RU

Erməni cəmiyyəti Qarabağsız konstitusiyaya səs verəcəkmi?

“Konstitusiyanın qəbul edilməsi üçün yalnız bir seçim var: ümumxalq referendumu”. Musavat.com xəbər verir ki, baş nazir Nikol Paşinyan bunu 9 apreldə hökumət iclasından sonra keçirilən brifinqdə elan edərək, yeni Konstitusiyanın başqa yolla qəbul edilməsi ehtimalını istisna edib.

Erməni cəmiyyəti Qarabağsız konstitusiyaya səs verəcəkmi?

Siyasi analitik Asif Nərimanlı mövzu ilə bağlı Musavat.com-a deyib ki, Ermənistan cəmiyyətinin Qarabağsız konstitusiyaya səs verib-verməməsi 7 iyun parlament seçkilərində bəlli olacaq: “Paşinyan hakimiyyəti seçkidə qalib gələcəksə, bu, Azərbaycana qarşı ərazi iddialarının yer aldığı və yekun sülhün önündə əsas maneəyə çevrilən Ermənistanın mövcud konstitusiyasının tarixin arxivinə göndəriləcəyi deməkdir, əks təqdirdə, nəinki konstitusiyanın dəyişdirilməsi, ümumiyyətlə paraflanan sülh sazişi layihəsi də sual altına düşə bilər. Çünki revanşistlər seçiləcəkləri təqdirdə sülh razılaşmalarına yenidən baxacaqlarını gizlətmirlər”.

Analitik hesab edir ki, seçkidə Paşinyanın komandası qalib gələcək: “Bunu Ermənistan cəmiyyətindəki əhval-ruhiyyə və regiondakı vəziyyət də deməyə əsas verir. Təbii ki, seçki Ermənistanda kəskin mübarizəyə səbəb olacaq, xüsusilə revanşistlər və onları dəstəkləyən xarici oyunçular prosesi pozmağa çalışa bilərlər. Lakin yekun nəticədə sülh proqramı ilə seçkiyə gedən Paşinyanın qalib gələcəyi ehtimalı böyükdür. Ermənistan cəmiyyətində çoxluq yeni müharibə istəmir, bunu 44 günlük müharibədən aylar sonra keçirilən seçkilərdə Paşinyanın komandasının yenidən seçilməsi də sübut etdi. Ötən müddətdə revanşistlərin təbliğatına baxmayaraq, erməni cəmiyyətində böyük çoxluğun yanaşması dəyişməyib. Parlament seçkilərində Paşinyana səs verəcək seçicilər yeni konstitusiyanın qəbuluna da səs verəcəklər. Bu iki seçki – parlament və referendum bir prosesin tərkib hissəsi, bir-birinin davamıdır”.

Afaq Mirayiq,
Musavat.com

Избранный
31
musavat.com

1Источники