RU

Tələbələr üçün inqilabi dəyişiklik- Universitetdə dərslər həftədə yalnız 2–3 gün ola bilər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru Eldar Aslanov  “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, tələbələrin hər gün dərsə gəlməsi və bütün dərslərin, yaxud mövzuların əyani tədrisi məcburi olmamalıdır. Onun sözlərinə görə, bəzi fənlərin mühazirələri məsafədən keçirilə bilər:

"Hesab edirik ki, tələbələri auditoriyada müəllim qarşısında otuzdurub mühazirə dinlətmək heç də bütün hallarda ümumi işin xeyrinə deyil. Məqsədimiz tələbələrin öyrənməsidirsə, məzmunu məsafədən təhsilə imkan verən fənlərin və ya bəzi mövzuların tədrisini onlayn həyata keçirə bilərik”.

Onun fikrincə, bu həm də tələbələrin vaxtlarını səmərəli idarə etməsinə, müstəqil öyrənməyə və araşdırmaya vaxtın ayrılmasına, tələbələrin xərclərinin azalmasına imkan verə bilər.

Bəzi ekspertlər də təklif edir ki, universitetlərdə dərslər həftədə 2 gün evdən, 3 gün isə universitetdə keçirilə bilər.

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb:

“Eldar Aslanovun fikirləri ilə razıyam. Çünki bizdə təəssüf ki, hələ də ali təhsil müəssisələrində nəzəri biliklər daha çox tətbiq olunur və demək olar ki, tələbələrin praktik bilik əldə etməsi üçün az imkanlar tanınır.

O cümlədən universitetlərdə mühazirə saatlarında tələbələri auditoriyaya dəvət edib toplamaq düzgün deyil və artıq dünya təcrübəsində məsafədən təhsil geniş şəkildə istifadə olunur”.

Hazırlığa

Elçin Əfəndi hesab edir ki, Azərbaycanda da eyni prinsipi tətbiq etmək həm tələbələrin əlavə vaxt itkisinin, həm də gündəlik sıxlığın müəyyən qədər qarşısını ala bilər:

“Həm də tələbələri müəyyən xərclərdən, o cümlədən nəqliyyat və digər gündəlik xərclərdən azad olmaq imkanı yaranar.

Hazırda ali təhsil müəssisələrimizdə dərslər həftənin 5 günü keçirilir. Əlbəttə ki, günlərin hansı ki, ümumiyyətlə nəzəri saatları olan fənlər mövcuddur, onları sistemləşdirib ən azı 2–3 günə cəmləmək olar ki, tələbələr həmin günləri uzaqdan qoşulsunlar, qalan 2 gün isə universitetdə seminar və ya praktiki məşğələlərdə iştirak etsinlər. Bu, əsasən humanitar yönümlü və laboratoriya şəraiti tələb etməyən ixtisaslarda tətbiq oluna bilər”.

Mütəxəssis eyni zamanda qeyd edib ki, elə ixtisaslar var ki, tələbələr gündəlik olaraq laboratoriya şəraiti və praktik bilikləri yerində əldə etməlidirlər və bu kimi ixtisaslarda məsafədən təhsilin tətbiqi real görünmür:

“Lakin praktik biliyi və laboratoriya şəraitini tələb etməyən bir çox ixtisaslarda, o cümlədən humanitar yönümlü ixtisaslarda bu prinsipi tətbiq etmək mümkündür.

Bunun üçün də mövcud imkanlar var. 2020-ci ildə pandemiyadan sonra demək olar ki, ali təhsil müəssisələrində baza yaradılıb və məsafədən tətbiq edilən tədris mümkündür”.

Xalidə Gəray
Musavat.com

Избранный
29
musavat.com

1Источники