RU

Jak Lakan: "Sevgi - olmayan bir şeyi olmayan birinə verməkdir..."

Kulis.az Əli Zərbəlinin "Kənd havası" hekayəsini təqdim edir.

S.B. üçün

Dari dari dari...

Bayram Kürdəxanlı

İyunun ortaları Həmid bərk xəstələndi. Bir həftə yataqdan qalxmadı. Gün boyu çarpayısında halsız uzanıb özü ilə danışır, xəstəliyinin səbəbini anlamağa çalışırdı. Düşdüyü vəziyyətdən heç cürə baş çıxara bilmirdi.

Gümrahlaşmağa başladığı günlərin birində, günortaya yaxın yuxudan oyandı və ona elə gəldi ki, xəstəliyinə ad tapıb. “Əsəblərim korlanıb”, qara-qara düşündü.
Axşamüstü anası ona yemək çəkəndə Həmid dedi:
–Mənim əsəblərim pozulub.
–Allah eləməsin, Həmid, cavan uşaqsan, əsəblərin niyə pozulsun – anası şəfqətli baxışlarını oğlunun narazı üzündə gəzdirdi – Bir az naxoşlamısan, yorulmusan. Şəhərin qaçhaqaçı, gecə-gündüz sərasər işləmək səni yorub. Maşallah, bax, bir həftəyə üzünə rəng gəlib.

Həmid universiteti bitirən kimi rayonlarındakı bankda işə düzəlmişdi. Dörd il rayonda işlədikdən sonra müraciət etdiyi sığorta şirkətindən qəbul alıb Bakıya köçmüşdü. Tez-tez cansıxıcı ofis mühitindən, işlərinin çoxluğundan, kağız-kuğuzla əlləşməkdən, tıxaclardan şikayətlənirdi. Günü işlə ev arasında keçirdi. Əvvəllər özünə qapanmağının səbəbini rayonun usandırıcı, boz mühiti ilə izah edirdi, ancaq sonradan gördü, yox, elə Bakıda da eyni vəziyyətdir. Burda da özünü ölüvay, həvəssiz hiss edir. Bilirdi ki, bu əhvaldan qurtulmalıdır, ancaq heç cürə qurtula bilmirdi.
–Bir də ki, adama nə olursa hərəkətsizlikdən olur – anası sözünə davam etdi –saatlarla bir yerdə oturub yerindən tərpənməyən adamın axırı necə olmalıdır? Özünə baxmırsan, rayona da gəlib-getmirsən ki, sənə yaxşı baxaq.
– Mənim iyirmi səkkiz yaşım var e. Durum hər həftə rayona gəlim ki, qeydimə qalasan?
–Hə, bax onu düz deyirsən. Bəs mən neçə vaxtdır sənə nə deyirəm? Sən yaşda adam gərək ev-eşik sahibi ola, qapısından uşaq səsi gələ. Bax elə subaylıqdır səni soluxduran. Adam nə qədər xəstələnər? Həftə səkkiz mən doqquz xəstəsən. Evli olsaydın, belə tez-tez xəstələnməzdin.
–Nə dəxli var? Harda yazılıb ki, subay adam çox xəstələnir? – Həmid üzünü turşudub şorbasını qarışdırdı.
–Gərək elə hardasa yazılsın? Bizim dünyadan xəbərimiz yoxdur bəyəm? Elə srağagün verlişdə bir həkim danışırdı...
–Yaxşı, yaxşı – Həmid anasının sözünü kəsdi.
–Nə isə… Günorta dayınla danışırdım. Dedi, göndər Həmidi yanıma kəndə, bir neçə gün qalsın burda. Havası dəyişsin, Bakının çirkli havasından, basabasından uzaqlaşsın, işdən nəfəsini dərsin.
Təklif Həmidin ağlına batdı. Bakının tıxaclarından, işin stressindən və gündəlik qayğılardan bir müddətlik də olsa uzaqlaşmaq fikri onu həyəcanlandırdı. Düşündü ki, elə ona lazım olan da budur. Təmiz hava, təbiət, sakitlik, qohum-qardaşla qaynayıb-qarışmaq.
Razılaşanda anası sevindi.

