RU

“Qoy, şəhidlərin qanı tökülən bu torpaqlarda gül-çiçək bitsin” – Ballıcadan REPORTAJ

Xocalı, 13 aprel, AZƏRTAC

Xocalı rayonunun Ballıca kəndi bu gün dirçəliş dövrünü yaşayır. İnfrastrukturun yenidən qurulduğu, təmir-bərpa işlərinin aparıldığı kənd baharın gəlişi ilə yamyaşıl libasa bürünüb - ağaclar çiçəkləyib, torpaq canlanıb. Kəndin hər küçəsində həyat qaynayır, hər həyətində qurub-yaratmaq əzmi hiss olunur. İllərlə həsrət qaldıqları doğma yurda qayıdan sakinlər onu yenidən gülüstana çevirməyə çalışırlar. Onlardan biri də Ağayevlər ailəsidir.

AZƏRTAC-ın bölgə müxbiri Ballıcada Ağayevlər ailəsinin qonağı olub, onların təəssüratlarını dinləyib.

Ailə başçısı Əsgər Ağayev illər sonra geri döndükləri Ballıca kəndinin hər qarışının onlar üçün müqəddəs olduğunu, indi isə gələcəyə böyük ümidlə baxdıqlarını bildirib. Həyətyanı sahələrini yenidən becərən, çiçəkləyən ağaclara baxıb fərəhlənən Ağayevlər üçün bu bahar təkcə fəsil dəyişikliyi deyil, həm də yeni bir həyatın, əbədi qayıdışın rəmzidir. Kəndin təmiz havasında körpə gülüşləri səsləndikcə, Ballıcanın hər bir daşı, hər bir çiçəyi sanki öz doğma sahiblərini salamlayır və bu qədim yurdun əvvəlki şöhrətinin bərpa olunacağından müjdə verir.

Əsgər Ağayev həyətdə əkib-becərdikləri gül-çiçəyi göstərib deyir: “Baxın, bu gülləri, çiçəkləri bura köç edəndə Gəncədən özümlə gətirib əkmişəm. Allah şəhdlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Ali Baş Komandana uzun ömür arzulayıram. Onların sayəsində Qarabağımızda məskunlaşmışıq. Həyətimizdə qızılgül və zanbaq növləri, pian, bənövşə və digər gül-çiçəklər var. Meyvə ağacları da əkmişəm. Qoy, şəhidlərin qanı tökülən bu torpaqlarda gül-çiçək bitsin”.

Həyətdə samovar qalanır. Baharın sərin mehi əsdikcə tüstülənən samovarın ətri insanın ruhunu oxşayır. Bizi evə, çay süfrəsinə dəvət edirlər. Süfrə arxasında keçmişin ağrılı xatirələri ilə bu günün sevinc dolu anları bir-birinə qarışır.

Əsgər Ağayev 1992-ci ildə torpaqlar işğal olunarkən məcburi köçkün düşdüklərini xatırlayır: “Köçkünlük illərində neçə rayon-şəhər gəzdik. Nəhayət, Hacıkənd qəsəbəsində məskunlaşdıq, 23 il orada yaşadıq. Çox ağır günlər keçirdik, əzizlərimizi itirdik. Daha sonra Gəncədə yaşadıq”.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində qazanılan Qələbə illərlə çəkilən həsrətə son qoyub. “Bu gün Qarabağımıza qovuşmuşuq. Burada evlə təmin olunmuşuq, qurub-yaradırıq. Şəhidlərimizin qanı tökülən torpaqlarda gül-çiçək bitiririk ki, ruhları şad olsun. Bu günləri bizlərə yaşadanlara borcluyuq”, - deyə o əlavə edir.

Söhbətə ailənin xanımı İlhamə Ağayeva da qoşulur. O, dövlətin onlara yaratdığı şəraitdən razılıqla danışır, Ballıcadakı yeni həyatın sevincini bölüşür: “Şükür bugünkü günümüzə. Rahat evimiz-eşiyimiz, hər cür şəraitimiz var. Hər şey gözəldir. Biz də çalışırıq ki, bu gözəlliyə rəng qataq. Həyətimizdə gül-çiçək əkirik, bağ-bağça salırıq”.

Söhbətimizin sonunda Əsgər kişi doğma yurda qayıdışın ən böyük sevincinin gələcək nəsillərin azad ruhlu böyüməsi olduğunu vurğulayır. "Bu gün övladlarımız Qarabağı görür, bu torpaqlarda rahat gəzirlər. Bizim ən böyük arzumuz budur: bayrağımız daima yüksəklərdə dalğalansın", - deyən Əsgər Ağayev sevincli günlərinin yaratdığı təəssüratı bizimlə bölüşür.

Ağayevlərin səmimi çay süfrəsindən ayrılıb, kəndin mərkəzinə doğru irəliləyirik. Burada ucalan üçrəngli Azərbaycan bayrağı sanki Əsgər Ağayevin az əvvəl dilə gətirdiyi arzunun vizual təsdiqidir. Bahar günəşi altında dalğalanan bu bayraq Azərbaycanın suverenliyinin, minlərlə soydaşımızın doğma yurduna əbədi qayıdışının, bu torpaqlarda dirçəlişin və əbədi azadlığın rəmzidir.

Müxbir – Tahir Ağaməmmədov

Избранный
1
1
azertag.az

2Источники