
Mobil operatorlar arasında rəqabətin artdığı bir dövrdə müştəri məmnuniyyəti ön plana çıxmalı olsa da, bəzi şirkətlərin tətbiq etdiyi metodlar ciddi suallar doğurur.
AFN.az xəbər verir ki, "Azərcell" abunəçisi Aqil Quliyev sosial şəbəkələrdə şirkətin fəaliyyəti ilə bağlı qarşılaşdığı xoşagəlməz vəziyyəti ictimailəşdirib. Vətəndaşın şikayəti birbaşa müştərilərin çaşdırılması və məlumatların manipulyasiya edilməsi ilə bağlıdır.
Şikayətçinin sözlərinə görə, hər şey bir neçə ay əvvəl nömrəsini digər operatora daşımaq istəyərkən başlayıb. Həmin vaxt "Azərcell" müştərini itirməmək üçün ona xüsusi, daha sərfəli şərtlər təklif edərək onu qalmağa razı salıb. Lakin ötən ay daxil olan növbəti "sərfəli" təklif əslində bir tələyə çevrilib.
Belə ki, abunəçiyə göndərilən ilk SMS-də təklif olunan tarifin bütün üstünlükləri sadalansa da, ən vacib detal — paketin növbəti aylarda 60 manat olacağı barədə heç bir məlumat qeyd edilməyib. Vətəndaş təklifi qəbul etdikdən və paket aktivləşdikdən sonra gələn təsdiq mesajında isə artıq gec olub. Yalnız ikinci mesajın sonunda tarifin qiymətinin kəskin artacağı qeyd edilib.
Bu vəziyyət abunəçini fakt qarşısında qoyub. Köhnə və həqiqətən sərfəli olan paketi artıq ləğv edildiyi üçün, o, ya hər ay 60 manat ödəməli, ya da özünə sərf etməyən digər bahalı tariflərə keçməlidir.
Aqil Quliyev baş verənləri açıq şəkildə müştərilərin aldadılması kimi qiymətləndirir: "Əgər 60 manat məbləği ilk məlumatlandırma mesajında göstərilsəydi, təbii ki, heç bir ağlı başında olan müştəri bu şərtləri qəbul etməzdi". Şirkətin ən vacib şərti mesajın sonunda, xidmət artıq aktiv edildikdən sonra bildirməsi marketinq hiyləsindən daha çox, istehlakçı hüquqlarının kobud şəkildə pozulması təsiri bağışlayır.
Görünən odur ki, "Azərcell" öz abunəçisini saxlamaq üçün dürüst xidmət deyil, manipulyativ üsullara əl atmağa üstünlük verir. Müştərinin seçim imkanını əlindən alan və onu məcburi ödənişlərə sövq edən bu yanaşma, böyük bir şirkətin korporativ etikasına nə dərəcədə uyğundur? Bu sual hələ ki, açıq qalır.
Problemlə bağlı "Azərcell" şirkətinə ünvanladığımız sorğunun cavabını təqdim edəcəyik.
![]()
![]()