Bakı, 9 aprel, AZƏRTAC
Bu təqdimat məndə böyük nostalji hissi yaratdı. Olimpiya Oyunları ilə bağlı xoş xatirələrim yenidən canlandı.
AZƏRTAC xəbər verir ki, bu sözləri taekvondoçu Qaşım Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarında qazandığı və sonradan aşınmaya məruz qalan gümüş medalının yenilənmədən sonra təqdimetmə mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
58 kiloqramda çıxış edən idmançı bildirib ki, Olimpiada onun karyerasında ən yaddaqalan mərhələlərdən biridir: “Olimpiya finalı idmanda çata biləcəyin zirvələrdən hesab olunur. Bu baxımdan həmin anlar mənim üçün ən dəyərli xatirələrdəndir”.
Q.Maqomedov qeyd edib ki, qazandığı nailiyyətə baxmayaraq, qarşısına daha böyük hədəflər qoyub: “Olimpiya gümüşü maksimum deyil. Mənim əsas məqsədim qızıl medal qazanmaqdır. Finala qədər irəliləyə bildimsə, deməli, bu hədəfə çatmaq da mümkündür”.
Qeyd edək ki, Q.Maqomedovla yanaşı, yunan-Roma güləşçisi Həsrət Cəfərovun (67 kiloqram) bürünc medalı da yenilənib və mərasimdə hər iki idmançıya yeni mükafatlar rəsmi şəkildə təqdim olunub.