RU

Azərbaycanda mənzil bazarında qiymətlər sürətlə artır

Azərbaycanda mənzil bazarında qiymətlərin sürətlə artması və tikinti sektorunda müşahidə olunan ciddi qiymət fərqləri cəmiyyətdə narahatlıq doğurmaqdadır. Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bu məsələlərlə bağlı paylaşım edib.

QHT.az bildirir ki, İlqar Hüseynlinin paylaşımına görə, xüsusilə ali təhsilli gənclər üçün mənzil sahibi olmaq artıq həm Bakıda, həm də regionlarda demək olar ki, mümkünsüz hala gəlib. Onun sözlərinə görə, yeni tikilən binalarda mənzil qiymətləri real bazar göstəricilərindən xeyli yüksək müəyyən edilir və bu vəziyyət sosial narazılığı daha da artırır.

İ.Hüseynlinin sözlərinə görə, paytaxtın mikrorayonlarında təmirsiz mənzillərin 1 kvadratmetrinin 2500–3000 manat arasında təklif olunması ciddi suallar doğurur. Sədr vurğulayıb ki, 50 kvadratmetrlik təmirsiz mənzil üçün 150 min manat qiymət müəyyən edilməsi “fantastik dərəcədə şişirdilmiş rəqəmdir”.

O bildirib ki, vətəndaşlardan əlavə olaraq qaz, işıq və su sayğaclarına görə 1500 manat vəsait tələb olunması da qəbuledilməzdir. İlqar Hüseynli hesab edir ki, mənzillərin ölçülərinin divardan-divara deyil, çöldən-çölə hesablanması da qiymətlərin süni şəkildə artırılmasına xidmət edir.

Sədr məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının mövqeyinə də diqqət çəkib. O qeyd edib ki, İqtisadiyyat, Maliyyə, Vergilər və Sosial Müdafiə sahəsinə cavabdeh qurumların bu prosesə nəzarət etməməsi ciddi suallar yaradır. Hüseynli bildirib: “Dünyanın ən bahalı şəhərlərində belə bu qiymətlər yoxdur".

İ.Hüseynli sözlərinə görə, tikinti sektorunda bəzi iri şirkətlər və maqnatlar bazarda qiymətləri süni şəkildə yüksəldərək vətəndaşların mənzil almaq imkanlarını məhdudlaşdırırlar. O, bu vəziyyətin artıq kritik həddə çatdığını vurğulayaraq bildirib: “Dur demək vaxtı deyilmi?”

İlqar Hüseynli əlavə edib ki, Qarabağda həyata keçirilən tikinti layihələrinin tenderləri ilə bağlı da ictimai nəzarət gücləndirilməlidir. Onun fikrincə, şişirdilmiş smetalar vasitəsilə dövlət büdcəsinin vəsaitləri səmərəsiz xərclənə bilər.

Sədr müqayisə üçün özəl tikinti şirkətlərindən birinin təklif etdiyi qiymətləri də nümunə göstərib. Onun sözlərinə görə, həmin şirkət bütün xərclər daxil olmaqla 1 kvadratmetr tikinti üçün 244 manat tələb edir. Bu isə 100 kvadratmetrlik fərdi yaşayış evinin 24 min 400 manata inşa edilə bilməsini göstərir və bazardakı mənzil qiymətləri ilə ciddi ziddiyyət təşkil edir.

İ.Hüseynli bildirib ki, təqdim olunan layihəyə eskiz və 3D dizayn, 7/24 canlı kamera müşahidəsi, yüksək keyfiyyətli beton, armatur, dam izolyasiyası və digər standart tikinti işləri daxildir. Onun fikrincə, bu rəqəmlər bazarda mövcud qiymətlərin nə dərəcədə şişirdildiyini açıq şəkildə ortaya qoyur.

Fatimə Nəbiyeva

Избранный
39
qht.az

1Источники