RU

Belarusla imzalanan saziş sürücülərə yeni imkanlar açır

"Azərbaycanla Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" Saziş ilk baxışda texniki xarakterli razılaşma təsiri bağışlasa da qərar ölkəmizin gələcək iqtisadi siyasətinin mühüm elementlərindən biridir. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
Deputat qeyd edib ki, ölkəmiz Qələbədən sonra yeni mərhələyə daxil olur-yalnız yollar, limanlar və dəhlizlər deyil, məhz həmin infrastrukturu işlədən insan kapitalı-o cümlədən, sürücülər olmadan dövlətlərarası ticarəti hərəkətə gətirmək mümkün deyil: "Belarusla imzalanan sənəd sürücülər üçün hüquqi baryerləri aradan qaldırır, daşımalar üçün yeni imkanlar açır. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan regional nəqliyyat və logistika mərkəzinə-yəni,"hub"a çevrilməyə çalışır. Həmin siyasətin əsasını Şərq-Qərb dəhlizi, Şimal-Cənub nəqliyyat xətti və yaxın gələcəkdə açılması gözlənilən Zəngəzur yolu təşkil edəcək.
Ermənistanla sülh gündəliynin nəticəsi olaraq, regionda bütün kommunikasiyalar açılacaqdır. Nəticədə, ənənəvi tarixi yollar və daşımaçılıq bərpa olunacaq, yeni marşrutlar və yük axınları yaranacaq. Lakin sürücü yoxdursa, daşıma şirkətləri güclü deyilsə, beynəlxalq sertifikatlaşma sistemi qurulmayıbsa, o zaman layihələr öz potensialını tam reallaşdıra bilməyəcək.

Azərbaycanda rəsmi statistikaya görə yüz minlərlə aktiv sürücülük vəsiqəsi olan vətəndaşımız var. Rəqəmlər ali təhsil diplomu daşıyan insanlar qədər böyük iqtisadi gücə və potensiala malik qüvvənin varlığını göstərir. Təkcə yükdaşıma sektorunda 5 mindən artıq aktiv daşıyıcı şirkət və 30-50 min arası peşəkar sürücü fəaliyyət göstərir.
Belə bir şəraitdə Belarusla imzalanan saziş müəyyən sayda sürücülərə yeni imkanlar açır-vətəndaşlarımız daimi yaşadıqları halda hüquqi və inzibati baryerlərdən azad olunur, vəsiqələri tanındığı və dəyişmək imkanı qazandığı üçün hərəkət müstəqilliyi əldə edir, işləməkdən ötrü əlavə imtahanlardan keçmir, izafi vaxt və maliyyə resursu itirmir. Nəticədə, əmək bazarı genişlənir, gəlir dövriyyəsi və iqtisadi aktivlik artır.
İkincisi, saziş logistika şirkətləri üçün ciddi üstünlüklər yaradır. Çünki sürücü çatışmazlığı dünyada böyük problemdir. Nəinki Avropada, keçmiş sovet məkanında da yüz minlərlə sürücüyə ehtiyac var. Bir sürücü xaricdə həftələrlə bürokratiyaya və sənədlərini dəyişməyə sərf edirsə, bütün logistika zənciri zəifləyir. Ona görə də müzakirəyə çıxarılan Saziş mühüm iqtisadi-sosial əhəmiyyətə malik olmaqla, iki ölkə arasında tranzit sürətini artırır, xərcləri azaldır və daha rəqabətli mühit yaradır".
Deputat bildirib ki, hesablamalara görə, belə razılaşmaların geniş tətbiqi nəticəsində yükdaşımaların səmərəliliyi 10-15 faiz arta, logistika xərcləri 5-10 faiz azala, ümumi tranzit gəlirləri isə orta müddətdə yüz milyonlarla dollar arta bilər.
Azərbaycan artıq Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna və digər ölkələrlə oxşar sazişlər imzalayıb. Belarusla əməkdaşlıq sürücülük vəsiqəsinə malik insanlarımız üçün coğrafiyanı daha da genişləndirir.
Lakin biz sürücülük və daşımaçılıq sektorunu ayrıca iqtisadi strategiya səviyyəsinə qaldırmalıyıq. İran ətrafında savaş götrədi ki, dünyada yeni güc mərkəzləri yalnız enerji və texnologiya ilə deyil, həm də logistika ilə formalaşır.
Ölkəmizin unikal üstünlüyü var-əlverişli coğrafi mövqe, inkişaf etmiş nəqliyyat infrastrukturu və artan beynəlxalq tərəfdaşlıq yaratmışıq. Lakin bütün bunları birləşdirən əsas element insan kapitalıdır.
Dünyada logistika bazarı trilyonlarla dollar həcmindədir. Biz beynəlxalq sertifikatlı sürücülər hazırlamalıyıq, logistika təhsilini genişləndirməliyik. Ona görə də ölkəmizdə iri və geniş miqyaslı daşıma şirkətlərinin formalaşmasına ehtiyac var. Dünyada kiçik operatorlarla deyil, böyük logistika brendləri ilə rəqabət aparılır. Hökumət nə qədər belə qərarlar qəbul etsə, nəqliyyat sistemimizin hərəkət coğrafiyasını, deməli, ticarət və daşımaçılığın miyqasını genişləndirmiş olacaq. O zaman yalnız neftdən asılılığa da son qoyulacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
17
7
olaylar.az

2Источники