RU

Mətanət Məmmədova: “Biz düşünməliyik ki, bu gün ailələrimizdə uşaq dünyaya gəlmirsə və onların sayı azalırsa, bəs bu genofond necə olacaq?”

ain.az, Bizimyol saytına istinadən bildirir.

Dünya doğum səviyyəsinin azalması və demoqrafik problemlə üz-üzədir, daha doğrusu bu, əhali problemi kimi də ifadə oluna bilər. Mühafizəkar həyat modeli belədir: qadın evdə olur və uşaqlara baxır. Əgər qadın evdə uşaqlara baxmasa, o evdə çox uşaq da olmaz. Adətən 4-5 uşaq olur. Qadın ev işləri ilə məşğul olur, kişi isə çörək qazanır. azırda bu “ənənəvi qayda” pozulub. Bəzi insanlar son dərəcə kasıb olmalarına baxmayaraq, tez uşaq sahibi olurlar. Artıq “əvvəl həyat standartımızı quraq, sonra uşaq sahibi olaq” yanaşması zəifləyib.

Eyni zamanda “uşaq olur, Allah bərəkət verir, ailə dəstək olur” kimi inanc da dəyişib. Ümumilikdə zehni bir dəyişiklik (zehni inqilab) baş verib. Bu dəyişiklik ondan ibarətdir ki, əvvəlki nəsil bu qədər düşünmürdü, amma yeni nəsil daha çox planlayır. Məsələn, insan düşünür ki, “uşaq olsa, həyatım necə olacaq?”. Uşaq artıq çox vaxt həyatı məhdudlaşdıran, şəxsi inkişafı çətinləşdirən faktor kimi qəbul edilir.

Uşaq artıq çox vaxt “özünü reallaşdırmaya mane olan faktor” kimi görünür. Buna görə də “Mən niyə uşaq sahibi oldum? Nəyə güvəndim?” sualları əvvəlcədən yox sonradan yaranır. Amma nəticə göstərir ki, yenə də bir ümid var. Gələcəyə ümidlə baxmaqla uşaq sahibi olmaq arasında bir əlaqə mövcuddur.

“Uşaq həyat keyfiyyətini məhdudlaşdırır” düşüncəsi niyə güclənib?

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında sosioloq Mətanət Məmmədova bildirib ki, uşaq həyat keyfiyyətini hər zaman artırıb-ailəyə sevinc gətirib, ailə bağlarını yaradıb: “Əslində uşaq həyat keyfiyyətini məhdudlaşdırır” cümləsi müasir dövrə aiddir. Bu hər zaman belə olmayıbdır. Uşaq həyat keyfiyyətini hər zaman artırıb-ailəyə sevinc gətirib, ailə bağlarını yaradıb, ər-arvad arasında körpü olubdur. Müasir dövrdə isə bu bir neçə səbəbdən gəlib bu hala düşüb. Burada həm sosial, həm iqtisadi , həm də psixoloji problemlər var. Sosial problemlər ondan ibarətdir ki, sanki bugünkü gənclər iş yeri tapmaqda, mənzillə təmin olunmaqda çətinlik çəkirlər. Əslində bu belədir. Ona görə də bir qədər evlənməyi, ailə qurmağı da gecikdirirlər. Sonra da uşağın dünyaya gəlməsini gecikdirilər. Və belə bu zaman bir ifadə meydana gəlir ki, “uşaq həyat keyfiyyətini aşağı salır”. Sanki gənclər uşağın dünyaya gəlməsində böyük çətinliklərlə üz-üzə qalacaqlarını düşünürlər. Bu çoxları üçün də elə belədir. Ona görə ki, iş yeri, evi olmayan bir gənc ailə həqiqətən də düşünür ki, “mən kirayədə bu uşağın sağlamlıqla, gündəlik məişətlə, qidalanması ilə bağlı problemlərini necə həll edəcəm? Necə təmin edəcəm?”. Ona görə də, ümumiyyətlə uşağın dünyaya gəlməsində gecikmələr var. İkinci uşağın dünyaya gəlməsi isə artıq məhdudlaşdırılır. Ailələrdə indi çox halda bir uşaq, uzağı 2 uşaq dünyaya gəlir. Digər tərəfdən uşaqla, ailə, iş yeri ilə bağlı iqtisadi problemlər yenə də eyni fikrə gətirib çıxarır ki, “uşağın dünyaya gəlməsi bizim həyatımızda çox məsələləri məhdudlaşdıracaqdır”.