*

Avtobusun pəncərəsindən yay mənzərələrinə tamaşa etdikcə fərəhlənirdi. Kənddə, təbiətin qoynunda keçirəcəyi sakit günləri xəyal edirdi: sıx, hündür ağacların kölgəsində gəzişmək, quşların səsi, torpağın, təzə biçilmiş otun ətri…

Lakin çox keçmədi, başının içindəki səs – bu, onun öz səsi idi – qanını qaraltdı. Özünü məzəmmət etməyə başlamışdı. Niyə belə fərasətsiz idi? Necə olmuşdu ki, indiyə qədər özünə bir qız tapmamışdı? Hər dəfə harda səhv edirdi? Düşündükcə, hamıdan gizlətdiyi həqiqət yadına düşdü və utandı. İyirmi səkkiz yaşında da bakir olar? Bu uzun illər ərzində bircə qadınla belə olmamaq üçün adamın bacarıqsızlığı hansı səviyyədə olmalıydı? Xəcalətdən üzü qızardı. Özünə qapanmağının, fikir etməyinin və ən əsası insanlardan uzaqlaşmağının başlıca səbəbi elə bu utancverici həqiqət deyildimi?

Köks ötürüb arxaya söykəndi, kələ-kötür yollardan keçdikcə avtobusun salonunda yırğalanan başlara bir müddət boş-boş baxıb gözlərini yumdu.

*

Həmid kəndə sonuncu dəfə dayısı qızı Nigarın toyunda gəlmişdi. İndi Nigarın iki yaşlı oğlu var idi.
Darvazanın qapısını açanda dayısı Qəşəm həyətdə idi. Göyərti ləklərini sulayırdı.
–Oho, bu kimdir belə! – Qəşəm rezin borunu sol əliyə tutub sağ əlini bacısı oğluna uzatdı – Xoş gəlmisən, Həmid. Haralardasan? Bağdaddakı cır alçaya dönmüşdün? – sözünü bitirib boğuq səslə güldü, boğazındakı xırıltı öskürəyə çevrildi – Keç içəri, pomidorları da sulayım gəlirəm.

Qəşəm kəndin ən məşhur, ən qabiliyyətli pinəçisi idi. Atasından qalmış qaraja əl gəzdirib özünə xudmani pinəçi dükanı düzəltmişdi. Qara skoçdan kəsdiyi hərfləri ağ plastik lövhəyə yapışdırıb (“Ayaqqabı təmiri”) qarajın açıq qapısına söykəmişdi.

Həmid divarları xalçalarla örtülmüş evə girəndə burnuna sirkə, sarımsaq qoxusu doldu. Dayısı arvadı Firuzə mətbəxdə badımcan şorabası bağlayırdı. Qapı səsinə boylananda Həmidi gördü, işini yarıda qoyub onu qarşıladı, altına stul çəkdi, qabağına çay qoydu.

Bir az sonra Qəşəm iplərindən dəstələdiyi bir cüt cındırı çıxmış çəkmə ilə içəri girdi. Çəkmələri qapının kənarına qoyub masaya keçdi.
–Bacı oğlu, niyə gəlib dayıgilə dəymirsən? – masadakı çörək səbətindən bir tikə çörək qoparıb ağzına atdı, çeynəyə-çeynəyə mətbəxə boylandı, – Yol gəlmisən, yemək ye, dincini al, sonra istəsən çıx fırlan, bir az təmiz hava ud. Saat altıda-filan işimi qurtarım, həyətdə qəşəng bir kabab çəkək.

Firuzə içindən buğ qalxan boşqabları masaya qoydu. Toyuq çığırtması bişirmişdi. Həmidin toyuq çığırtmasından ötrü ürəyi gedirdi.

Yemək əsnasında dayısı o ki var danışdı. Söhbətindəki əlaqəsizlikdən qətiyyən narahat görünmürdü. Yadına təsadüfən nə düşdüsə ondan danışırdı. Gah kürəkənin təzə iş yerindən, gah bildirki quraqlıqdan, gah da dünən yuxuda gördüyü əsgərlik yoldaşından danışdı. Həmid qətiyyən narazı deyildi. Yeməyindən zövq ala-ala başını tərpədib yeri gəldi-gəlmədi gülümsəyirdi. Hər halda bu, ona tuşlanmış sualları cavablamaqdan daha arzuolunan idi. Yeməkdən sonra Qəşəm qapının kənarına qoyduğu çəkmələri iplərindən qaldırdı və qaraja yollandı.

