RU

"Sabah" "Qarabağ"ın çempionluq arzusunu "dəfn edib" - rəhbərliyin iclasında şok mesaj

Bilindiyi kimi, “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda klub prezidenti Tahir Gözəl, vitse-prezident Fevzihan Aras, baş direktor və İdarə Heyətinin üzvü Əmrah Çəlikəl, İdarə Heyətinin üzvü Asif Əsgərov və komandanın baş məşqçisi Qurban Qurbanov iştirak edib.

Görüş zamanı cari mövsümün axarı ətraflı şəkildə təhlil olunub, komandanın çıxışı, əldə edilən nəticələr və qarşıdakı oyunlarla bağlı hədəflər müzakirə edilib. Klubun idman nəticələri ilə yanaşı, təşkilati və idarəetmə məsələləri üzrə də geniş fikir mübadiləsi aparılıb. İclasda eyni zamanda növbəti mövsümün planlaşdırılması əsas müzakirə mövzularından biri olub. Heyətin gücləndirilməsi, infrastruktur layihələri, akademiyanın inkişafı və beynəlxalq arenada daha uğurlu çıxış üçün strateji istiqamətlər nəzərdən keçirilib. İdarə Heyəti qarşıdakı dövrdə klubun dayanıqlı inkişafının təmin olunması, azarkeş məmnuniyyətinin artırılması və “Qarabağ”ın həm ölkədaxili, həm də beynəlxalq yarışlarda uğurlarının davamlılığının təmin olunmasını prioritet kimi müəyyənləşdirib.

Əlbəttə, ölkənin aparıcı klublarından birinin belə iclas keçirməsində hansısa problem yoxdu. Hətta yuxarıda qeyd edilən məsələlərdən aydın olur ki, qarşısına böyük hədəflər qoyan klubun nümayəndələrinin vaxtaşırı bir araya gəlməsi şərtdi. Sual yaradan məqam isə iclasın vaxtıdı. Daha doğrusu, mövsüm hələ bitməyib. Bu üzdən növbəti “futbol ili” üçün planlardan danışmaq üçün tezdi. Azı ona görə ki, “köhlən atlar”ın hansı Avropa turnirində iştirak edəcəyi sual altındadı. Axı indi elə vəziyyət yaranıb ki, ağdamlıların həm Çempionlar, həm Avropa, həm də Konfrans Liqasında çıxış etmək ehtimalı var və hər biri üçün fərqli hazırlıq planına ehtiyac duyulur.

Digər məqamlara gəlincə, etiraf edək ki, hazırda həmin məsələlər nəinki “Qarabağ”ın, premyer-liqada, hətta 1-ci liqada iştirak edən əksər klubların prioritet mövzularındandı. Yəni klubun mətbuat xidməti vasitəsilə yaydığı məlumatda vaxt və növbəti “futbol ili”ylə bağlı yazılanlardan savayı xüsusi nəsə yoxdu.

Bəs, bu məsələnin üzərinə niyə gedirik? Çünki “Qarabağ”ın arzusu Misli premyer-liqasının 26-cı turunda da çin olmadı. “Doğma divarlar” arasında “Karvan-Yevlax”ı ağlar günə qoyan “köhlən atlar” “Sabah”ın “Araz-Naxçıvan”la matçda azı bir xal itirəcəyini gözləyirdi ki, əzmkar qələbə qazanan Masazır təmsilçisi xal fərqini yenidən 10-a yüksəltdi.

Əslində bu gözləntiyə görə ağdamlıları qınamaq olmur. Hər halda, “bayquşlar”, adətən, fasilədən qayıdandan sonra əvvəlki oyununu sərgiləməkdə çətinlik çəkir. Yəni martdakı fasilədən sonra əsas rəqibi “Qarabağ”ın önünə çıxaraq böyük güc sərf edən “Sabah”ın “qırmızı-ağlar”la bacara bilməyəcəyini düşünmək sadəlövhlük deyil. Belədə “köhlən atlar”ın çempionluqdan əlinizi üzdüyünü düşünmək üçün əsaslar ortaya çıxır. Həm də ona görə ki, ağdamlıların aprel təqvimi yetərincə çətindi. Təsəvvür edin, ayın üçdəbiri geridə qalıb, lakin komandanı hələ həm “Sabah”a, həm də əzəli rəqibi “Neftçi”yə qarşı iki oyun gözləyir. Hələ iddialı rəqiblərinə belə başağrısı olan “Şamaxı”nın meydanında keçiriləcək oyunu demirik. Düzdü, ağdamlıların may təqvimi asan görünür. Axı gələn ay təkcə “Turan Tovuz”la matç gərgin keçə bilər. “Qəbələ”, “İmişli” və “Sumqayıt”la oyunlara görə narahatlığa ehtiyac yoxdu.

Kəsəsi, “Qarabağ”ın srağagünkü iclasda bütün gücün, diqqətin aprelin 22-də Maszırda “Sabah”a qarşı keçiriləcək ölkə kubokunun yarımnfinal mərhələsinin cavab oyununa yönəldilməsi haqda qərar verdiyinə dair sübutumuz olmasa da, and içə bilərik. Bu dəfə A planı Avropa, B planı isə Konfrans Liqasıdı. Hər halda, “Qarabağ” premyer-liqada “ağ bayraq qaldırdığını” üstüörtülü etiraf etdi. Artıq “Sabah”ı ilk çempionluq münasibəti ilə təbrik etmək mümkündü!

KƏNAN BAHADIR

Избранный
25
1
football-plus.az

2Источники