Bu gün İslamabadda başlayan Vaşinqton-Tehran danışıqları Yaxın Şərqdə son aylarda formalaşmış ən kritik diplomatik mərhələlərdən biridir. ABŞ nümayəndə heyətinin artıq Pakistan paytaxtına gəlməsi və İran tərəfinin yüksək ranqlı siyasi-mühafizəkar fiqurlarla prosesə qoşulması göstərir ki, burada söhbət yalnız növbəti texniki təmasdan yox, regional təhlükəsizlik arxitekturasının yenidən dizaynından gedir.
Danışıqların mahiyyəti təkcə Vaşinqton və Tehran arasındakı gərginliyin azaldılması ilə məhdudlaşmır. Bu görüş həm də Pakistanın vasitəçi dövlət kimi yüksəlişini, Çin və Rusiyanın dolayı təsir imkanlarını, Türkiyə-Azərbaycan xəttinin isə yeni diplomatik platformalarda güclənməsini nümayiş etdirir.
1. Diqqətçəkən əsas detal: Tramp administrasiyası islahatçılarla deyil, mühafizəkarlarla işləyir
Danışıqların ən önəmli məqamlardan biri İran adından danışıqlara hakimiyyətdə olan islahatçı düşərgənin deyil, mühafizəkar qanadın rəhbərlik etməsidir. Bu, təsadüfi deyil.
Ağ Evin son günlər “İranın yeni ağıllı rəhbərliyi” ifadəsini önə çıxarması onu göstərir ki, Vaşinqton real qərar verən mərkəz kimi məhz sistemin sərt xəttini seçib. İran siyasətində strateji qərarlar çox zaman formal hökumətdən daha çox təhlükəsizlik-mühafizəkar blokda formalaşır. Buna görə də ABŞ prosesin nəticə verməsini istəyirsə, məhz həmin mərkəzlərlə işləməyi daha səmərəli hesab edir.
Bu yanaşma Tramp komandasının klassik diplomatiyadan fərqli olaraq birbaşa güc mərkəzləri ilə sövdələşmə siyasəti yürütmək istədiyini göstərir.
2. Yüksək ranqlı təmsilçilik: danışıqların siyasi çəkisi niyə böyükdür?
İndiyədək ABŞ–İran təmaslarında bu səviyyədə yüksək ranqlı şəxslərin iştirakı nadir hallarda müşahidə olunurdu. ABŞ tərəfdən vitse-prezident səviyyəsində nümayəndəliyin gəlməsi, İran tərəfdə isə parlament sədri və xarici siyasət blokunun prosesə qoşulması danışıqlara strateji mandat verildiyini göstərir.
Bu, iki mühüm nəticəyə işarə edir: tərəflər nəticəsiz görüntü yaratmaq istəmir; mümkün razılaşmanın icrası üçün siyasi iradə formalaşdırılır.
Yəni proses sadəcə “vaxt qazanmaq” üçün qurulmuş masa deyil, ən azı atəşkəsin uzunmüddətli formata keçirilməsi üçün ciddi cəhddir.
3. Pakistanın diplomatik yüksəlişi: İslamabad yeni vasitəçilik mərkəzinə çevrilir
Danışıqların İslamabadda keçirilməsi Pakistan üçün böyük geosiyasi qazancdır. Son illərdə daha çox təhlükəsizlik problemləri və daxili iqtisadi böhranlarla gündəmə gələn Pakistan indi özünü qlobal diplomatik vasitəçi kimi təqdim edir.
Bu proses Pakistan üçün bir neçə üstünlük yaradır: Vaşinqtonla münasibətlərdə yeni etimad kapitalı; Tehranla strateji qonşuluq balansının möhkəmlənməsi; Pekinlə koordinasiyanın dərinləşməsi; Körfəz və Mərkəzi Asiya siyasətində çəkisinin artması. Ən vacibi isə odur ki, Pakistan artıq yalnız regional oyunçu deyil, böyük güclərin dialoq platforması təmin edən dövlət kimi görünür.
4. Bakı və Ankara üçün strateji dividendlər
Danışıqlaırn İslamabadda baş tutmasının ən maraqlı xəttlərdən biri də məhz budur ki, Pakistanın yüksəlişi dolayısı ilə Azərbaycan və Türkiyənin mövqelərini gücləndirir.
İslamabadın Bakı ilə qardaşlıq və hərbi-siyasi müttəfiqlik əlaqələri fonunda bu vasitəçilik uğuru Azərbaycanın da diplomatik orbitinin genişlənməsi deməkdir. Pakistanın nüfuzunun artması öz növbəsində Bakı–Ankara–İslamabad üçbucağını gücləndirir, Türk dünyası daxilində siyasi koordinasiyanı artırır, Mərkəzi Asiyadan Cənubi Qafqazdan Yaxın Şərqə uzanan yeni diplomatik xətlər yaradır. Bu baxımdan, İslamabad masasının uğurlu nəticəsi Bakının regional diplomatiyada əlavə dayaq qazanması kimi də oxunmalıdır.
Ankara üçün isə bu proses Pakistan vasitəsilə Yaxın Şərq böhranlarında dolayı təsir imkanlarının genişlənməsi deməkdir.
5. Danışıqları çətinləşdirən əsas faktor: Tehran təkcə özünü yox, Moskva və Pekini də təmsil edir
Danışıqlarda ən mürəkkəb məqam isə Tehranın masaya yalnız milli maraqları ilə gəlməməsidir. İranın danışıqlarda sərgiləyəcəyi mövqe böyük ölçüdə Çin və Rusiyanın regional strategiyası ilə uzlaşdırılır.
Xüsusilə Pekinin enerji təhlükəsizliyi, Hörmüz boğazı, neft marşrutları və dollar sisteminə alternativ maliyyə xətləri baxımından bu danışıqlarda marağı çox yüksəkdir.
Bu səbəbdən Tehran üçün hər hansı güzəşt paketi aşağıdakı üç paytaxtın maraqlarına toxunur: Tehran-Pekin-Moskva. Məhz buna görə danışıqlar masasında texniki məsələlərdən daha çox geosiyasi nüfuz bölgüsü müzakirə olunur.
6. İslamabad masasının əsl mənası
Bu masa yalnız ABŞ–İran təması deyil. Bu,Pakistanın diplomatik yüksəlişi, ABŞ-nin yeni İran strategiyası, Çin-Rusiya maraqlarının dolayı təmsili, Azərbaycan-Türkiyə-Pakistan xəttinin güclənməsi, Yaxın Şərqdə post-müharibə düzəninin ilkin konturlarıdır. Nəticə necə olursa olsun, tərəflərin yüksək ranqlı nümayəndələrlə birbaşa təması artıq müsbət hadisədir. Çünki müharibədən sonra birbaşa siyasi təmasın özü belə bəzən razılaşmanın yarısı sayılır. Əgər bu masa uğur qazansa, İslamabad yaxın illərdə Doha və Cenevrə tipli yeni diplomatik mərkəzə çevrilə bilər.
Mürtəza