RU

Orban və partiyası seçkiöncəsi güclü mövqeyini qoruyur

Budapeşt, 9 aprel, AZƏRTAC

Macarıstanın Baş naziri Viktor Orban seçkiöncəsi kampaniyanın son mərhələsində fəallığını artıraraq ölkənin gələcəyi ilə bağlı optimist mesajlar verməyə davam edir. “Fidesz” partiyasının lideri hesab edir ki, seçicilər sabitlik, təhlükəsizlik və milli maraqların qorunması istiqamətində düzgün qərar verəcəklər.

AZƏRTAC xəbər verir ki, Macarıstan mətbuatında yayımlanan son müsahibələrindən birində Orban bildirib ki, hətta tərəddüd edən seçicilər belə onun hökumətinin siyasətini dərindən düşündükdə “Fidesz”i dəstəkləməyə üstünlük verəcəklər. O, seçkiləri ölkənin gələcək istiqamətini müəyyən edən mühüm mərhələ kimi qiymətləndirib və seçiciləri məsuliyyətli seçim etməyə çağırıb.

Baş nazirin sözlərinə görə, hökumətin əsas prioritetləri arasında sülhün qorunması, iqtisadi sabitlik və milli suverenliyin gücləndirilməsi dayanır. Orban vurğulayıb ki, Macarıstan çətin beynəlxalq şəraitdə belə, öz maraqlarını müdafiə etməyi bacaran güclü dövlət olaraq qalır.

Seçki kampaniyasının son həftəsində Orbanın nüfuzlu media platformalarında çıxışları da diqqət çəkir. O yerli medianın təşkil etdiyi xüsusi müsahibə proqramında da iştirak edərək hökumətin nəticələri və gələcək planları barədə geniş məlumat verib.

Analitiklər qeyd edirlər ki, uzun illərdir hakimiyyətdə olan “Fidesz” partiyası ölkədə sabit idarəetmə modeli formalaşdırıb və bu, seçicilər arasında mühüm dəstək bazası yaradıb. 2010-cu ildən bəri ardıcıl qələbələr qazanan Orban hökuməti siyasi təcrübə və idarəçilik baxımından rəqiblərindən fərqlənir.

Seçkilərin yaxınlaşdığı bir vaxtda hakim partiya seçicilərə ardıcıl inkişaf, təhlükəsizlik və milli maraqların qorunması mesajı verir. Bu isə “Fidesz”in qarşıdakı səsvermədə yenidən güclü nəticə əldə etmək potensialını artırır.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Избранный
27
2
azertag.az

3Источники