RU

Litva ali təhsil müəssisələri ilə Xəzər Universiteti arasında əməkdaşlıq genişləndiriləcək  

Litvanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində Xəzər Universitetində “Not All of Them: Portraits of War Refugees” (“Onların hamısı deyil: Müharibə qaçqınlarının portretləri”) adlı sərgi təşkil edilib.

Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, tədbir beynəlxalq əməkdaşlığın inkişafı, humanitar dəyərlərin təşviqi və müharibənin insan talelərinə təsirinin ictimaiyyətə çatdırılması baxımından əhəmiyyət kəsb edib. Sərginin açılışında Litva Respublikasının Baş naziri İnqa Ruqiniene iştirak edib.

Əvvəlcə qonaqlar ilə universitet rəhbərliyi arasında görüş keçirilib. Görüşdə Xəzər Universitetindən Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, rektor Raziyə İsayeva və tədris işləri üzrə prorektor professor Məhəmməd Nuriyev iştirak ediblər. Tərəflər ali təhsil sahəsində mövcud əlaqələr və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı Litva ali təhsil müəssisələri ilə Xəzər Universiteti arasında təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Akademik mübadilə proqramları, birgə elmi tədqiqatlar və institusional tərəfdaşlıq imkanları əsas müzakirə mövzularından olub.

Sərginin açılış mərasimində professor Hamlet İsaxanlı, Raziyə İsayeva və Baş nazir İnqa Ruqiniene belə təşəbbüslərin yalnız mədəni deyil, eyni zamanda, sosial və humanitar baxımdan mühüm rol oynadığını bildiriblər. Qeyd olunub ki, bu kimi layihələr müxtəlif empatiyanın gücləndirilməsinə, müharibədən zərərçəkmiş insanların səsinin daha geniş auditoriyaya çatdırılmasına və beynəlxalq həmrəyliyin möhkəmlənməsinə töhfə verir.

Sərgidə Litvada sığınacaq tapmış ukraynalı müharibə qaçqınlarının həyat hekayələrini əks etdirən fotoşəkillər təqdim olunub. Ağ-qara formatda nümayiş etdirilən bu əsərlər ziyarətçilərə müharibənin ağır nəticələrini dərindən hiss etdirməklə yanaşı, insan iradəsi, dözümlülük və ümid kimi universal dəyərləri də ön plana çıxarıb. Hər bir fotoşəkil fərdi bir həyat hekayəsini, müharibənin insan talelərində buraxdığı izləri təsirli şəkildə əks etdirib.

Избранный
15
2
azerbaijan-news.az

3Источники