RU

MDB tərk edilir, yeni blok seçilir: Moldovanın riskli qərarı nəyə səbəb ola bilər?

Regionda güc balansının yenidən formalaşdığı, təhlükəsizlik arxitekturasının sürətlə dəyişdiyi bir mərhələdə Moldovanın atdığı addım postsovet məkanında baş verən dərin siyasi transformasiyaların növbəti təzahürü kimi qiymətləndirilə bilər. Bu qərar təkcə Kişinyovun xarici siyasət prioritetlərinin yenilənməsi deyil, eyni zamanda regionda geosiyasi istiqamətlərin daha da aydınlaşması baxımından diqqətəlayiqdir.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, MDB-nin artıq funksional təsir imkanlarını itirmiş bir qurum olduğunu nəzərə alaraq Moldovanın bu təşkilatı tərk etməsi təbii qarşılanmalıdır:

“Qurumun əsasən Rusiyanın maraqlarının təmin olunması məqsədilə formalaşdırılması, fəaliyyət göstərdiyi müddətdə üzv ölkələr üçün real təhlükəsizlik təminatı yarada bilməməsi, eləcə də Moldovanın Pridnestrovye bölgəsinin faktiki olaraq nəzarətdən kənarda qalması bu qərarı şərtləndirən əsas amillərdəndir. Bu baxımdan, gələcəkdə digər üzv dövlətlərin də analoji addımlar atması istisna edilmir.

Rusiyanın vaxtilə Gürcüstana qarşı hərbi müdaxiləsi və hazırda Ukraynada davam edən müharibə MDB-nin mahiyyətini ciddi şəkildə zəiflədib. Moldovanın bu addımı rəsmi şəkildə Qərbə inteqrasiya kursunun seçildiyini göstərir və ölkənin Rusiyadan uzaqlaşmaq niyyətini açıq şəkildə ortaya qoyur”.

 

Onun fikrincə, bu qərardan sonra Moldovanın Avropa İttifaqına inteqrasiyası daha da aktuallaşacaq:

“NATO üzvlüyü isə mövcud beynəlxalq siyasi şəraitdə, xüsusilə də ABŞ-da Donald Trampın siyasət kursu fonunda real görünmür. Bununla belə, bu istiqamətdə müəyyən hazırlıq addımlarının atılması mümkündür. Rusiyanın bu qərara cavab olaraq Pridnestrovyedə gərginliyi artırmaq ehtimalı yüksəkdir. Eyni zamanda, Moskva bu regionun müstəqilliyini tanımaq və ya onu öz ərazisi kimi təqdim etmək kimi addımlara da əl ata bilər.

MDB-nin nizamnaməsinə əsasən, təşkilatdan çıxış prosesi bir il müddətində tamamlanır və bu dövrdə əlaqələrin mərhələli şəkildə dayandırılması prosedurları həyata keçirilir. Moldova Pridnestrovyedən rəsmi şəkildə imtina edəcəyi təqdirdə, Aİ və NATO ilə inteqrasiya prosesində daha ciddi irəliləyiş əldə edə bilər. Lakin bu, ölkənin ərazi bütövlüyünün bir hissəsindən imtina etməsi anlamına gəlir. Onun fikrincə, Rusiya ilə bu məsələ üzrə hərbi qarşıdurmaya getmək isə rasional seçim sayılmır”.

//Gülnarə Abasova, Editor.az

Избранный
19
editor.az

1Источники