RU

“Qida təhlükəsizliyi strateji və həssas məsələdir”-Ekspert

Qida təhlükəsizliyi məsələləri həm Azərbaycanda, həm də dünyada strateji əhəmiyyət daşıyan və xüsusi yanaşma tələb edən həssas sahələrdən biridir. Bu istiqamətdə görülən işlər istehlakçı sağlamlığının qorunmasında mühüm rol oynayır.

Qafarov Seymur, Refresh Group qida konsaltinq şirkətinin qida mütəxəssisi QHT.az-a açıqlamasında bildirib ki, ölkədə qida obyektlərində yoxlamalar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Bununla yanaşı, şirkətlər də daxili audit və qiymətləndirmə mexanizmləri vasitəsilə qida təhlükəsizliyinin təmin olunmasına çalışırlar.

Beynəlxalq təcrübədə qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti ilə yanaşı, özəl sektorun iştirakı da mühüm əhəmiyyət kəsb edir. ABŞ, İngiltərə və İtaliya kimi ölkələrdə dövlət nəzarət funksiyasını həyata keçirir, özəl qurumlar isə qabaqlayıcı və düzəldici tədbirlərlə bu prosesi tamamlayır.

Ekspert qeyd edib ki, Refresh Group olaraq onlar da üçüncü tərəf audit və qiymətləndirmə xidmətləri göstərərək qida sektorunda fəaliyyət göstərən şirkətlərə dəstək verirlər. Bu yanaşma yeni formalaşsa da, artıq müsbət nəticələr verməkdədir.

Onun sözlərinə görə, sahibkarlıq subyektləri artıq qida təhlükəsizliyi ilə bağlı qərarları fərdi yanaşma ilə deyil, mövcud qanunvericiliyin, xüsusilə də 523 saylı qanunun tələblərinə uyğun şəkildə həyata keçirirlər. Eyni zamanda cəmiyyətin bu sahəyə marağı və həssaslığı da artıb, vətəndaşlar sosial platformalarda qida məhsulları ilə bağlı fikirlərini aktiv şəkildə bölüşürlər.

Bununla belə, istehlakçıların dövlət qurumlarına və iri şirkətlərə tam etimadının formalaşması üçün zamana ehtiyac olduğu vurğulanıb. Ekspert hesab edir ki, aparılan yoxlamalar və laborator analizlərin nəticələri barədə məlumatların mütəmadi paylaşılması bu etimadı daha da gücləndirə bilər.

Sonda qeyd olunub ki, yoxlama proseslərinə vətəndaş cəmiyyəti institutlarının cəlb olunması və dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi qida təhlükəsizliyi sisteminin daha effektiv qurulmasına mühüm töhfə verə bilər.

Zəhra Ağayeva

Избранный
36
qht.az

1Источники