Həmçinin sosial platformalar, gənclər üçün səyahətlərə, dünyanı kəşf etməyə çağırışlar onların qarşısında bir az da məhdudiyyət qoyur ki, “uşaq olarsa, biz bu çağırışlardan geri qalacağıq, öz həyatımızı yaşaya bilməyəcəyik, karyeramızın arxasınca gedə bilməyəcəyik”. Buna görə də bəzi insanlar üçün uşağın həyata gəlməsi “qorxunc” bir məsələyə çevrilir. Düşünürlər ki, öhdəsindən gələ bilməyəcəyik “həm vaxtımızı əlimizdən alacaq, həm həyat keyfiyyətimizi aşağı salacaq”. Amma əslində bu belə deyil. Uşaq nə həyat keyfiyyətini aşağı salır, nə də nələrisə məhdudlaşdırır. Uşaq emosionallığı, zövqü artırır. Yəni gənclərin bu düşüncədə olması onların psixoloji problemləri ilə əsaslanır. Müasir gənclərdə belə bir psixoloji təfəkkür formalaşır ki, “bəli, uşaq bizim həyat tərzimizin keyfiyyətini aşağı salacaq, vaxtımızı məhdudlaşdıracaq”. Çünki uşağa vaxt ayırmaq, onun keşiyində durmaq, onun qayğıları ilə maraqlanmaq lazımdır. Bu da insanlarda psixoloji gərginlik yaradır ki, “əgər uşaq olarsa, mən bütün işlərin öhdəsindən gələ bilməyəcəm.

Əvvəlki illərdə ailələrdə 5-6, bəzən 8-9-10-13 uşaq olurdu. Ana da onların qayğısı ilə maraqlanırdı və o zaman işləməyən qadınlar da vardı. Ancaq işləyən qadınlarımız da olub- Bütün zamanlarda olub. O dövrdə kolxozlar, savxozlar olurdu. Qadınlar orada işləyirdilər. Elə mənim yaşadığım rayonda bir tibb bacısı işləyən qadının 7-8 uşağı var idi. Həm işləyir, həm də uşaqların qayğısına qalırdı.

İndiki gənclərlə o vaxtkı gənclərin tam başqa bir fərqi ondadır ki, indiki gənclər daha çox parlaq, sərbəst həyata üstünlük verirlər. Amma ötən illərin gəncləri ailə qurmağı və karyeranı eyni istiqamətdə yönəldirdilər. Həm karyeralarının arxasınca gedir, eyni zamanda ailələrinin qayğısına qala bilirdilər”.

Sosioloq vurğulayıb ki, biz Şərq cəmiyyəti olaraq həmişə uşağın dünyaya gəlməsinə önəm vermişik: “Son dövrlər internet resursları bizim həyatımızdan çox şeyləri aldı. Sosial şəbəkədə göstərilən həyat tərzləri, Avropa dövlətlərində insanların yaşadığı həyat onların şüuraltına təsir edir. Onsuz da onlarda əvvəlcədən elə idi. Avropa ilə biz müqayisə oluna bilmərik. Bizim ailələrdə 7-8-13 uşaq olanda, Avropa ailələrində 1, uzaqbaşı 2 uşaq dünyaya gəlirdi. Bu gün də biz özümüzü onlarla müqayisə edə bilmərik. Çünki onların ailə dəyərləri, həyata baxışı tam başqadır bizim həyata baxışımız tam başqadır. Biz Şərq cəmiyyəti olaraq həmişə uşağın dünyaya gəlməsinə önəm vermişik, çünki o bizim genetik fondumuz, genetik daşıyıcımızdır. Əgər uşaq olmayacaqsa, insan nə üçün yaşayır? Lap karyeran olsun, dünyanı gəz, kəşf elə, ən yüksək vəzifələrdə işlə, sənin ailən, uşağın, səndən sonra bir davamçın yoxdursa, o həyatın mənası da olmur. Bütün bunları gənclər arasında bir təbliğat maşınına çevirmək lazımdır ki, insan təkcə özü üçün, öz mənafeyi üçün yaşamamalıdır. Hər bir Azərbaycan ailəsi üçün bir rəmz, simvola çevrilməlidir ki, “mənim köküm davamçım olmalıdır”. Bunlar Avropa yox, Şərq düşüncəsi, Şərq təfəkkürüdür. Ona görə də biz bu məsələlərə eyni zamanda Şərq təfəkkürü ilə də yanaşmalıyıq. Bu zaman dərk edə bilərik ki, nə qədər sosial-iqtisadi problemlər olsa da, biz yenə də ailə qurmalı, dünyaya uşaq gətirməli və onun qayğıları ilə məşğul olmalıyıq”.