Həmid otağa göz gəzdirəndə nəzərləri servantdakı kiçik rəqqasə heykəlciyinə ilişdi.Rəqqasə bir ayağı havada, başını arxaya atmışdı, əlləri mavi çiçəklərlə bəzənmiş dalğalı ətəyində idi. Həmid ağlı kəsəndən heykəlciyi burda görmüşdü. Ayağa qalxıb servantın şüşəsini sürüşdürdü, heykəlciyi götürüb yan-yörəsinə baxdı. Bu heykəlcik bura necə gəlib çıxmışdı? Kimdən, nə vaxtdan qalmışdı? Ona elə gəldi ki, bu sualları ev sahiblərindən soruşsa, cavabını onlar da bilməyəcək. Gözünü heykəlcikdən çəkmədən yerinə qoydu. Birdən-birə içinə qəribə bir rahatlıq, arxayınlıq çökmüşdü.

– Firuzə bibi, mən çıxıram, bir az gəzəcəm – mətbəxə səsləndi və evdən çıxdı.

*

Hər yerdən uşaq səsləri, it hürüşləri eşidilirdi. Çayxanaların yanından keçdi, ağacların kölgəsində nərd atıb vaxt öldürən adamlara nəzər saldı. Bir neçə yerdə burnuna yanmış peyin iyi doldu. Yolda ora-bura qaçışan, ağaca dırmaşan nadinc uşaqlara, ot biçən, heyvan otaran kişilərə, bulaqda xalça sürtən qadınlara rast gəldi. Məşğul olmaqlarına baxmayaraq hamının üzündə qəribə bir dinclik vardı. Həmid qarşısına çıxan kəndlilərə baxaraq özü üçün mızıldandı: “Bakıda hamının üzündən zəhrimar yağır.”

Qərara aldı ki, kənddəki şəlaləni görməyə getsin. Yolüstü, söyüdün kölgəsində siqaret çəkən cavanlara başı ilə salam verəndə onlardan biri gözlərini qıyıb dedi:
– Həmid?

Həmid diqqətini cəmləyib oğlanlardan hansının onun adını çağırdığını müəyyən etməyə çalışdı. Onlardan biri qabağa çıxıb yaxınlaşanda Həmid oğlanı dərhal tanıdı. Dayısıgilin qonşusu Nicat idi. Məktəbdə oxuyanda, dayısıgilə gediş-gəlişi müntəzəm olan vaxtlarda Həmid Nicatla dostlaşmışdı. Kəndə gələn kimi Nicatgilin darvazalarının qabağında dayanıb onu səsləyərdi. Dayısı da həmişə Nicatdan razı idi. Çox qabiliyyətli, mərifətli oğlandır, deyərdi. Sonradan Həmid universitetə girib Bakıya köçəndə, dayısıgilə gediş-gəlişi seyrəkləşdi. Beləliklə Nicatla aralarındakı münasibət demək olar kəsildi.

Sonuncu gəlişində – dayısı qızının toyunda – Həmid Nicatı ətrafdakılardan xəbər alanda öyrənmişdi ki, Nicat Maxaçqalaya işləməyə gedib.

Köhnə tanışlar hal-əhval tutdular, elə ayaqüstü son görüşlərindən bəri həyatlarında nə baş verdiyini bir-birilərinə danışdılar.O vaxtdan həyatlarında elə çox bir şey dəyişməmişdi. Həmid Bakıda təzə iş tapmışdı, Nicat da Maxaçqalada iki il işləyib qayıtmışdı. Bir neçə aydır, iş-gücü yox idi.
–Hara gedirdin? – Nicat soruşdu.
–Şəlaləyə gedirdim. İstəyirsən bir yerdə gedək.
–Gedək də, qardaşım – Nicat dedi və söyüdün altında dayanıb onlara tamaşa edən dostuna işarə etdi – Elnur da gəlsin. Elnuru tanıyırsan da?
Həmid gözlərini qıyıb bəstəboy, dolu oğlana baxdı.
–Tanıyıram. – Həmid dedi və dərhal əlavə etdi – Tanıyıram deyəndə ki, elə səninlə görmüşəm də.
–Yaxşı oğlandı Elnur – Nicat dedi və əl eləyib onu yanlarına çağırdı.

