Bakı, 9 aprel, AZƏRTAC
Qazaxıstanın ərazisindən 6-sı avtomobil və 5-i dəmir yolu olmaqla 11 beynəlxalq nəqliyyat dəhlizi keçir. Bu gün daha çox aktual olan dəmir yollarıdır ki, bunlar da sadəcə dövlətlər arasında deyil, qitələr arasında ticarət əlaqələrini inkişaf etdirir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Qazaxıstan Dəmir Yollarının törəmə şirkəti olan “KTZ Express”in logistika üzrə icraçı direktoru Aybek Kapar deyib.
Onun sözlərinə görə, Şimal-Mərkəzi marşrutu daha çox Rusiya və Belarus ilə Çin arasındakı ticarət əlaqələrini tənzimləyir, Cənub marşrutu İrana çıxmaqla Çin ilə Mərkəzi Asiya respublikalarını əlaqələndirir, Şimal-Cənub marşrutu Körfəz ölkələrinə çıxmaqla Rusiya ilə İranı və Cənub-Şərqi Asiyanı birləşdirir.
“Bu marşrutlar arasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) xüsusilə qeyd edilməlidir. Bu gün Qərbdə və Şərqdə baş verən hərbi münaqişələr Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) əhəmiyyətini artırıb. Bu marşrut Çini Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa ilə əlaqələndirir. Çindən Avropaya və əks istiqamətə yüklər təhlükəsiz və vaxtında çatdırıldığı üçün marşruta digər Cənub-Şərqi Asiya ölkələrinin də marağı artıb. 2030-cu ilə kimi TBNM ilə yükdaşımanın həcminin 10 milyondan çox olacağı barədə proqnozlar verilir. Bu proqnozların özünü doğruldacağı ehtimalı böyükdür. Çin istehsalını artıraraq ixrac potensialını daha da genişləndirir ki, bu da Çinin əsas ticarət tərəfdaşlarından olan Avropaya daha çox məhsul ixrac etməyi zərurətə çevirir.
Bundan başqa, Ukrayna ilə Rusiya arasındakı müharibə, eləcə də Hörmüz boğazında baş verənlər tranzit nəqliyyatına diqqətlə yanaşmağı və alternativlərin tapılmasını tələb edir. Qazaxıstan və Azərbaycanın dəmir yolu infrastrukturu Orta Dəhlizin inkişafını şərtləndirən amildir. Qazaxıstanın Çindəki yük terminalları dəhlizin kəsintisiz fəaliyyətini təmin edir”, - deyə icraçı direktor nəzərə çatdırıb.