Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və 6 saylı Bakı "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgi təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sərginin məqsədi əlilliyi olan şəxslərin peşə bacarıqlarını və yaradıcılıq potensialını geniş ictimaiyyətə təqdim etmək, onların cəmiyyətə inteqrasiyasını dəstəkləməkdir.
Agentliyin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin məzunları və hazırda Mərkəzdə peşə təlimi alan gənclərin iştirakı ilə keçirilən sərgidə 16 müəllifin 9 istiqamət üzrə ümumilikdə, 830 əl işi nümayiş etdirilib.
Təqdim olunan əl işlərinə dərzilik nümunələri, rəssamlıq əsərləri, vitraj boya ilə hazırlanmış suvenirlər, bədii tikmə, toxuculuq məhsulları, toxunma oyuncaqlar, dulusçuluq məmulatları, bədii oyma və xalçaçılıq nümunələri daxildir.