RU

Rusiya səfiri Ermənistan MSK-da – KREML “düyməyə” basdı?

Ermənistanın Baş naziri Nikol Paşinyan özünün Moskvaya 1 aprel səfərini və prezident Vladimir Putinlə müzakirələri uğurlu adlandırıb. Dünən bu haqda danışarkən o, Rusiya lideri ilə yeni görüşünün iyunun ikinci yarısına planlaşdırdığını deyib.

Niyə iyun və niyə ayın ikinci yarısı?

Bəllidir ki, Ermənistanda parlament seçkiləri iyunun 7-ə nəzərdə tutulub. Təxminən 10 gün ərzində də nəticələr rəsmən elan olunmalıdır. Bu da ayın ikinci yarısına düşür. Yəni belə çıxır ki, Baş nazir səsvermənin konkret rəsmi nəticələri ilə Putinlə növbəti görüşə yollanmağı hədəfləyib.

Bəs görəsən bu hansı ehtiyacdan yaranıb? Axı həmin vaxta MDB-nin və ya Avrasiya İqtisadi İttifaqının hansısa zirvə toplantısı nəzərdə tutulmayıb. Hər halda, belə bir şey olsaydı, baş nazir səfərinin məhz bununla bağlı olduğunu gizlətməzdi...

Bütün hallarda bu açıqlamanın kritik seçkilər öncəsi daha çox təbliğati gediş və ya mesaj xarakteri daşıdığı ehtimalı böyükdür. Nikol Vovayeviç bununla şəksiz ki, partiyasının seçkilərdəki qələbəsinə əminliyinin mesajını çatdırır - əsasən də daxili auditoriyaya, cəmiyyətə və əlbəttə ki, Moskvaya. Xarici təzyiq-təhdidlərə rəğmən, mövqeyinin yetərincə güclü və dayanıqlı olduğunu və seçkilərdən sonra da ölkədə vəziyyəti nəzarətdə saxlayacağını anons edir.

Seçkilər isə təbii ki, hakimiyyət üçün də asan keçməyəcək. Daha bir səbəbə: 7 iyunda qalibiyyət həm də konstitusiya referendumu üçün “son məşq” anlamındadır. Bakı və Ankara ilə barışıq prosesinin sona çatdırmaq isə indiki hakimiyyətdən ötrü prioritetdir. Bu prosesə ən böyük əngəl məlum: Rusiya və rusiyayönlü qüvvələr. Kremldə Putinlə Paşinyan arasında axırıncı gərgin danışıqlar buna şübhə saxlamadı...

Ermənistan

Maraqlıdır ki, Paşinyanın Moskvaya yeni səfərlə bağlı anons elədiyi gün – aprelin 9-da Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin və səfirliyin birinci katibi Aleksandr Malışev Ermənistan Mərkəzi Seçki Komissiyasında (MSK) olublar. Rəsmi məlumata görə, qonaqları MSK sədri Vaaqn Hovakimyan onları qəbul edib. “Səfir qarşıdan gələn milli seçkilərə hazırlıqla maraqlanıb”.

Sual doğur: xeyir ola? Rusiya diplomatlarının başqa bir ölkənin MSK-da, özü də seçkilər ərəfəsi nə işi? Nədən narahatdırlar? Heç olubmu ki, şimal qonşumuzun Bakıdakı səfiri nə vaxtsa Azərbaycan MSK-a getsin, seçki prosesi ilə maraqlansın? Olmayıb. Qısası, yenə “xoruzun quyruğu” məsələsi.

Yeri gəlmişkən, Kremldə görüş zamanı Putin Paşinyandan Rusiya yönlü müxalif qüvvələrə və Rusiya vətəndaşı olan ermənilərə (ikili vətəndaşlığı olanlara) seçkilərə şərait yaratmağın vacibliyini söyləmiş, Nikol Paşinyan isə konstitusiyanın buna imkan vermədiyini söyləmişdi...

Beləcə, rəsmi Moskvanın Ermənistandakı proksi- qüvvələrdən yana təlaşı getdikcə daha qabarıq görünməkdədir. Rusiya eyni zamanda, “burnunu” seçki prosesinə soxmaqdan, hakimiyyətə psixoloji təzyiqlər göstərməkdən də qalmır. Çünki hakim partiyanın növbəti 5 illiyə hökumət formalaşdırmasını arzulamır. Səbəblər məlum.

Bu məqsədlə, Kreml seçkilərə kiber-müdaxilə etməyə də çalışacaq. Qətiyyən təsadüfi deyil ki, Paşinyan hökuməti bu qəbil təxribatları önləmək üçün Avropa Birliyindən xüsusi qrup dəvət edib və artıq o, işə başlayıb...

Z. SƏFƏROĞLU

Избранный
18
2
musavat.com

3Источники