RU

“Gernika” rəsm əsəri İspaniyada siyasi mübahisənin mərkəzinə çevrilib

İspaniyada Pablo Pikassonun 1937-ci ildə yaratdığı məşhur “Gernika” əsəri ilə bağlı siyasi mübahisə yaranıb. Əsər İspaniya vətəndaş müharibəsi zamanı bask şəhəri Gernikanın bombalanmasına cavab olaraq yaradılıb və dinc əhaliyə qarşı zorakılığa güclü etiraz simvoluna çevrilib.

AZƏRTAC xəbər verir ki, hazırda əsər Madriddə yerləşən Reina Sofía Muzeyində saxlanılır və XX əsrin ən mühüm sənət nümunələrindən biri hesab olunur.

Son mübahisəyə səbəb Bask Milliyyətçi Partiyasının regional siyasətçilərinin faciənin 90-cı ildönümü münasibətilə əsərin müvəqqəti olaraq Bilbaoya aparılması təklifi olub. Onlar hesab edirlər ki, Bask ölkəsində keçiriləcək sərgi tarixi ədalətin bərpası və qurbanların xatirəsinə hörmət baxımından mühüm addım ola bilər.

Lakin İspaniya hökuməti bu təşəbbüsü dəstəkləməkdən imtina edib. Əsas arqument rəsmin həddindən artıq kövrək olmasıdır. Ekspertlər xəbərdarlıq ediblər ki, belə bir daşınma əsərə ciddi ziyan vura bilər.

İspaniyanın mədəniyyət naziri Ernest Urtasun bildirib: “Hesabatlar birmənalıdır və yerdəyişməni tövsiyə etmir. “Gernika”nın 90 illiyini qeyd edərkən, bu əsərin ən azı daha 90 il qorunmasını təmin etməliyik. Mənim vəzifəm bu mədəni irsi qorumaqdır”.

Bu səbəbdən muzey indiyədək “Gernika”nı səyyar sərgilər üçün təqdim etməyib.

Rəsm təkcə bədii deyil, həm də dərin siyasi məna daşıyır. O, müharibənin dəhşətlərini – dağıntıları, insanların və heyvanların əzablarını təsvir edir və onilliklərdir ki, universal müharibə əleyhinə simvol olaraq qalır.

Избранный
6
3
azerbaijan-news.az

4Источники