RU

“Atəşkəsin Livana şamil edilməməsi regionda gərginliyi artırır” - Politoloq

"İsrailin Livan sərhədlərinə qarşı hücumlarının davam etməsi və ABŞ ilə İran arasında olan atəşkəs razılaşmasının Livana aid olmadığını bəyan etməsi regionda ciddi strateji və geosiyasi nəticələr yaradır. Bunun əsas səbəbi İsrailin təhlükəsizlik prioritetlərindədir. İsrailə görə, Livanda fəaliyyət göstərən qruplaşmalar, xüsusilə Hizbullah kimi silahlı strukturlar İsrail üçün yalnız sərhəd təhlükəsi deyil, həm də strateji təhdid təşkil edir. İsrailin mövqeyinə görə, atəşkəs Livana şamil olunsa, bu, onun hərbi üstünlüyünü və sərhəd təhlükəsizliyini zəiflədə bilər. Ona görə də, beynəlxalq çağırışlara baxmayaraq, İsrail iki həftəlik atəşkəsi Livana şamil etmədi".

Bu fikirləri politoloq Yusif Bağırzadə Redaktor.az-a açıqlamasında iki həftəlik ABŞ-İran atəşkəs razılaşmasının Livana aid edilməməsindən danışarkən bildirdi.

Onun sözlərinə görə, ABŞ-nin mövqeyi də bu kontekstdə kritik rol oynayır:

"ABŞ İsrailin əsas strateji tərəfdaşı olaraq regionda sabitliklə bağlı diplomatik çağırışlar etsə də, əməli olaraq İsrailin təhlükəsizlik narahatlıqlarını dəstəkləyir. Bu, ABŞ-nin bölgədə İsrailin maraqlarını qorumağa üstünlük verdiyini göstərir. ABŞ eyni zamanda İsrailin hərbi hərəkətlərinə birbaşa müdaxilə etmədən diplomatik olaraq atəşkəsə əməl etdiyini də göstərir. Bu, Vaşinqtona bir tərəfdən İsraillə münasibətləri qoruyub saxlamaq, digər tərəfdən isə İranla atəşkəsə əməl edərək sanki balansı qorumaq imkanı verir. Digər mühüm amil regional mesaj və geosiyasi balansdır. İsrail atəşkəsi Livana şamil etməməklə həm qısa müddətli taktiki üstünlük əldə edir, həm də Hizbullah və digər qruplara qarşı sərt mesaj verir. Bu yanaşma İsrailin hərbi və strateji planlarını davam etdirməsinə imkan yaratmaqla yanaşı, beynəlxalq ictimaiyyət qarşısında da mövqeyini sərt şəkildə nümayiş etdirməyə xidmət edir. Atəşkəsin pozulma riskinin yüksək olduğunu düşünən İsrail üçün Livan sərhədində hərbi üstünlüyünü qorumaq vacibdir".

Musahibimiz vurğuladı ki, amma İsrailin bu addımlarının ABŞ-İran atəşkəsini təhlükə altında qoyması da faktdır:

"Məlumdur ki, İranın tələbləri içərisində İsrailin "Müqavimət oxu"na, yəni Hizbullah kimi proksi qüvvələrə qarşı hərbi əməliyyatları dayandırması şərti də var. Danışıqlarda vasitəçi qismində çıxış edən rəsmi İslamabad da bununla bağlı mövqeyini ortaya qoyub. Atəşkəsin Livana da şamil edilməsi ilə bağlı Makron və Avropa İttifaqının ayrı-ayrı liderləri də bəyanatlarla çıxış ediblər. İsrailin bu çağırışlara əməl etməməsi isə bir tərəfdən özünün təhlükəsizlik prioritetləri ilə bağlıdırsa, digər tərəfdən də ABŞ-İran arasında olan atəşkəs razılaşmasını könülsüz qəbul etməsindən qaynaqlanır. Bu isə atəşkəs və davamlı sülh üçün diplomatik təşəbbüslərin davamlılığına mənfi təsir göstərir".

NURİYYƏ

Избранный
17
redaktor.az

1Источники