Stokholm, 10 aprel, AZƏRTAC
İsveç hökuməti avqustun 1-dən İsveç Demokratları Partiyası ilə birlikdə cinayətkar qruplaşmaların üzvləri üçün daha sərt cəzalar tətbiq etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, təklifə əsasən, kriminal mühitdə törədilən cinayətlərə görə azadlıqdan məhrumetmə cəzaları iki dəfə artırılacaq.
İslahat cinayət hüququnda genişmiqyaslı dəyişikliklər paketinin bir hissəsidir. Hakimiyyət bu paketi 1960-cı illərdə Cinayət Məcəlləsi qəbul ediləndən bəri ən böyük dəyişiklik adlandırır. Bundan əlavə, zorakılıq və cinsi xarakterli cinayətlər də daxil olmaqla bir sıra ağır cinayətlərə görə cəzaların sərtləşdirilməsi, həmçinin təkrar ağır zorlama halları üçün ömürlük həbs cəzasının tətbiqi nəzərdə tutulur.
Həmçinin, cinayətlərin məcmusu üzrə cəzanın azaldılması sisteminin ləğvi və onların cəmlənməsi prinsipinə keçid təklif olunur. Məhkəmələr daha tez-tez real azadlıqdan məhrumetmə cəzaları təyin etməli və cəza müəyyən edilərkən təqsirləndirilən şəxslərin yaşlı olması, sağlamlıq vəziyyətinin pis olması və ya işini itirməsi kimi şəxsi halları daha az nəzərə almalıdır.
Qanunverici şuranın qanun layihəsini “tələsik hazırlanmış” adlandıraraq kəskin tənqid etməsinə baxmayaraq, hökumət bu qanunun artıq bu yay qəbul edilməsinə nail olmağı planlaşdırır.
Eyni zamanda, islahatın tam tətbiq edilməsinin vaxtı penitensiar sistemin məhbusların sayının artmasına hazır olmasından asılıdır.