RU

“İnşaatçılar Gününü strateji motivasiya və inkişaf aləti kimi qiymətləndirmək lazımdır”-Muxtar Ərtura

Azərbaycanda 10 aprel tarixinin İnşaatçılar Günü kimi təsis olunması dövlətin bu sahəyə verdiyi yüksək dəyərin göstəricisi sayılır. Qərarın 2009-cu ildə qəbul olunduğu və 2010-cu ildən qeyd edildiyi vurğulanır. Bu amil ciddi motivasiya faktoru kimi dəyərləndirilir.

 

Novator, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturanın sözlərinə görə, “peşə bayramları yalnız simvolik xarakter daşımır — onlar sektor daxilində identifikasiya və peşə qüruru formalaşdırır”. O bildirir ki, inşaat sahəsi çox vaxt ağır və görünməyən zəhmət tələb edir və “bu gün memar, mühəndis və ustaların əməyinin ictimai şəkildə tanınmasına xidmət edir, sahədə çalışanlar üçün psixoloji stimullaşdırıcı rol oynayır, gənclərin bu sahəyə marağını artırır və kadr axınını gücləndirir”.

 

Ekspertin fikrincə, “bu cür peşə bayramları sektor daxilində peşə standartlarının yüksəlməsinə təkan verir”: “dövlət və özəl sektor tərəfindən mükafatlandırmalar və tədbirlər təşkil olunur, yeni texnologiyalar və yanaşmalar müzakirə edilir, rəqabət və keyfiyyət göstəriciləri artır”. Bu isə uzunmüddətli perspektivdə institusional inkişaf yaradır.

 

O vurğulayır ki, bu gün Azərbaycan inşaat sektoru artıq sadəcə tikinti fəaliyyəti deyil, strateji inkişaf alətidir: “şəhərsalma dövlət siyasətinin prioritet istiqamətlərindəndir, infrastruktur, nəqliyyat, yaşayış və sosial obyektlər kompleks şəkildə inkişaf etdirilir, dayanıqlı inkişaf, ‘ağıllı şəhər’ və ekoloji yanaşmalar tətbiq olunur”.

 

Qarabağda həyata keçirilən layihələrə toxunan ekspert qeyd edir ki, “azad olunmuş ərazilərdə şəhərlər və kəndlər sıfırdan planlaşdırılır, ‘ağıllı şəhər’ və ‘ağıllı kənd’ konsepsiyaları tətbiq edilir, yaşayış, enerji, nəqliyyat və sosial infrastruktur inteqrasiya olunmuş şəkildə qurulur, 8 şəhər və onlarla kənd üzrə baş planlar təsdiqlənib”. Bu prosesin “həm böyük məsuliyyət, həm də yaradıcılıq və innovasiya üçün nadir imkan” yaratdığı diqqətə çatdırılır.

 

O, həmçinin bildirir ki, “2026-cı ildə Bakının Ümumdünya Şəhərsalma Forumu – WUF13-ə ev sahibliyi etməsi Azərbaycanın mövqeyini daha da gücləndirir”: “forum 17–22 may tarixlərində keçiriləcək, əsas mövzu ‘təhlükəsiz və dayanıqlı şəhərlər’ olacaq və qlobal urbanizasiya problemləri müzakirə olunacaq”. Bu tədbirin “beynəlxalq təcrübə ilə inteqrasiyanı sürətləndirdiyi, qlobal standartların transferini təmin etdiyi və Azərbaycanı regionun urbanistika mərkəzinə çevirdiyi” vurğulanır.

Zəhra Ağayeva

Избранный
27
qht.az

1Источники