RU

Macar oğlu getdi, yerinə Macar gəldi – Orban bizə pis olmamışdı

Gözlənilən baş verdi: Avropa Macarıstanda Rusiyaya qalib gəldi, hakimiyyət dəyişikliyinə nail oldu.

Dünən keçirilən parlament seçkilərinin nəticələrinə görə, ruspərəst baş nazir Viktor Orbanı Avropayönlü siyasətçi Peter Macar (transkripsiyaya görə onun soyadı məhz bu cür yazılmalıdır) əvəz edəcək.

Orban Rusiyanın Avropadakı ən xas adamıydı, RF prezidenti Putinin şəxsi dostu idi, Ukraynaya qarşı mövqeyində çox sərt idi.

O, bu xüsusda hətta Rusiyanın sadiq müttəfiqi Belarusun lideri Aleksandr Lukaşenkodan da ötəydi. Lukaşenkonun Ukraynaya dair ritorikasında mülayim ifadələr tapmaq olardı, Orbanın danışığında - əsla.

Orban təkcə Ukrayna və Zelenskiyə qarşı neqativ danışmaqla qalmırdı, Avropa İttifaqının bu ölkəyə yardımlarına da əngəl törədirdi. O, Rusiyanın Ukraynaya qalib gəlməsini Putin qədər istəyirdi.

Avropa İttifaqının aparıcı dövlətlərinin Viktor Orbana münasibətinin çox sərt olmaması sezilirdi. Onu bəyənmirdilər, tənqid edirdilər, amma Macarıstanın Aİ üzvü olaraq birliyin fəaliyyətini sabotaj etməsinə dözürdülər.

Bəzən Aİ üzvü olan kiçik ölkələrin diplomatları Macarıstanın Aİ üzvlüyünün dondurulması təşəbbüsü ilə çıxış etsələr də, “böyük” dövlətlər radikal tədbirlər görmək istəmirdilər.

Bu siyasətin mahiyyəti dünənki seçkilərin nəticələri ilə açılmış oldu. Kollektiv Avropa gözünü bu seçkiyə dikibmiş, Macarıstanı itirməkdənsə, Orbanı məğlubiyyətə uğratmağı planlayıbmış.

Budur, Macarıstan Aİ üzvü olaraq qalır, amma artıq onu V.Orban yox, P.Macar idarə edəcək və o, Avropa ölkələrinin total siyasətinə maneçilik törətməyəcək.

V.Orbanın növbəti dəfə qələbə qazanmaması ən çox Ukraynaya sərf edir. Bu, Kiyevin qarşısındakı bağlı qapılardan birinin açılması deməkdir.

Amansız hərbi irticaya məruz qalmış Ukraynanın qolunun üstündən vuranlardan biri də Slovakiya və onun baş naziri Robert Fikodur. Yəqin ki, Orbanın siyasi aqibəti Fiko üçün ibrət dərsi olacaq və o, Aİ daxilində, eləcə də Ukraynaya yönəlik siyasətində korrektələr edəcək.

Ancaq biz Orban məsələsinə bir də Azərbaycan və Türk Dövlətləri Təşkilatının mənafeləri prizmasından baxmalıyıq.

V.Orbanın Azərbaycna münasibəti dostcasına idi. Vaxtilə ermənilərin total təqib kampaniyası apararaq Macarıstanda ömürlük həbs cəzasına məhkum etdirdiyi hərbçimiz Ramil Səfərovun ölkəmizə ekstradisiyası məhz onun iradəsi ilə baş tutub.

Başqa biri baş nazir olsaydı, Avropanın qorxusundan R.Səfərova qarşı sərt mövqe sərgiləyəcəkdi və hərbçimiz Macarıstanda haqsız yerə həbs cəzası çəkməli olacaqdı. Çünki Avropada yaşayan ermənilər onun taleyini pis düyünləmişdilər.

Orban isə Azərbaycan tərəfinin arqumentlərinə sayğı ilə yanaşdı, həmin işdə xeyli yüngülləşdirici detallar olduğunu, cəzanın törədilmiş əmələ uyğun olmadığını nəzərə aldı, özünü ötkəm apardı və R.Səfərova qarşı haqq-ədalətin bərpasına yardımçı oldu.

Bundan başqa, Orban Macarıstanı TDT-nin fəal üzvlərindən birinə çevirmişdi, ölkəsinin türk kökənli hunların törəmələri olduğuna inanırdı. (Yeri gəlmişkən, Macarıstanın beynəlxalq arenada adı məhz “Hunqari”dir). Bu üzdən idi ki, Macarıstan TDT çərçivəsində keçirilən mədəni, siyasi tədbirlərdə, idman yarışlarında həvəslə iştirak edir, türk dövlətləri ilə əlaqələrini ilbəil genişləndirirdi.

İndi Peter Macar baş nazir kürsüsünə oturandan sonra güman ki, Macarıstanın köklü Avropa ölkəsi olaraq Aİ ilə münasibətlərini qaydaya qoymağa, Avropa dəyərlərini prioritet saymağa başlayacaq, Avropa xalqları ilə qaynayıb-qarışmağa üstünlük verəcək.

Əslində V.Orbanın Avropa ölkələri ilə dirəşməkdə əsl məqsədi Avropadan öz ölkəsinin mənafeyi üçün maksimum istifadə etmək idi. Onun Rusiya və TDT ilə yaxınlaşmaqda da əsl niyyəti bu müttəfiqlik büsatlarından macar xalqının rifahı üçün yararlanmaqdı.

Maraqlıdır ki, ABŞ prezidenti Donald Trampın V.Orbana xüsusi simpatiyası var. Bu, bir tərəfdən Trampın öz iradəsini yeritməyi üstün tutan liderlərə rəğbət bəsləməsinin göstəricisi idisə, digər tərəfdən, Orbanın diplomatik məharətinin nəticəsiydi.

Ancaq sonda onun xarizması, məharət və qabiliyyəti işə yaramadı. Bu, ona görə baş verdi ki, Macarıstan Avropa ölkəsi, macarlar Avropa xalqıdır. Bu qitədə avtoritar lider olaraq bir neçə müddət uğur qazanmaq olar, ancaq sonra rəhbər şəxs ağzı ilə quş tutsa da, seçicilər ali sarayda yeni bir siyasətçini görmək istəyəcəklər.

Macarıstanda məhz bu proses getdi. Orban 5 dəfə baş nazir seçilmişdi və 16 il idi ki, ölkəni idarə edirdi. Açığı, o öz görünüşü, hikkəli ritorikası ilə insanları, necə deyərlər, bezdirmişdi.

Yəni, bu şəxsin hakimiyyətdən getməsinin bəzi ölkələr üçün müsbət, bəzi ölkələr üçün isə mənfi tərəfləri var. Təki iş başına yeni gələnlərin fəaliyyəti macar xalqına, Avropaya faydalı olsun və bizimlə də yaxşı münasibətləri qoruyub saxlasınlar.

 

Избранный
36
musavat.com

1Источники