Elnur doğuşdan lal idi. Kənddə onu hamı Lal Elnur kimi tanıyırdı. Fağır, avam görkəmi vardı. Gözləri həmişə gülürdü. Evlərinin yanında özünə xudmani bir yer tikib bərbərlik edirdi.
Yola düzəldilər. Nicat “Maxaçqalada başıma gəlməyən qalmadı” deyib yol boyu nəfəsini dərmədən danışdı. Nicat həmin Nicat idi. Ucadan danışıb, ucadan gülürdü. İri gözlərindən həyat fışqırırdı. Onun yanında hamı ölüvay görünürdü. Elnur da öz dünyasında idi. Əlləri cibində göyə baxa-baxa onların arxasınca gəlirdi.
Dağ cığırları ilə irəlilədikcə Həmid qarşısına çıxan bənzərsiz mənzərələrə heyranlıqla tamaşa etdi. Ətrafda kənd sakinlərinin qurduğu balaca istirahət guşələri gözünə dəydi. Bal, mürəbbə, doşab, bitki çayları satan kəndlilərə gülümsədi.

Ensiz dağ yolu ilə qalxdıqca Həmidin üzü gülürdü. Necə darıxmışdı buralar üçün… İndi özünü yenidən möcüzəli bir aləmdə hiss edirdi. Hər tərəf yamyaşıl idi. Dağ çayını iri daşların, ağac kötüklərinin üstünə basaraq keçdilər. Uzaqdan şəlalənin şırıltısı şirin bir vəd kimi eşidilirdi.

Şəlaləyə çatanda Həmid xeyli yorulmuşdu. Çatan kimi özünü su damcılarının altına verdi, əllərini isladıb üzünə, boynunun arxasına çəkdi. Sonra oturub mamırlı qayalardan süzülərək axan şəlaləyə tamaşa etdi, şəlalənin sakitləşdirici şırıltısından zövq aldı. Dərindən nəfəs alıb torpaq və mamır qoxan təmiz havanı ciyərlərinə çəkdi.

Nicat təklif etdi ki, yaxınlıqdakı çayxanada bir çay içsinlər. Meşənin içinə doğru irəliləməyə başladılar. Burada meşəlik elə sıx idi ki, əraziyə çox az gün işığı düşürdü. Bir az qarşıda, nisbətən geniş bir əraziyə səpələnimiş ağ, plastik masalara çatıb oturdular. Həmid uzaqdan görünən dağlara, yamyaşıl meşəliyə baxa-baxa düşündü ki, indi bu mənzərələrə təkbaşına baxsaydı daha çox zövq almış olardı. Sonra belə düşündüyünə görə özünü danladı. Ki, gərək qaynayıb-qarışsın, içini didən qaramatlıqdan qurtulsun, içinə qapansa, dinib-danışmağa həvəs göstərməsə, özünü daha da pis edəcək. Başının içindəki səslə qısa dialoqdan sonra diqqətini Nicatın söhbətinə verdi. Nicat Maxaçaqalada yatdığı qızlardan danışırdı. Qızlar haqda qısa giriş verib, ekranı bir neçə yerdən çatlamış “Samsung”unu Həmidə uzadır, şəkillər göstərirdi. Elnur da hər dəfəsində ekrana boylanır, başını tərpədib avam-avam gülümsəyirdi, yəni bunları mən də görmüşəm. Şəkillərdəki qızlar çox gözəl idi. Həmid inana bilmirdi ki, Nicat bu qızları çılpaq görüb, onlarla sevişib. Nicat gözləri parıldaya-parıldaya bir ekrandakı qızlara, bir də Həmidin üzündəki ifadəyə baxırdı.

Nicat telefonu ekranı üstə masaya qoydu. Çayından bir qurtum alıb sualedici nəzərlələ Həmidə baxdı.
–Bakıda vəziyyət necədir? Nə hoqqalardan çıxırsan oralarda? – bic-bic soruşdu.
–Hoqqa? Nə hoqqası ?
–Qız-mız mənasında deyirəm də – Nicat güldü.
Həmid söhbəti dəyişib təzəlikcə sağaldığı müəmmalı xəstəliyindən, Bakının tıxaclarından, işdəki cansıxıcı ab-havadan danışdı.
–Əşi, ürəyini sıxma – Nicat dedi – düzələr.

