RU

İnqa Ruqiniene: Litva-Azərbaycan münasibətlərinin inkişaf potensialını qiymətləndirdik - EKSKLÜZİV

Azərbaycan və Litva energetika, kənd təsərrüfatı, müdafiə və təhsil sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir.

Bu barədə "Report"a müsahibəsində Litvanın Baş naziri İnqa Ruqiniene bildirib.

"Dünən kifayət qədər dolğun gün oldu: Prezident İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşlərdə ciddi müzakirələr apardıq. Bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşüm planlaşdırılıb. Şadam ki, (dünənki görüşlərdə) çoxlu ortaq nöqtələr tapdıq və müdafiə, təhsil və digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün imkanlar gördük. Biz, həmçinin kənd təsərrüfatı və energetika sektorunun gücləndirilməsi imkanlarını da müzakirə etdik", - o bildirib.

Baş nazir əlavə edib ki, Azərbaycan Avropaya enerji resurslarının etibarlı tədarükü üçün səy göstərir.

Ruqiniene Bakı ilə Vilnüs arasında əməkdaşlığın qorunub saxlanacağına və inkişaf edəcəyinə, hər iki ölkə üçün konkret və əhəmiyyətli nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu deyib.

Ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə kömək edən mexanizmlərdən biri haqqında danışarkən hökumət başçısı hökumətlərarası komissiyadan bəhs edib.

"Biz (Azərbaycan tərəfi ilə) razılaşdıq ki, Litvaya qayıtdıqdan sonra nazirlərə buradakı (Azərbaycandakı - red.) həmkarları ilə ikitərəfli əlaqələr qurmağı tapşıracağam. Onlar görüşməli, təcrübə mübadiləsi aparmalı, bir-birlərini necə dəstəkləyə biləcəklərini və hansı istiqamətlərdə inkişafın mümkün olduğunu müzakirə etməlidirlər. Bundan sonra biz hökumət nümayəndə heyətlərinin görüşü haqqında danışa bilərik", - o əlavə edib.

Ruqiniene vurğulayıb ki, bu, onun Azərbaycana birinci səfəri deyil, lakin Litvanın Baş naziri qismində ilk səfəridir.

"Bu mənim baş nazir kimi Azərbaycana ilk səfərimdir. Mən əvvəllər də Bakıda olmuşam. Buna görə də bura yenidən qayıtmağıma, gülərüzlü, səmimi insanları görməyimə çox şadam. Mən Bakıya əvvəlki səfərlərimi və ölkəmə qayıdarkən özümlə apardığım xoş hissləri xatırlayıram. İndi də deyə bilərəm ki, Bakı dəyişməyib - insanlar əvvəlki kimi səmimi, gülərüz və çox istiqanlıdırlar", - o bəyan edib.

Избранный
19
1
far.az

2Источники