Bu fikirləri politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında söyləyib:
"Bu alınmasa belə, ən azından tərəfdaş kimi Yaponiyanı NATO-nun müttəfiq dövlətinə çevirməklə blokun Uzaq Şərqdəki maraqlarını müdafiə etmək nəzərdə tutulur.
Üstəlik, Yaponiya xarici siyasət xətti olaraq öz strateji əlaqələrini əsasən NATO üzvü böyük dövlətlərlə, ABŞ-la və Qərbi Avropa ölkələri ilə qurub. Xüsusilə ABŞ onun xarici siyasətində önəmli rol oynayır. Yaponiyanın milli maraqlarını dəyərləndirdikdə görürük ki, Rusiya və Çin onun üçün əsas təhdidlər sayılır. Rusiya ilə Kuril adaları və onun ətrafındakı digər mübahisəli ərazilər və ərazi suları məsələsi var. Çinlə isə bəzilərinin Yapon dənizi, bəzilərinin isə Çin dənizi adlandırdığı sərhədyanı ərazilərdə ciddi problemlər mövcuddur. Eyni zamanda nəzərə almaq lazımdır ki, Yaponiya tarixən Sakit okean hövzəsinin əsas güclərindən biri olub. Zaman-zaman Çin imperiyaları ilə, müxtəlif Çin sülalələri ilə bu istiqamətdə müharibələr yaşanıb.
Tarix təkrarlanır. Ona görə də Yaponiya hesab edir ki, Çinin və Rusiyanın əhəmiyyətli dərəcədə güclənməsi, eyni zamanda onların Sakit okeanda aktivliyinin artması gələcəkdə Yaponiya üçün təhlükə yarada bilər və bu riskin qarşısı əvvəlcədən alınmalıdır. Bu nöqtədə NATO dövlətləri də hesab edir ki, Yaponiya ilə əlaqələrin genişləndirilməsi faydalıdır. Yəni həm NATO üzvlərinin, həm də Yaponiyanın Sakit okean hövzəsi üçün ortaq təhdidləri var. Bu təhdidlər isə əsasən Rusiya və Çindir. Ona görə də həm NATO, həm də Yaponiya zamanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olacaqlar. Nümayəndə heyətlərinin səfəri də məhz bu münasibətlərin gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək və bu istiqamətdə fikir mübadiləsi aparmaq məqsədi daşıyır.
NATO-nun Sakit okeanda maraqlarını artırmasının başqa səbəbi də var. Bu, ABŞ üçün yeni və qarşısı alınması vacib olan bir təhlükənin yaranması ilə bağlıdır. Daha doğrusu, ABŞ-ın təkqütblü dünya hegemoniyası və qlobal liderliyi artıq ciddi çağırışlarla üz-üzədir. Bu çağırışın adı Çindir. Çin iqtisadi, hərbi və mülki texnologiyalar sahəsində sürətlə inkişaf edir və artıq NATO üçün ciddi strateji rəqibə çevrilmək potensialına malikdir. Əgər bu proses nəzarətdə saxlanılmasa, müəyyən müddətdən sonra həm ABŞ, həm də onun ənənəvi müttəfiqləri üçün ciddi problemlər yarada bilər. Bu səbəbdən NATO çərçivəsində ABŞ Sakit okean hövzəsindəki potensial və ənənəvi müttəfiqlərini qorumağa, onların maraqlarını təmin etməyə və eyni zamanda Çin və Rusiyaya qarşı balans yaratmağa çalışır. Bu addımların Çin və Rusiya ilə münasibətlərə təsirinə gəlincə, bu, həm Qərb, həm ABŞ, həm də Yaponiya üçün yeni risklər və çağırışlar deməkdir. Çünki Yaponiya NATO üzvü olmasa belə, alyansla əməkdaşlığını dərinləşdirərsə, bu, Çin və Rusiya tərəfindən təhlükə kimi qiymətləndiriləcək. Bu da o deməkdir ki, Çin və Rusiya buna qarşı alternativ mexanizmlər formalaşdırmağa çalışacaqlar. Bu isə gələcəkdə yeni gərginliklərə və mübahisələrə səbəb ola bilər. Əgər bu mübahisələr diplomatik yollarla həll olunmazsa, zaman keçdikcə daha ciddi qarşıdurmalara gətirib çıxara bilər. Təbii ki, böyük güclərin birbaşa toqquşması ehtimalı aşağıdır. Lakin Yaxın Şərqdə və Şərqi Avropada olduğu kimi, proksi münaqişələr, yəni dolayı qarşıdurmalar mümkündür. Bu da müxtəlif regionlarda maraq toqquşmalarının artmasına səbəb ola bilər. Ümumilikdə görünən odur ki, ABŞ Çin siyasətini yenidən formalaşdırır və Çini artıq daha ciddi rəqib kimi qiymətləndirir. Hətta bununla kifayətlənməyərək, Çinin ABŞ-ı geridə qoymasının qarşısını almaq üçün konkret və təsirli addımlar üzərində işləyir".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31