*

Qəşəm qarajdan qayıdanda Nicat və Elnuru darvazanın qabağında Həmidlə görüb onları da içəri çağırdı. Qollarını çırmalayıb manqalı təmizlədi, kömürü közərtdi, marinə edilmiş tikələri şişə çəkə-çəkə yaxşı kababın sirlərindən, peşəkar toxunuşlardan danışdı. Manqal başında Nicat ona kömək edirdi, Elnur da quyruq kimi dostunun arxasında gəzirdi. Qəşəm samovar işini də Həmidə tapşırdı. Həyətin bir küncündən bir yeşik çıl-çırpı çıxarıb başı ilə samovara işarə etdi:
–Samovar da sənlikdi, bacı oğlu.

Kabab hazır olanda həyətdəki xudmani masaya əyləşdilər, sumaq və bol soğanlı qazandakı ətlərə girişdilər. Qəşəm masaya araq qoydu. Əvvəlcə, Həmid içmək istəmədi. ancaq dayısı təkid etdi.
–İki həftədən bir xəslənirsən, sınıxmısan, yorulmusan. Bilirsən niyə? – rumkaya araq süzüb Həmidin qabağına qoydu - Çünki vaxtaşırı mikrobları öldürmürsən. Başa düşdün, bacı oğlu? Bir də ki, evlənmək lazımdır. Kişilər uşaq kimidir. Kişi evlənməsə elə uşaq kimi də qalır. Tez tez xəstələnir, bezir, zarıyır. Düz demirəm, Nicat?
–Qəşəm əmi, siz nə deyirsinizsə, düz deyirsiniz.
–Mən sizin yaşınızda olanda üç uşaq atası idim. Nigarın da səkkiz yaşı vardı –Qəşəm sözünü bitirib baxışlarını bir-bir hamının üzündə gəzdirdi və rumkasını qaldırdı – Nəysə. Xoş gəlmisiniz, cavanlar. Sizin sağlığınıza!

*

–Bacı oğlu, özünü necə hiss edirsən? – Qəşəm hər dəqiqədən bir sərxoş gözlərini Həmidə dikib ağzını marçıldada-marçıldada soruşurdu, – kənd havası üçün darıxmışdın? – deyib hırıldayırdı.

Həmid güc-bəla ilə içdiyi dörd rumkadan sonra hər şeyi bulanıq görməyə başlamışdı. Dayısı Kutaisidə keçirdiyi əsgərlik günlərindən danışırdı. Danışarkən arabir qəfil donub işarə barmağını qaşının üstünə qoyur, uzun illər əvvəl gürcü dilində öyrəndiyi sözləri yadına salmağa çalışırdı. Nicatın başı telefona qarışmışdı. Rumkasını toqquşdurub başına çəkəndə də bir gözü süfrədəki telefonda idi.

İkinci butulkadan sonra Qəşəm cavanlığında qafiyələdiyi, hələ də əzbər bildiyi nakam sevgidən bəhs edən üçbəndlik şeir dedi. Şeirə heç kim qulaq asmadı.

*

Qəşəm köpmüş qarnını tumarlaya-tumarlaya masadan qalxıb yatmağa gedəndə Nicat üzünü Həmidə tutdu:
–Həmid, bəlkə çıxaq gəzək bir az?

