RU

MDB-dən çıxmaq qərar verən Moldovanı NƏ GÖZLƏYİR?

Moldovanın prezidenti Maya Sandu Müstəqil Dövlətlər Birliyinin (MDB) əsas sazişlərinin denonsasiyası haqqında fərmanlar imzalayıb.
Milli Məclisin Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Allahverənov Musavat.com-a şərhində bildirib ki, Kişinyovun birliyə daxil olarkən konkret məqsədi var idi: “Dnestryani kimi problemin yaranması Moldovanın siyasi kursuna ciddi təsir göstərdi. Daimi təzyiqlər fonunda Maya Sandunun prezident seçkisində qələbəsindən sonra Avropa İttifaqına üzvlük məsələsi daha ciddi şəkildə qoyulmağa başladı. Moldova Rumıniya ilə siyasi bağlılıq elementini gücləndirməklə gələcəkdə avrointeqrasiya kursunu sabit şəkildə müəyyən etmiş oldu. Son seçkilərdə Moldova əmin şəkildə bu prosesə start verdi. Hazırda avrointeqrasiya kursu inamlı şəkildə müəyyən edilib. Ölkə bunun üçün bütün siyasi rıçaqlarını işə salıb”.
PictureDeputat deyib ki, belə bir vəziyyətdə MDB-də təmsil olunmaq Moldova üçün müəyyən çətinliklər yaradırdı: “MDB-dən çıxmağın Moldova üçün ilk növbədə geosiyasi əhəmiyyəti var. Bu, gələcək inkişaf perspektivləri ilə bağlıdır. Yaxın perspektivdə isə enerji qaynaqları baxımından Rusiya önəmli tərəfdaş idi. Bu situasiyada yeni tərəfdaşlarla ölkənin enerji təhlükəsizliyini təmin olunması istiqamətində müəyyən olunmuş kursu bir qədər gücləndirməyə ehtiyac yaranacaq. Digər tərəfdən, Rusiyada çox sayda Moldova vətəndaşı əmək fəaliyyəti ilə məşğul olur. Rusiyada miqrantlarla bağlı yeni qaydalar müəyyən edilə və bu qaydalar Moldova vətəndaşlarını da əhatə edə bilər. Humanitar sahədə də müəyyən bağlılıqlar var. MDB-nin institutları çərçivəsində bu bağlılıqların zəiflədilməsi və MDB-nin bir platforma olaraq itirilməsi məsələsi var ki, belə bir şəraitdə Moldova digər platformalara üz tuta bilər. Ölkənin təmsil olunduğu bir sıra siyasi platformalar var ki, bu sahədə yaranan boşluğun doldurulması üçün Moldova zəruri addımları ata bilər. Rumıniyada çox sayda Moldova vətəndaşlarının əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı məlumat var. Onlara müəyyən imtiyazların verilməsi üçün addımlar atılır. Moldovada Rumıniya investisiyası kifayət qədər çoxdur. Açıq bəyan olunmasa da, Rusiyadan asılılığın itirilməsi fonunda Moldova iqtisadi itkilərinin kompensasiya edilməsi istiqamətində də siyasət yeridə bilər”.
A.Allahverənov hesab edir ki, bu, Aİ üçün ciddi mesajdır: “Moldovanın MDB-dən çıxması ölkə üçün yeni perspektivlər açır. İstənilən halda bu qərar Rusiyaya siyasi bağlılığın qırılmasını və Avropaya meyllərin gücləndirilməsini şərtləndirir. MDB üçün Moldovanın nə dərəcədə əhəmiyyətli ola bilməsi ayrı mövzudur. Bəzi dövlətlər MDB-ə “xilas birliyi” kimi baxır. Məsələn, Ermənistan müəyyən ehtiyacların MDB hesabına təmin olunmasında maraqlıdır. MDB siyasi platforma kimi bu və ya digər formada dövlətlərin milli maraqlarına cavab verdiyi təqdirdə mövcud olur. Əks halda, müəyyən dövlətlərin nümunəsində olduğu kimi, birliyi tərk edirlər. Hazırkı siyasi konyukturda Moldova xalqının gələcək taleyini məhz Avropa İttifaqı ilə bağlamaq istəməsi başadüşüləndir”.

Nigar Həsənli
Musavat.com

Избранный
47
musavat.com

1Источники