Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti nəzdində Dövlət dilində iş aparılması əsaslarının tədrisi və ixtisasartırma mərkəzinin direktoru professor İnomjon Azimov və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMEA-dan hafta.az-a bildirilib ki, görüşdə akademik İsa Həbibbəyli iki ölkə arasındakı sarsılmaz dostluğun, həmçinin ortaq elmi və mədəni irsin möhkəm təməl üzərində qurulduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasındakı səmimi qardaşlıq münasibətləri xalqlarımızın birliyinin əsas təminatçısıdır. Bu birlik təkcə siyasi deyil, həm də ortaq mədəniyyətimizə fayda gətirən mənəvi bir bağdır.
Akademik İsa Həbibbəyli iki ölkənin Elmlər akademiyaları və universitetləri arasında əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edərək, hər il fevral ayında Bakıda böyük mütəfəkkir Əlişir Nəvainin xatirəsinə həsr olunmuş Nəvai Günlərinin keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirib.
“Nizami Gəncəvi, Məhəmməd Füzuli və Əlişir Nəvai təkcə Türk dünyasının deyil, bəşəriyyətin dühalarıdır. Əlişir Nəvai Nizami Gəncəvini özünə ustad hesab edib, bu mənəvi varislik əsrlər boyu xalqlarımızı bir-birinə bağlayıb. Son illərdə AMEA-da Əlişir Nəvai haqqında kitablar çap edilib, elmi konfranslar keçirilib. Nizami Gəncəvinin “Xəmsə”si özbək dilinə, Əlişir Nəvainin “Xəmsə”si isə Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub. Özbəkəsilli tədqiqatçı Xalid Səid Xocayev M.Kaşğarinin “Divanü lüğat-it-türk” əsərini dilimizə tərcümə edib”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.
AMEA rəhbəri Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirində Özbəkistan nümayəndə heyətinin fəal iştirakını və ortaq əlifba məsələsindəki töhfələrini ehtiramla xatırladıb.
Görüşdə professor İnomjon Azimov Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin həm elm, həm mədəniyyət, həm də ortaq gələcəyə baxış istiqamətində daha da dərinləşməkdə davam etdiyini bildirib. Bu gün Bakıda göstərilən qardaşlıq münasibəti və birgə araşdırmalar üçün yaradılan şəraiti xalqlarımızın ortaq gələcəyinə xidmət edən ən böyük töhfə kimi qiymətləndirib.
Professor İnomjon Azimov rəhbərlik etdiyi mərkəzin Özbəkistanda dövlət dilinin tədrisi və tətbiqi istiqamətində mühüm missiyanı yerinə yetirdiyini deyib. Ortaq dilimizi müasir elmi metodlarla inkişaf etdirmək istiqamətində AMEA-nın müvafiq institutları ilə sıx və məhsuldar əməkdaşlıq quracaqlarını vurğulayıb.