RU

Macarıstandan məlumat daxil oldu - Kiberdələduzluq ifşa edildi

Azərbaycanda yerli təşkilatlardan birinə məxsus veb-resursun kiberhücuma məruz qaldığı müəyyən edilib.

Elektron Təhlükəsizlik Xidmətindən Bizim.Media-ya daxil olan məlumata görə, dünyada müşahidə olunan geosiyasi proseslər fonunda bir çox ölkələrə qarşı kiberhücumların miqyası artmaqdadır.

Bu hücumlar yalnız birbaşa hədəf ölkəyə qarşı deyil, eyni zamanda kibertəhlükəsizlik tələblərinə tam cavab verməyən platformalar vasitəsilə digər dövlətlərin informasiya sistemlərinə yönəldilir.
 

Macarıstanın Milli Kibertəhlükəsizlik Mərkəzindən daxil olan məlumat əsasında Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma zamanı hadisənin detalları üzə çıxarılıb. Təqdim olunan URL və IP ünvanların təhlili nəticəsində hücumun mənbəyi və xarakteri müəyyənləşdirilib.


Araşdırma zamanı məlum olub ki, hücumçular yerli serverə zərərli kod və fayllar yerləşdirərək ondan digər ölkələrin informasiya sistemlərinə icazəsiz müdaxilə üçün istifadə ediblər.

Eyni zamanda, həmin infrastruktur vasitəsilə istifadəçilərin fişinq xarakterli saxta resurslara yönləndirilməsi də həyata keçirilib.

Hadisə ilə bağlı həyata keçirilən operativ tədbirlər nəticəsində serverdəki zərərli fayllar silinib, mövcud boşluqlar aradan qaldırılıb və sistemin fəaliyyəti bərpa olunub. Mütəxəssislər informasiya sistemləri sahiblərinə kibertəhlükəsizlik tələblərinə ciddi əməl etməyi və mövcud riskləri daim nəzarətdə saxlamağı tövsiyə edirlər.

Bizim.Media

Избранный
1
4
bizim.media

5Источники