RU

Qarabağın su ehtiyatlarının Bakıya ötürülməsi mümkün ola bilər

İşğaldan azad olunmuş ərazilərin zəngin su ehtiyatlarından Bakının içməli su təminatında istifadə imkanları araşdırılır.

Missiya.Az xəbər verir ki, bunu Report-a müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatlarının təxminən 70 %-i transsərhəd çayların payına düşür, 30 %-i isə daxili resurslardır və bu resursların böyük hissəsi Qarabağ bölgəsində cəmlənib:

"Qarabağ su ehtiyatları baxımından əsas mənbələrdən biridir. Bölgədə mövcud olan Suqovuşan və Sərsəng su anbarları mühüm rol oynayır. Sərsəng su anbarının (560 milyon kubmetr) bu il təmirinə başlanılacaq və bundan sonra həmin ehtiyatlardan Aran bölgəsində 100 minhektardan çox əkin sahəsinin suvarılmasında istifadə olunacaq. Bu məqsədlə "Tərtər" sol sahil kanalı artıq inşa edilib, "Tərtər" sağ sahil kanalının isə layihələndirilməsi aparılır və yaxın vaxtlarda tikintisinə başlanacaq".

Z.Mikayılov əlavə edib ki, bölgədə yeni su layihələri də həyata keçirilir.

"Belə ki, Bərguşad çayı üzərində 60 milyon kubmetrdən çox tutuma malik su anbarı tikilir, Zabuxçay üzərində isə 27 milyon kubmetrlik anbar artıq istifadəyə verilib və 12 min hektar əkin sahəsinin suvarılmasına xidmət edir. Yaxın illərdə Həkəri çayı üzərində də təxminən 90 milyon kubmetr tutuma malik yeni su anbarının tikintisi planlaşdırılır. Bu anbar əsasən içməli su təminatına xidmət edəcək".

ADSEA-nın sədri bildirib ki, hazırda Həkəri suyunun Bakıya ötürülməsi də araşdırılır:

"Əgər texniki və iqtisadi əsaslandırmalar uyğun olarsa, bu layihə hökumətə təqdim ediləcək və müsbət qərar verilərsə, həyata keçiriləcək. Qarabağ bölgəsində həyata keçirilən bu layihələr kənd təsərrüfatının inkişafına da ciddi töhfə verəcək. Ümumilikdə, bölgədə 140 min hektardan çox əkin sahəsinin suvarılması təmin olunacaq".

Onun sözlərinə görə, əsas prioritetlərdən biri müasir suvarma texnologiyalarına keçiddir:

"Damcı və pivot suvarma üsullarının tətbiqi su itkisini azaldacaq və məhsuldarlığı artıracaq. Məqsəd hər damla sudan daha səmərəli istifadə etməkdir".

Избранный
10
7
missiya.az

8Источники