Mətanət Məmmədova qeyd edir ki, gənclərimizi hər bir ziyalı təbəqəsinin üzvü ailə institutunun, ailə dəyərlərinin inkişafına yönləndirməlidir: “Yəni bu gün bütün sosioloqlar desələr ki, gənclər ancaq karyera arxasınca getməli işlərini qurmalı, evlərini almalıdırlar... Xeyr, bu belə olmamalıdır. O zaman biz gəncləri kütləvi surətdə uşaq dünyaya gətirməkdən, başqa istiqamətə yönləndirmiş olarıq. Biz deməliyik ki, bəli, gənclər karyerasını qursunlar, iş olduqdan sonra sən ipoteka ilə də ev ala bilərsən və onu bir neçə ilə ödəyə bilərsən. Yoxsa sən dünyanı gəz bitir, karyeranı qur, sonra ev al, daha sonra evin bütün şəraitini et sonra ailə qur. Bu düzgün yanaşma olmadığı üçün, ona görə buna adi reaksiya verə bilmərik. Gənclərimizi hər bir valideyn, hər bir ziyalı təbəqəsinin üzvü ailə institutunun, ailə dəyərlərinin inkişafına yönləndirməlidir. Unutmamalıyıq ki, Avropa ilə Şərqin tam fərqi var. Bu fərqləri nəzərə alaraq həmişə gəncləri elə istiqmətləndirməli, elə yönləndirməli, elə tərbiyə verməliyik ki, onlar anlamalıdırlar ki, karyera ilə, sərbəst yaşamaq eşqi ilə ailə dəyərləri tutmur və biz bunu edə bilmərik. Bizim gənclik ailə qurmalı, övladları dünyaya gəlməli, ailələrinin davamçıları olmalıdır.

Biz Azərbaycan cəmiyyətinin vətəndaşı olaraq öz genofondumuz haqqında düşünməliyik ki, bu gün ailələrimizdə uşaq dünyaya gəlmirsə və onların sayı azalırsa, bəs bu genofond necə olacaq? Dövlətin, Vətənin qədrini bilən, onun gələcəyini düşünən hər bir şəxs mənəvi tərəfi də düşünməlidir. Sən mənəvi tərəfədən hansısa bir vəzifənlə ölkəyə nə qədər xeyir verə bilirsənsə -ailə, uşaq sahibi olmaqla da vəzifəni, eyni zamanda yerinə yetirməlisən. Yoxsa bunlar bir-birinin üzərinə düşmürsə, onda normal vətəndaş deyilsən. Vətənin, dövlətin, ölkənin, xalqın qədrini normal dərk edə bilmirsən ki, “mən bunu necə yürütsəm, xalq üçün keyfiyyətli ola bilərəm?”

Hər kəs bu məsələni gənclərə belə təbliğ etməlidir ki, onlar karyera ilə yanaşı ailə institutunu da inkişaf etdirməli, ailə dəyərlərinə sadiq qalmağı öz vəzifələrindən biri hesab etməlidirlər”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
bizimyol.info

1Источники