RU

Yerin altındakı sərvətlər də tam nəzarətə alınır -  İcazələr və istifadə qaydaları dəyişir  

Azərbaycanda "Yerin təki haqqında" qanunda dəyişiklik edilib. Dəyişikliklərin mahiyyətini Musavat.com-a açıqlayan tanınmış vəkil Cavad Cavadov deyib ki, bundan sonra dövlət yerin altındakı hər bir daşdan, qumdan maksimum iqtisadi səmərə götürə biləcək: “Ölkədəki su ehtiyatlarının artırılması, əhalinin keyfiyyətli içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması çərçivəsində mövcud su anbarlarının təmizlənməsi nəzərdə tutulur.  Bu da həmin su anbarlarında toplanmış milyonlarla kub metr qum, qum-çınqıl və gil tərkibli materialların çıxarılması və iqtisadi dövriyyəyə cəlb olunması ilə nəticələnəcək”.

Vəkil deyib ki, dəyişikliklər ölkədə yol infrastrukturunun yaxşılaşdırılması çərçivəsində yolötürücü tunellərin tikintisi zamanı əldə olunan süxurlardan qanuni şəkildə istifadəyə imkan verəcək: “Sözügedən çöküntü və süxurların istifadəsinin hüquqi əsasının yaradılması onlardan istifadənin qanuniləşməsinə, hesabatlılığın təmin edilməsinə və rəqabət mühitinin təmin olunmasına xidmət edəcək. Digər dəyişiklik yer təkindən istifadə sahəsində bir sıra qaydaların təsdiq edilməsinin hüquqi əsasının yaradılmasıdır. Buraya yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi və qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar aiddir. Yerin təki istifadəyə icazə əsasında "Yerin təki haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunla müəyyən olunmuş qaydada hərrac (auksion və ya müsabiqə) və birbaşa danışıqlar əsasında verilir. Eyni zamanda Nazirlər Kabinetinin qərarı ilə yerin təkinin (qiymətli və əlvan metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının siyahısı da təsdiq edilib. Dəyişiklik isə yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydasının təsdiq edilməsini nəzərdə tutur ki, bu da birbaşa danışıqlar yolu ilə verilən istifadəçilərin müəyyən edilməsi sahəsində şəffaflığın yüksəlməsinə, hüquqi müəyyənliyin artmasına xidmət edəcək”.

Vəkil deyib ki, yerin təkindən istifadənin növlərindən biri də dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə hüququnun verilməsidir:

 “Dəyişikliyə əsasən bu hüquq müvafiq qaydaya uyğun olaraq veriləcək. Yer təki sahələrinin rekultivasiyasının məqsədi işlərin aparıldığı ərazidə torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi, o cümlədən ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasıdır və bunun üçün yer təki istifadəçiləri həmin torpaqların rekultivasiya planını tərtib etməli və rekultivasiyanı da həmin plan əsasında təmin etməlidirlər.

Ölkə üzrə faydalı qazıntı yataqlarının əhəmiyyətli hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. Qeyri-neft sektorunun və sənayenin inkişafı, xammal asılılığının azaldılması məqsədilə bu yataqların istismarı zəruridir. Lakin hazırda yer təki istifadəçiləri tərəfindən torpaqların münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpası və artırılması, eləcə də ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məqsədilə rekultivasiya işlərinə dair sistemli qaydalar mövcud deyil. Bu çərçivədə rekultivasiya planlarının hazırlanması, dövlət ekoloji ekspertizasından keçirilməsi, münbit torpaq qatının qorunması və bərpası, hidrogeoloji və mühəndis-geoloji şəraitin nəzərə alınması kimi tələblər müəyyən ediləcək və torpaqların əvvəlki və ya alternativ faydalı vəziyyətə qaytarılması təmin ediləcək”.

Cavad Cavadovun sözlərinə görə dəyişikliklər yerin təkinin istifadəsi sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsinə, təbii ehtiyatlardan istifadə olunmasının səmərəliliyinin yüksəldilməsinə, ekoloji təhlükəsizliyə, ekoloji balansın qorunmasına, dağ-mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövriyyəyə cəlb olunmasına və istismara cəlb olunan yer təki sahələrinin rekultivasiya tədbirlərinin sistemli aparılmasına hədəflənib: “Düşünün ki, illərdir su anbarlarının dibinə qum, çınqıl və gil yığılıb qalır. Bu həm suyun həcmini azaldır, həm də həmin materiallar orada "yatır". İndi dövlət bu çöküntüləri təmizləyib çıxaracaq. Su anbarları daha çox su tutacaq (su qıtlığı azalacaq), çıxarılan milyonlarla kubmetr qum-çınqıl isə tikintidə istifadə olunacaq. Yəni həm su ehtiyatımız artır, həm də ucuz xammal əldə edirik. Yol çəkiləndə və ya tunel qazılanda yerin altından çoxlu süxur (daş, torpaq, mineral) çıxır. Əvvəllər bunun hüquqi statusu tam aydın deyildi. Bu süxurlar artıq rəsmi olaraq istifadə edilə bilən resurs sayılır. Onlar atılmayacaq, yol tikintisində və ya digər sənaye sahələrində qanuni şəkildə istifadə ediləcək. Bu həm şəffaflığı artıracaq, həm də dövlət büdcəsinə gəlir gətirəcək. Yerin təkindən istifadə (məsələn, karxana açmaq) adətən hərrac (auksion) yolu ilə olur. Amma bəzi hallarda "birbaşa danışıqlar" yolu ilə də icazə verilir. İndi bu birbaşa danışıqların dəqiq siyahısı və qaydası olacaq. "Kimin icazəsi var, kimin yoxdur" sualı aradan qalxır və iş adamları üçün qaydalar aydınlaşır. Bundan başqa, bir çox karxanalar (qum, daş yataqları) kənd təsərrüfatı torpaqlarında yerləşir. Sahibi gəlir, qazır, pulunu qazanır və oranı "ay relyefi" kimi qoyub gedir. İndi hər bir istifadəçi əvvəlcədən "Rekultivasiya planı" hazırlamalıdır. Yəni işi bitirdikdən sonra o torpağı necə bərpa edəcəyini (məsələn, yenidən əkin üçün yararlı hala gətirməyi və ya meşə salmağı) öhdəsinə götürür. Dağ-mədən işləri zamanı çoxlu istehsal tullantısı yaranır. Bu tullantıların da təkrar emalı və dövriyyəyə qaytarılması üçün hüquqi yol açılır.

Bu dəyişikliklər dövlətin yerin altındakı hər bir daşdan, qumdan maksimum iqtisadi səmərə görmək istəyindən xəbər verir. Sahə tam nəzarətə alınır və "boşluqlar" doldurulur”.

 

E.Məmmədəliyev,
Musavat.com

Избранный
1
14
musavat.com

10Источники