RU

"Yeni İranın lideri ola bilər" – ABŞ heyəti Qalibafın peşəkarlığına heyran qaldı

İslamabadda ABŞ və İran arasında keçirilən gərgin danışıqlardan sonra "Washington Post" (WP) qəzeti pərdəarxası məqamları işıqlandıran sensasiyalı məqalə dərc edib.

Musavat.com xəbər verir ki, məşhur köşə yazarı Devid İqnatius məlumatlı mənbələrə istinadən, İran Məclisinin sədri Məhəmməd Baqir Qalibafın amerikalı diplomatlarda dərin iz buraxdığını və peşəkar müzakirəçi kimi onları təəccübləndirdiyini yazıb.

Məlumata görə, danışıqlar ABŞ-ın vitse-prezidenti Cey Di Vens və Qalibafın qarşılıqlı sərt mövqeləri ilə keçib. Lakin saatlarla davam edən müzakirələrdən sonra Qalibafın nümayiş etdirdiyi üslub ABŞ nümayəndə heyətini təəcübləndirib.

Devid İqnatius yazır ki, Qalibaf amerikalıların gözündə sadəcə bir siyasətçi deyil, həm də nəfis və peşəkar bir müzakirəçi təsiri bağışlayıb. O, İranın maraqlarını müdafiə edərkən nümayiş etdirdiyi intellektual hazırlıqla Vens və heyətini təəccübləndirə bilib.

Məqalədə ən diqqətçəkən məqam isə ABŞ tərəfinin Qalibafa münasibətidir. Amerikalı diplomatların onu gələcək İranın potensial lideri və Qərblə dil tapa biləcək fiqur kimi gördükləri vurğulanır.

 Baxmayaraq ki, danışıqlar masası nəticəsiz dağılıb, hər iki tərəfin bir-birinin şəxsi keyfiyyətlərinə verdiyi bu "gizli qiymət" gələcək danışıqlar üçün yeni bir kanalın açıldığından xəbər verir.

Ekspertlər Qalibaf haqqında Qərb mediasında belə bir müsbət obrazın yaradılmasını Tehran daxilindəki siyasi balanslara təsir edə biləcək strateji gediş kimi qiymətləndirirlər. Görünən odur ki, İslamabad danışıqları rəsmən iflasa uğrasa da, fərdi səviyyədə bəzi "buzların əriməsinə" səbəb olub.

Musavat.com

Избранный
10
musavat.com

1Источники