İnsanlar da daxil olmaqla onurğalıların görmə orqanları təxminən 600 milyon il əvvəl başlayan mürəkkəb təkamül prosesinin nəticəsi kimi formalaşıb.
Editor.az xəbər verir ki, bu nəticəyə The Conversation platformasının məlumatına əsasən, müxtəlif heyvan qruplarında görmə sisteminin inkişafını araşdıran alimlər gəliblər.
Alimlər uzun müddətdir ki, onurğalıların gözlərinin həm hüceyrə quruluşu, həm də inkişaf mexanizmi baxımından onurğasızların gözlərindən köklü şəkildə fərqləndiyini bilirdilər. Lakin bu fərqlərin səbəbləri indiyədək tam aydın deyildi.
Yeni tədqiqat çərçivəsində 36 böyük heyvan qrupu analiz olunub və maraqlı qanunauyğunluq aşkar edilib: işığa həssas hüceyrələr iki əsas sahədə yerləşir — başın yan hissələrində və beynin yuxarı mərkəzi hissəsində. Yan tərəfdə yerləşən strukturlar əsasən hərəkət və istiqamətlənməyə cavabdeh olduğu halda, mərkəzi strukturlar gecə-gündüz dövrünün qavranılması və məkan orientasiyası funksiyasını yerinə yetirir.
Bu nəticələr əsasında alimlər görmə duyğusunun təkamülünü yenidən modelləşdiriblər. Onların qənaətinə görə, ikitərəfli simmetriyaya malik bütün canlıların ortaq əcdadı qurda bənzər ibtidai orqanizm, ilkin mərhələdə hər iki tip işığahəssas struktura sahib olub.
Təxminən 600 milyon il əvvəl bu orqanizm oturaq həyat tərzinə keçərək dəniz dibinə uyğunlaşıb. Belə şəraitdə istiqamət müəyyən edən cüt göz strukturları funksiyasını itirərək tədricən yox olub. Bununla belə, mərkəzi işığahəssas hüceyrələr zaman və məkan üzrə orientasiyanı təmin edərək fəaliyyətini davam etdirib.
Daha sonrakı mərhələdə bu canlıların yenidən aktiv həyat tərzinə qayıtması ilə görmə ehtiyacı yenidən formalaşıb. Təkamül prosesi nəticəsində mərkəzi “göz” strukturu yenidən inkişaf edərək yan hissələrdə çıxıntılar əmələ gətirib və zamanla bu çıxıntılar ayrılaraq müasir onurğalılarda müşahidə olunan cüt göz formasına çevrilib.
Bu proses təxminən 600–540 milyon il əvvəl baş verib.
Qədim görmə sisteminin izləri bu gün də beyində, yuxu hormonu olan melatoninin ifrazını tənzimləyən epifiz vəzi şəklində qalmaqdadır. Bir çox heyvanda bu struktur hələ də işığa reaksiya verə bilir, lakin məməlilərdə bu funksiya zəifləyib və görmə funksiyası tamamilə gözlər tərəfindən icra olunur.
Digər tərəfdən, “görməni itirmə” mərhələsindən keçməyən onurğasız canlılar ilkin işığahəssas sistemlərini qoruyub saxlayıblar. Bu da müasir dövrdə müşahidə olunan göz müxtəlifliyini həşəratlardakı mürəkkəb gözlərdən tutmuş, ahtapot və ilbizlərdəki kameraya bənzər gözlərə qədər — izah edir.
Tədqiqat müəllifləri həmçinin göstəriblər ki, onurğalıların tor qişasının mürəkkəb quruluşu əvvəl düşünüləndən daha erkən dövrdə formalaşıb. Bu isə o deməkdir ki, görmə ilə bağlı bir çox sinir mexanizmləri sonrakı mərhələlərdə deyil, daha qədim əcdadlarda meydana gəlib.
Alimlərin fikrincə, gözün təkamülü beynin inkişafı ilə sıx bağlıdır. Cüt gözlərin formalaşması mürəkkəb davranışların və idrak funksiyalarının inkişafına imkan verən mühüm mərhələ hesab olunur.
//Gülnarə Abasova, Editor.az