RU

Sayır, hadisələri qeyd edir: Üstəlik, bütün bunları "beyni" olmadan bacarır

Elm adamları uzun illər boyu öyrənmə, sayma və məlumatı yaddaşda saxlama kimi xüsusiyyətlərin yalnız beyin və sinir hüceyrələri sayəsində mümkün olduğunu düşünürdülər. Lakin bir bitki üzərində aparılan təcrübələr bunun tam əksini sübut etdi. ABŞ-də aparılan çalışmada Mimosa pudica (küstüm otu) bitkisinin özünəməxsus bir üsulla həm saya bildiyi, həm də ətrafında baş verən hadisələri yaddaşına köçürdüyü məlum oldu.

Milli.Az xəbər verir ki, tədqiqat qrupu vurğulayır ki, bitkinin sayı sayma prosesi bir insanınkı kimi deyil. Lakin təcrübə nəticələrinə görə, küstüm otu ətrafındakı hadisələri bir-birindən ayıra bilir, onları qeyd edir və vəziyyətə uyğun reaksiya inkişaf etdirir. Bu, beyni olmayan bitkilərdə də mürəkkəb məlumat işləmə proseslərinin varlığını ortaya qoyur.

Tədqiqat zamanı bitkilər pəncərəsiz bir otaqda müəyyən işıq-qaranlıq dövrlərinə məruz qoyulub.

Bitkilərə 12 saat fasiləsiz işıq və 12 saat qaranlıq verilib.

İşıq vaxtı yaxınlaşdıqca bitkilər hələ işıq yanmamış "hərəkətlənməyə" başlayıblar. Hətta işıqlar yandırılmadıqda belə, bitkilər işığın gələcəyi saatı "gözləyiblər".

Tədqiqatçılara görə, bu, sadəcə işığa verilən reaksiya deyil; bitkilər müəyyən bir nizamı öyrənirlər. Zaman keçdikcə bitkilərin reaksiyaları daha sabit və proqnozlaşdırılan hala gəldi ki, bu da heyvanlardakı öyrənmə modelinə bənzədilir.

Alimlər bitkilərin yalnız bioloji saata tabe olmadığını, həm də hadisələrin sayını və müddətini aktiv şəkildə izlədiyini kəşf etdilər. Gün dövrü 10 saatdan 32 saata qədər təsadüfi dəyişdirilsə də, bitkilər işığın gözlənildiyi anlarda qaranlıqda belə hərəkətlilik göstərərək bir növ "gözlənti" yaratma qabiliyyəti nümayiş etdirdilər.

Bu kəşfin ən sarsıdıcı tərəfi odur ki, bütün bu proseslər hər hansı bir neyron və ya sinir sistemi olmadan baş verir. Bu, ənənəvi zəka təriflərini kökündən sarsıdır və öyrənmə qabiliyyətinin beyinə deyil, daha təməl bioloji xüsusiyyətlərə bağlı ola biləcəyini göstərir.

Əgər bu tapıntılar digər təcrübələrlə də təsdiqlənərsə, bitkilər və heyvanlar arasındakı kəskin fərq aradan qalxa bilər. Bu çalışma sübut edir ki, bitkilər ətraflarına qarşı passiv müşahidəçi deyil, hadisələri analiz edən və gələcəyə dair strategiya qura bilən dinamik canlılardır.

Lalə Qüdrətova
Milli.Az

Избранный
14
1
milli.az

10Источники