarici mənşəli adlara marağın artması da diqqət çəkir. Bu isə milli kimlik məsələsini daha da aktuallaşdırır. Ad yalnız fərdi seçim deyil, eyni zamanda, milli-mədəni kimliyin bir hissəsidir. Bu baxımdan adların seçilməsində milli dəyərlər, dil və ənənələr nəzərə alınmalıdır.

Bununla yanaşı, etnik azlıqların hüquqları da qorunur. Azərbaycan Respublikasında yaşayan müxtəlif xalqların nümayəndələri öz milli kimliklərinə uyğun adlar seçməkdə sərbəstdirlər və bu sahədə onlara məhdudiyyət tətbiq olunmur.

Ümumilikdə ad seçimi həm fərdi hüquq, həm də ictimai məsuliyyət məsələsidir. Milli kimliyin qorunması baxımından cəmiyyətin və xüsusilə medianın bu mövzuda maarifləndirici rolu mühüm əhəmiyyət daşıyır. Adlar insanın kimliyinin ilk göstəricilərindən biridir və bu kimliyin qorunması hər bir vətəndaşın üzərinə düşən vacib vəzifələrdəndir.

Избранный
9
2
azertag.az

3Источники