RU

AKTA rəsmisi: Rəqəmsal kriminalistika sahəsində mütəxəssis qıtlığı mövcuddur

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) kibertəhlükəsizlik sahəsində maarifləndirici tədbirləri davam etdirir. Növbəti belə tədbir rəqəmsal kriminalistika və kiberinsidentlərə müdaxilə mövzusuna həsr olunub.

“İki sahil” xəbər verir ki, bu barədə AKTA-nın icraçı direktoru Rauf Cabarov “Kiber İnsidentlərə Müdaxilə” mövzusunda seminarda çıxışı zamanı deyib.

Rauf Cabarov diqqətə çatdırıb ki, rəqəmsal kriminalistika kibertəhlükəsizlik sahəsində ən mürəkkəb, eyni zamanda, nisbətən zəif inkişaf etmiş istiqamətlərdən biridir.

“Bu tədbirdə dövlət və özəl sektorun nümayəndələri iştirak edərək kibertəhlükəsizliyin ən mürəkkəb istiqamətlərindən biri sayılan insidentlərin təhlili və cavab mexanizmlərini müzakirə edəcəklər. Müasir dövrdə bulud texnologiyaları, süni intellekt və digər innovativ həllərin sürətli inkişafı kibertəhdidləri daha da mürəkkəbləşdirir. Bu cür insidentlərin düzgün başa düşülməsi və effektiv təhlili üçün xüsusi texnologiyalara və beynəlxalq təcrübəyə ehtiyac var. Bu məqsədlə tədbirə beynəlxalq təcrübəyə malik “TechPro DC” və “Binalyze” şirkətlərini dəvət etmişik. Onların təqdim etdiyi texnologiyalar və yanaşmalar rəqəmsal kriminalistika baxımından kiber hadisələrin araşdırılmasında mühüm rol oynayır”, – deyə R.Cabarov qeyd edib.

İcraçı direktor vurğulayıb ki, seminar çərçivəsində iştirakçılara real kiberinsidentlərin operativ təhlili, müdaxilə və cavab tədbirlərinin həyata keçirilməsi praktiki şəkildə nümayiş etdirilir.

O, həmçinin bu sahədə kadr çatışmazlığının olduğunu qeyd edib: “Rəqəmsal kriminalistika sahəsində həqiqətən mütəxəssis qıtlığı mövcuddur. Bu istiqamət inkişaf etdirilməlidir və praktiki seminarlar bu prosesə ciddi töhfə verəcək”.

İcraçı direktor növbəti həftə Estoniyanın Elektron İdarəetmə Akademiyası (e-Governance Academy) ilə birgə keçiriləcək təlimlər silsiləsini də elan edib. Təlimlər dörd əsas istiqaməti əhatə edəcək: maliyyə sektorunda kibertəhlükəsizlik risklərinin idarə olunması; kiberinsidentlərə cavab; zərərli proqramlar üzrə məlumat mübadiləsi platformaları (malware sharing) və açıq mənbəli alətlər (open-source); IT risklərinin idarə olunması.

Избранный
5
2
ikisahil.az

3Источники