Həmid dərhal razılaşdı. Özünü yaxşı hiss etmirdi, ürəyi bulanırdı. Onlar ay işığının azca aydınlatdığı gecədə gəzməyə çıxdılar. Nicat siqareti siqaretə calaya-calaya, kimləsə yazışırdı. Elnur da onlardan bir az arxada yerdən tapdığı budağı əlində oynada-oynada gəlirdi. Ətraf səssizlik idi, təkcə cırcırama səsləri, bir də arabir it hürüşləri eşidilirdi. Nicatın başının telefona qarışmağı Həmidin ürəyindən idi. İndi, nə danışmaq əhvalında idi, nə də kiməsə qulaq asmaq. Eləcə dumanlı başla sakit-sakit gəzmək, təmiz havadan ləzzət almaq ona bəs idi. Həmid siqaret çəkən olmasa da, Nicatdan siqaret istədi. Siqaretdən üç-dörd qullab aldı, tütün boğazını qıcıqlandırdı. Öskürəyini boğaraq Nicata gözucu baxdı, yarımçıq çəkdiyi siqareti yerə atıb dabanı ilə əzdi. Bir xeyli dinib danışmadan yol getdilər. Günorta təsadüfən rastlaşdıqları yerə çatmışdılar. Həmid söyüdü görəndə niyə görəsə sevindi. Nicat nəhayət telefonu cibinə dürtdü. Dərin bir ah çəkib siqaret yandırdı.
–Qonşu kəndə dəyib gələ bilərik? – Nicat birdən soruşdu.
–Qonşu kəndə?
–Burdan buradır e. On beş dəqiqəlik yoldur.
–Niyə? Bu vaxtı qonşu kəndə niyə?
–Bir qız var...
–Gecə vaxtı qıza görə içkili-içkili durub qonşu kəndə getmək istəyirsən?
–Sən də qəribə sual verirsen e. Gecə vaxtı adam qonşu kəndə nə üçün getsin bəs?
–İçkiliyik, başımıza iş gələr.
–Yaxşı görək, ağciyər olma, burdan buradır deyirəm. Ora mən gözübağlı gedib gəlirəm.
Həmid heç nə demədi. Deyə bilmədi. İstədi desin ki, onda siz gedin, mən qayıdım evə yatım, yorğunam, başım ağrıyır, amma demədi, özünə sığışdırmadı.
–Elnur maşını götürsün, gedək, hə? Burdan buradır – Nicat başı ilə qeyri-müəyyən bir istiqamət göstərdi.
–Elnur piyan deyil?
–Deyil.
–Necə yəni?
–Narahat olma. O, piyan olmur.

Həmid duruxdu. Qaşlarını çatıb Elnura baxdı. Elnur öz dünyasında idi.
Nicat əl-qolu ilə Elnura nəsə izah etməyə başladı. Həmid havada uçuşan jestlərdən təkcə maşın sükanını başa düşdü. Elnur sevinə-sevinə başını tərpətdi, baş barmağını havaya qaldırıb “əla” göstərdi.
Elnur çevrilib tələsərək qaranlıqda gözdən itdi. Həmidlə Nicat söyüdün altında dayandılar. Nicat telefonu qulağına qoyub siqaret yandırdı və asta-asta vargəl etməyə başladı. Çox asta səslə, demək olar pıçhapıçla danışırdı. Görəsən danışdığı adam onun səsini necə eşidə bilir? – Həmid düşündü.

Çox keçməmiş boyası tökülmüş, ağ “nol on bir” gəlib qabaqlarında saxladı. Nicat telefonu cibinə qoyub Həmidə göz vurdu:
–Getdik!
Maşın tırıldayıb yola düşər-düşməz Bayram Kürdəxanlının çatlamış torpaq kimi quru səsi salona doldu. Həmid arxa pəncərəni açmaq istəsə də aça bilmədi, Nicat onun pəncərə ilə əlləşdiyini görüb dedi:
–O pəncərə açılmır. Çatırıq da, burdan buradı.
Nicat bir az sonra barmağını uzadıb uzaqda bir yer göstərdi.
–İki həftə əvvəl o dağda canavar leşi çıxdı qabağımıza.
Elnur dostunun nədən danışdığını təxmin etdi və qabaq güzgüdən Həmidə baxaraq başı ilə təsdiqlədi.
–Canavar da olur buralarda? İlk dəfədir eşidirəm – Həmid təəccübləndi.
–Olanda olur. Gəlib getmirsən də, bəzi gecələr ulartıları evə kimi gəlir.
Həmid hər yeri udmuş zülmətə baxa-baxa ürəyində özünü söyməyə başlamışdı.
–Həmid söhbət elə də, niyə səsin çıxmır? – Nicat arxaya çevrildi.
–Yorğunam – Həmid həvəssiz-həvəssiz dedi.
–Gözlə bir az, yorulmaq üçün hələ tezdi – Nicat ona göz vurub üzünü qabağa döndərdi.
Təxminən on beş dəqiqə sonra faraların işığı “Seyrangah kəndi” yazılmış lövhənin üzərində sayrışdı. Həmid adda-budda səpələnmiş evlərə nəzər sala-sala soruşdu:
–Çatdıq?
–Hə. Dedim də sənə burdan buradır.

Kəndə girəndən beş dəqiqə sonra Elnur maşının sürətini azaltdı, hündür ot tayaları cərgələnmiş əraziyə girib saxladı. Həmid onların maşından düşdüyünü görəndə özü də düşdü.
Nicat siqaret yandırıb dedi:
–Başınızı qatın gəlirəm.

