RU

ATU və DAAB əməkdaşlığa başlayır

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycan Tibb Universiteti (ATU) ilə Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) arasında rəsmi əməkdaşlığı dəstəkləyən anlaşma memorandumu imzalanıb.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, universitetin rektoru, professor Gəray Gəraybəyli və DAAB-ın sədri, professor Məsud Əfəndiyev tərəfindən imzalanan sənəd təhsil, elm və mədəniyyət sahəsində qarşılıqlı, faydalı əməkdaşlığın təşkili və inkişafını nəzərdə tutur. Bundan əlavə, memorandum birgə elmi və tədqiqat proqramları, layihə və işlərin icrasını dəstəkləyir. Eyni zamanda, müxtəlif sahələr üzrə, o cümlədən elmi tədqiqat, alim və mütəxəssislərin peşəkar inkişafı, akademik və inzibati heyətin, bakalavr, magistratura və rezidentura tələbələrinin mübadiləsi və digər istiqamətləri ehtiva edir.

Anlaşma mərasimində əməkdaşlığın müxtəlif aspektləri üzrə geniş fikir mübadiləsi aparılıb, növbəti mərhələlərdə ikitərəfli əlaqələrin inkişafına töhfə verə biləcək mümkün istiqamətlər nəzərdən keçirilib. Həmçinin dünyadakı azərbaycanlı tədqiqatçıları beynəlxalq elmi platformada birləşdirən DAAB-ın hədəflərinə toxunularaq, güclü potensiala malik azərbaycanlı alim-həkimlərin, xüsusən də ATU-nun məzunlarınının bu birliyə cəlb olunmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, 2022-ci ildə Prezident İlham Əliyev tərəfindən "Əməkdar elm xadimi" fəxri adı ilə təltif edilən DAAB-ın sədri, professor Məsud Əfəndiyev həm də 1991-ci ildə Almaniya hökumətinin təsis etdiyi "Aleksandr fon Humboldt" mükafatını qazanan ilk azərbaycanlıdır. Qeyri-xətti analiz və riyazi fizika sahəsində müstəsna töhfələri olan alim biologiya, tibb, ekologiya, mexanika və fizika sahələrində də qarşılaşılan problemlərin riyazi modelləşdirilməsi üzrə fundamental tədqiqatlar aparıb. Həmçinin təkamül tənliklərinə uyğun dinamik sistemlərin attraktorlarının yeni siniflərini yaradaraq onların sistematik şəkildə öyrənilməsinə mühüm töhfə verib.

Beynəlxalq arenada elmi fəaliyyəti ilə diqqət çəkən M. Əfəndiyev 2005-ci ildə Yaponiyanın nüfuzlu "Japan Society for the Promotion of Science - JSPS" mükafatına, 2007-ci ildə Danimarka hökumətinin nüfuzlu "Otto Monsted" mükafatına layiq görülməklə, bu mükafatlarla təltif edilən azərbaycanlı alim kimi də ilkə imza atıb. 2023-cü ildə Fields İnstitutunun ömürlük mükafatına ("The Life Achievement Award") layiq görülən alim Yaponiya, Almaniya, Amerika Birləşmiş Ştatları, Kanada və İsveçrədə nəşr olunan 8 kitabın, 200-dən çox elmi məqalənin müəllifidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
azertag.az

1Источники