RU

Dünyanın İslamabad görüşündən gözlədiyi cavab: sülh, yoxsa savaş?

Politoloq: “Müharibənin yaratdığı yorğunluq və resurs itkisi tərəfləri müvəqqəti geri çəkilməyə vadar edir”

Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında keçiriləcək bugünkü görüş qlobal siyasətin ən həssas nöqtələrindən birinə çevrilib. Son günlər tərəflərin sərt və açıq hərbi ritorikaya üstünlük verməsi, xüsusilə Donald Tramp tərəfindən “24 saatlıq ultimatum” xarakterli bəyanatın səsləndirilməsi danışıqların nə qədər gərgin fon üzərində aparıldığını göstərir. Eyni zamanda, İsrail tərəfinin “istənilən an əməliyyatlara hazırıq” mesajı və İran tərəfindən verilən sərt cavablar regionda hər an alovlana biləcək yeni eskalasiya riskini artırır.
Belə bir şəraitdə baş tutan görüş təkcə iki ölkə arasında münasibətlərin normallaşması üçün deyil, həm də Yaxın Şərqdə mümkün genişmiqyaslı müharibənin qarşısını almaq baxımından həlledici mərhələ hesab olunur.

Bəs, bu görüş uğursuz olarsa, Yaxın Şərqdə genişmiqyaslı müharibə ehtimalı nə dərəcədə realdır? 

Picture

Mövzu ilə bağlı Musavat.com-a danışan politoloq Elxan Şahinoğlu qeyd edib ki, atəşkəsin kövrək olduğu bəlli həqiqətdir: “Bunun əsas səbəbi tərəflərin tələbləri arasındakı dərin fərqlər və kəskin ziddiyyətlərdir. Bir tərəfin irəli sürdüyü şərtləri qarşı tərəfin qəbul etməsi real görünmür, eyni zamanda əks tərəfin tələbləri də digər tərəf üçün qəbuledilməzdir. Bu baxımdan genişmiqyaslı, problemin tam həllini özündə əks etdirən hərtərəfli sazişin imzalanması ehtimalı hazırkı mərhələdə yüksək deyil".
Politoloq qeyd edib ki, bununla belə, tərəflərin atəşkəsdə maraqlı olduğu da açıq şəkildə müşahidə olunur: "Çünki hər iki tərəfin müəyyən fasiləyə ehtiyacı var. Bu atəşkəs əslində müharibənin sonu deyil, sadəcə tərəflərin nəfəs dərməsi üçün verilmiş bir fasilə kimi qiymətləndirilə bilər. Müharibənin yaratdığı yorğunluq və resurs itkisi tərəfləri müvəqqəti də olsa geri çəkilməyə vadar edir. Bu baxımdan İslamabadda atəşkəslə bağlı müəyyən razılaşmanın əldə olunması mümkündür. Lakin belə bir razılaşmanın uzunmüddətli və dayanıqlı olacağına təminat yoxdur. Əksinə, mövqelərin ziddiyyətli olması səbəbindən bu cür razılaşmanın pozulması ehtimalı da kifayət qədər yüksəkdir. Buna baxmayaraq, Pakistan vasitəçi kimi prosesin müsbət nəticə verməsi üçün ciddi səylər göstərir. Burada digər mühüm faktor isə Çinin mövqeyidir. Çin də atəşkəsin əldə olunmasında və xüsusilə onun davamlı olmasında maraqlıdır”.
E.Şahinoğluna görə, Tramp çıxışlarının birində açıq şəkildə qeyd edib ki, bu razılaşmanın əldə olunmasında Çinin də mühüm rolu var: “Çünki Çin nə İran rejiminin süqutunu istəyir, nə də müharibənin davam etməsində maraqlıdır. Eyni zamanda, Pekin həm Vaşinqton, həm də Tehranla müəyyən dialoq kanallarını açıq saxlayaraq balanslı siyasət yürütməyə çalışır. Bu kontekstdə Pakistanın önə çəkilməsi də təsadüfi deyil, Çin müəyyən mənada arxa planda qalaraq prosesi dolayı yolla yönləndirməyə üstünlük verir. Məlumata görə, may ayının ortalarında Donald Trampın Çinə səfəri nəzərdə tutulur. Bu səfərin uğurlu keçməsi üçün regionda, xüsusilə İran ətrafında gərginliyin azaldılması mühüm şərt kimi çıxış edir. Bu isə birbaşa olaraq atəşkəsin davamlılığına bağlıdır və Çinin strateji maraqlarına xidmət edir”.
PictureMüsahibimiz fikrincə, prosesin taleyi daha çox ABŞ və İranın mövqelərini nə dərəcədə yaxınlaşmasından asılı olacaq: “Müəyyən məsələlər üzrə kompromis əldə olunması mümkündür. Məsələn, İranın uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətinə məhdudiyyət qoyması və ya bu prosesdən müəyyən səviyyədə imtina etməsi müzakirə predmeti ola bilər. Digər tərəfdən, Hörmüz boğazının açıq saxlanılması məsələsi də tərəflər arasında razılaşma üçün əsas mövzulardan biridir. Əslində, müharibədən əvvəl Hörmüz boğazı ilə bağlı ciddi problem mövcud deyildi. İran daha əvvəl də bəyan edirdi ki, uranı nüvə silahı istehsal edəcək səviyyədə zənginləşdirmək niyyətində deyil. Bu baxımdan beynəlxalq müşahidə mexanizmlərinin gücləndirilməsi və prosesə nəzarətin artırılması ilə müəyyən ortaq məxrəcə gəlmək mümkündür".
Politoloq sonda vurğulayıb ki, əgər İran bu şərtlərlə razılaşmasa, o zaman atəşkəs müəyyən müddət davam etsə belə, sonradan münaqişənin yenidən alovlanması qaçılmaz olacaq: “Bu isə həm Pakistanın, həm də Çinin vasitəçilik səylərinə ciddi zərbə kimi qiymətləndiriləcək və regionda daha genişmiqyaslı gərginliyin yaranmasına gətirib çıxara bilər".

Xalidə Gəray
Musavat.com

Избранный
28
50
musavat.com

10Источники