ain.az bildirir, Bizimyol portalına istinadən.
Azərbaycanda bu ilin ilk 3 ayında 6 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib. Bizimyol.info xəbər verir ki, bu barədə “Report”a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.Azərbaycanda kişilərin həyat yoldaşının soyadını götürməsinə səbəb nədir?
Sosioloq Üzeyir Şəfiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu Qərbdən, Avropadan gələn feminist dalğanın təsiri ilə ola bilər: “Azərbaycan ənənəvi və ikimərkəzli cəmiyyət olub və burda bir qayda olaraq qadınlar ailə qurarkən kişi soyadlarını götürüb, kişi soyadlarına keçib. Hərçənd ailə məcəlləsi imkan verir ki, ailə qurarkən kişi qadının, qadın kişinin soyadını götürə bilər. Belə yanaşma var. Amma Azərbaycanda qeyd etdiyim kimi ənənəvi ikimərkəzli cəmiyyət olduğuna görə həmişə qadın kişi soyadını götürüb və bizim cəmiyyətin normaları belədir. Ancaq son bir neçə statistik rəqəmlər tendensiya şəklini alırsa, bu çox pis, çox təəssüf doğurur ki, demək bizim cəmiyyətin sosial xarakterində deformasiyalar, dəyişmələr, təbəllüdatlar gedir. Hesab edirəm ki, bu yanaşma Qərbdən, Avropadan gələn feminist dalğanın təsiri ilə ola bilər. Yaxud hər hansı merkantel məqsəd güdən, hesabla addım atan adamdır - məqsədli şəkildə, hər hansı məqsədinə çatmaq üçün kişi qadının soyadını götürür. Bu cür ola bilər. Amma bu emosional, mənəvi seçimdirsə, tendensiya xarakterlidirsə, bu çox təəssüf doğurur. Çünki bizim cəmiyyətimiz ənənəvi cəmiyyətdir, biz bu ənənələri, mentaliteti, arketiplərimizi qoruyub saxlamalıyıq. Bizi biz edən məhz milli kimliyimiz, dəyərlərimizdir. Bunu qoruyub saxlamaq və sosial varislikə gələcək nəsillərə ötürməliyik.
Bu tip tendensiyalar və sosial tərzlər yalnız bəzi matriarxal cəmiyyətlərdə müşahidə olunur; məsələn, İsraildə yəhudi icmalarında uşaqlar ana xətti ilə qeyd edilir, yaxud Şimali və Qərbi Afrika ölkələrində belə nümunələr var. Hətta Afrikada kişilər örpəkdən istifadə edir, sanki qadınlardan utanmağı, çəkinməni ifadə edir.
Bizim cəmiyyət üçün yad olan, xarakterik olmayan qadın soyadlarına keçmək bizə xarakterik deyil və bu arzuolunmaz, yolverilməz bir tendensiyadır”.
Günel Həsənova, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.