İsrail Müdafiə Ordusu Livanın cənubunda “Hizbullah”ın infrastrukturunun məhv edilməsi məqsədilə həyata keçirilən irimiqyaslı “Aslanın nəriltisi” quru əməliyyatını genişləndirir.
Musavat.com İsrail mediasına istinadən xəbər verir ki, əməliyyata eyni vaxtda 5 döyüş diviziyası cəlb olunub.
İsrail Müdafiə Ordusunun (İDF) rəsmi nümayəndəsinin bildirdiyinə görə, manevrlərin aktiv fazası başlayandan bəri İsrail qüvvələri qruplaşmanın "hərbi potensialına sarsıdıcı zərbə" endirib.
Artıq “Hizbullah”ın 1400-dən çox döyüşçüsünün zərərsizləşdirildiyi və qruplaşmaya məxsus təxminən 4300 infrastruktur obyektinin məhv edildiyi təsdiqlənib.
İDF-dən verilən bəyanatda qeyd olunub ki, döyüş bölgəsi boyu İsrail hərbçiləri yaşayış binalarında və yeraltı bunkerlərdə gizlədilmiş "yüzlərlə silah vahidi" aşkar ediblər.
Musavat.com