Çevrilib telefonu qulağına tutdu və qaranlıqda gözdən itdi.
Həmid düşdüyü əcaib, gözlənilməz vəziyyətə görə özünə bərk acıqlanmışdı. Elnur siqaret yandırıb damağına qoydu və maşının yan-yörəsinə göz gəzdirdi, təkərləri yoxladı. Maşının qapısını açıb başını içəri soxdu, nəsə axtardı, əlində fanar başını çölə çıxardı və kapotu açıb qurdalanmağa başladı.

Həmid hər dəfə onunla göz-gözə gələndə özünü gülümsəməyə məcbur edirdi. İlk dəfə idi, lal bir adamla tək qalmışdı. Nə etməli olduğunu bilmirdi. Nəzərləri növbəti dəfə toqquşanda Elnur ona əllərilə nəsə deməyə çalışdı, boğazından anlaşılmaz səslər qopdu. Sonra təzədən kapota tərəf əyildi. Həmid onun nə işlə məşğul olduğuna baxmaq üçün yanına yaxınlaşdı. Elnur üzünü ona tutub qaşlarını qaldırdı, yenə əllərini havada oynadıb nəsə izah eləməyə başladı. Həmid bir ona baxdı, bir də mühərrikə. Elnur Həmidin başa düşmədiyini sezib əlini havada yellətdi, avam-avam gülümsədi, yəni, eybi yox, boş şeydir.
Hava xeyli sərinləmişdi. Həmid maşına söykənib qaranlıqda ucalan hündür ağaclara dalğın-dalğın baxaraq əsnədi. Boş-boş gözləməkdən ürəyi darıxanda Elnura havanın soyuduğunu lal dilində izah etməyə başladı. Əllərini bir-birinə sürtdü, sonra ağlına başqa bir jest gəldi. Qollarını çarpaz şəkildə qatlayıb çiyinlərini ovuşdurdu. Özünün astadan “soyuqdur” dediyini eşitdi. Elnur dodaqlarını sallatdı, üzü narazı ifadə aldı, Həmidin etdiyi hərəkəti təkrarlardı. Həmid əlində xəyali siqaret tutub dodaqlarına yaxınlaşdırdı. Elnur başa düşdü ki, o siqaret istəyir, cibindən siqaret qutusunu çıxarıb ona uzatdı. Həmid bir gilə götürüb damağına qoydu və əlini siqaretin ucuna tutaraq baş barmağını büküb açdı. Elnur cibindən yandıran çıxarıb onun siqaretini yandırdı və gülümsədi. Həmid siqaret çəkə-çəkə maşnın həndəvərində gəzişdi, ətrafdakı ot tayalarına baxdı, mehdə titrəyən yarpaqların xışıltısına qulaq verdi.

Elnurun başı maşına yaman qarışmışdı. Həmid Nicatın gözdən itdiyi istiqamət doğru addımlamağa başladı. Cərgələnmiş tayaları keçib sola boylananda içindən zəif işıq süzülən balaca ev gördü. İçini maraq bürüdü. Kolların arasından sivişib bir az da yaxınlşamışdı ki, qapı cırıltsı eşitdi. Cəld geriyə çevrilib gəldiyi yerə tələsdi.
Nicat siqaret tüsdülədə-tüsdülədə gəlirdi. Kefi kök görünürdü. Elnur onun gəldiyini görüb kapotu bağladı. Nicat çatan kimi qollarını yana açdı və ürəkdən:
–Mən hazır – deyib hırıldadı.
Elnura yaxınlaşdı. Kürəyinə vurub başı ilə gəldiyi istiqamətə işarə etdi. Elnurun gözləri parıldadı, həvəslə yeriməyə başladı və qaranlıqda gözdən itdi.
Həmid çaş-baş qalmışdı. Qaşlarını düyünləyib Nicata baxdı:
–O, hara getdi?
Nicat maşının qapısını açıb oturdu, ayaqlarını yerə basdı.
–Pulu vermişəm. Elnur gəlsin, sən də gedərsən.
–Nə? – Həmid diksindi.
–Tez gələcək, narahat olma – Nicat Həmidə fikir vermədən şit-şit güldü və arxaya uzandı, qollarını başının arxasında daraqladı.
İyirmi dəqiqədən az olardı, çox olmazdı ki, Elnur uzaqdan göründü. Maşına çathaçatda baş barmağını havaya qaldırıb “əla” işarəsi tutdu. Həmid gözlərini qaçıraraq yalandan gülümsədi. Üzünü maşına çevirdi. Nicatdan səs-səmir yox idi.
–Nicat? – Həmid astadan səslədi.
Nicat maşından çölə çıxdı, gözlərini ovuşdura-ovuşdura Həmidə dedi:
–Davay, Həmid. Tayaları keçib sola burulacaqsan. Get, gəl, düzələk yola. Yaman yuxu basdı məni.

