RU

Bu uşaqların psixoloji inkişafında vulqar təsir yaradır

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azyaşlı uşaqların böyüklər kimi bəzədilməsi və bu görüntülərin sosial şəbəkələrdə paylaşılması geniş müzakirə olunan mövzulardan birinə çevrilib. Bu tendensiya cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bir tərəf bunu estetik və fərdi seçim kimi qiymətləndirsə də, digər tərəf uşaqların psixoloji inkişafına və sosial davranışlarına mümkün təsirləri ilə bağlı narahatlıq ifadə edir. Əsas sual isə ondan ibarətdir ki, bu cür yanaşma uşaqların özünüqavrayışına, rol modellərinə və ictimai normalara necə təsir göstərir. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, istər oğlanlar, istərsə də xüsusən qız uşaqları müxtəlif mərasimlərdə, ad günlərində, toy və digər tədbirlərdə bərbər və vizajistlərə aparılır, üzləri bəzədilir və yaşlarına uyğun olmayan geyimlər geyindirilir. "Bu isə uşaqların psixoloji inkişafında olduqca mənfi və vulqar təsir yaradır. Belə uşaqlar böyüdükcə öz həmyaşıdlarına uyğun mədəni və etik davranış formalarından uzaqlaşır, onlarla ayaqlaşmaqda çətinlik çəkirlər. Nəticədə birtərəfli sosiallaşma, sosiallaşma çatışmazlığı və vulqarlaşma kimi meyllər yaranır. Bu da onların həmyaşıdlarından uzaqlaşmasına, eyni zamanda böyüklərlə də uyğunlaşa bilməməsinə gətirib çıxarır".Sosioloq bildirib ki, bu uşaqlarda tez-tez özünəqapanma halları müşahidə olunur və mənfi psixoloji stereotiplər formalaşır. "Bir çox hallarda onlar gələcəkdə peşə, sənət və karyera seçimi zamanı da çətinliklərlə üzləşirlər. Valideynlər isə bu addımlarla guya uşaqların yaradıcılıq və intellektual inkişafını sürətləndirdiklərini düşünürlər. Əslində isə bu “sürətlənmə” qeyri-təbii və qeyri-səlis olur. Nəticədə uşaqlar öz yaş mərhələlərinə uyğun formalaşmalı olan yaradıcılıq və intellektual inkişaf potensialını itirirlər".Onun sözlərinə görə, bu proses uşaqlarda vulqar sosiallaşma meyllərinin formalaşmasına səbəb olur. "Onların eqosu artır və bu, gələcəkdə ailə qurmaq, ailədaxili kişi-qadın rollarına münasibət, dostluq əlaqələri və müəllim-şagird münasibətlərində mənfi davranışların yaranmasına gətirib çıxarır. Təbii ki, bu vəziyyətin əsas səbəbkarı valideynlərdir. Valideynlərin daxili eqosu bu prosesdə mühüm rol oynayır və nəticədə bu eqonun təsirini gələcəkdə həmin uşaqlar yaşamalı olurlar".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
demokrat.az

1Источники