Həmid sarsılmış görünürdü. Tərəddüdlü addımlarla onlardan uzaqlaşdı. Tayaları keçdi, sola dönüb kolların arasından sivişdi və evə doğru addımlamağa başladı. Həyəcandan tir-tir əsir, verdiyi qərarı çək-çevir edə-edə dodaqaltı mızıldanırdı. Getmək istəyirdi? Niyə getməyəydi ki? Nə etməli idi, deməliydi ki, getmirəm?

Həmid evin hasarlı qapısına çatanda birdən ayaq saxladı. Ani qərarla geri qayıdıb yolayrıcında, qaranlıqda bir yerdə dayandı. Görəsən neçə dəqiqə olardı yola düşdüyü? Beş? Daha çox? Bəlkə daha az?
Fikirləşməkdən başı şişmişdi. Niyə özünü belə gülünc vəziyyətə saldı? Niyə vaxtında getmək istəmədiyini demədi? Ələ salınacaqdı? Nə var burda, deyərdi ki, mənim belə şeylərlə aram yoxdur. Necə şeylərlə? Yəni, fahişə-filan yanına getmək mənlik deyil. Məsxərəyə qoyulacaqdı? Indi necə olacaq guya? Nicat vəziyyətdən xəbər tutanda necə olacaq? Haqqında Allah bilir nə fikirləşəcək. Belə çıxır, gərək bir də buralara ayaq basmasın?

Yerində dikilib özünü inandırdı ki, indi heç nə haqda düşünməməlidir. Fikrini yayındırıb vaxtın keçməyini gözləməlidir. Başını göyə qaldırıb sayrışan ulduzlara, budaqların arasından görünən bütöv Aya tamaşa elədi. Ayın üzündəki ləkələri heç vaxt bu qədər aydın görməmişdi.

Telefonunu çıxarıb tez-tez saatı yoxlayır, hər dəfəsində vaxtın necəsə sürətli keçməyinə ümid edirdi. Heyva ağacından qopardığı yarpağı əllərində didişdirə-didişdirə ətrafa davamlı göz qoyub yoxlayırdı. Çox sayıq idi. Sərxoşluğundan əsər-əlamət qalmamışdı. Qulağına güclə çatan hər xışıltıya, tıqqıltıya diksinib boylanırdı.

Təxminən on beş-iyirmi dəqiqə tamam olanda hərəkət etməyə başladı, ot tayalarının göründüyü istiqamətə üz qoydu. Tayaları keçib maşına çatdı.
–Nə oldu, Həmid, harda qaldın – Nicat bic-bic hırıldadı.

Həmidin özünə də maraqlı idi ki, görəsən indi üzündə hansı ifadə var. Görəsən gözlərində nə həkk olub? Kənardan necə görünür?

Nicat əsnəyib maşına oturdu. Elnur dostunun oturduğunu görüb sükan arxasına keçdi.

Nicat yol boyu xoruldadı. Həmidin ürəyi tarıma çəkilmişdi. Başa düşməkdə çətinlik çəkdiyi hisslər boğazında düyünlənmişdi.

Kəndə çatanda Elnur əvvəlcə Qəşəmgilin darvazasının qabağında saxladı. Gözlərini qırpıb Həmidə avam-avam gülümsədi. Həmid başını tərpədib maşından düşdü, astadan darvazanın qapısını açdı. Tırıltı səsləri getdikcə uzaqlaşıb eşidilməz oldu.

Həmid telefonunun işığında yolunu birtəhər tapıb döşəmədə salınmış yerinə yaxınlaşdı. Corablarını çıxarıb uzandı. Bir müddət gözünə yuxu getməsə də, nəhayət yata bildi. Yuxuda rəqs edən qadın heykəlciyini gördü.

Избранный
6
kulis.az

1Источники