RU

“Qızıl dövr” iddiası: Tramp İranla bağlı nəyi gizlədir?

ABŞ Prezidenti Donald Trumpın İranla bağlı son açıqlamaları beynəlxalq müstəvidə müxtəlif şərhlərə səbəb olub. Xüsusilə Tehranda mümkün yenidənqurma prosesi və iqtisadi imkanlarla bağlı səsləndirilən fikirlər Vaşinqtonun regiondakı real niyyətləri barədə suallar doğurur. Mütəxəssislər hesab edir ki, bu bəyanatların arxasında həm iqtisadi maraqlar, həm də böyük güclər arasında təsir uğrunda rəqabət dayanır.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, ümumilikdə Donald Trampın zaman-zaman bir-biri ilə ziddiyyət təşkil edən və kəskin fərqlənən bəyanatları ilə tez-tez qarşılaşırıq.

Onun sözlərinə görə, eyni yanaşma İranla bağlı açıqlamalarda da müşahidə olunur:

“Əldə olunan atəşkəsdən sonra Trampın verdiyi bəyanatlara diqqət yetirsək, belə bir təsəvvür yaranır ki, guya ABŞ bütün şərtlərini İrana qəbul etdirib və proseslər tam şəkildə onun planına uyğun inkişaf edir. Lakin hesab edirəm ki, reallıq bu qədər sadə deyil. Doğrudur, Donald Tramp böyük iqtisadi qazanc əldə olunacağını bildirir, amma bu gəlirlərin hansı mexanizmlərlə formalaşacağı hələ də aydın deyil. Çünki İranın hazırkı mövqeyi onun enerji resurslarını ABŞ-la bölüşmək niyyətində olmadığını göstərir”.

Politoloq qeyd edib ki, münaqişədən əvvəl aparılan danışıqlarda İran ABŞ-ın enerji sektorunda müəyyən iştirakına razılıq verməyə yaxın idi:

“Lakin sonradan baş verən hərbi qarşıdurma tərəflərin mövqelərində ciddi dəyişikliklərə səbəb olub. Digər tərəfdən, Donald Trampın Hörmüz boğazı ilə bağlı planlarının olması istisna deyil. Ancaq mövcud şəraitdə bu, real görünmür. Çünki İran bu strateji keçid üzərində nəzarəti saxlayaraq böyük həcmdə gəlir əldə etməyi hədəfləyir. İlkin hesablamalara görə, Tehran yalnız bu marşrutdan keçən gəmilərdən rüsum toplamaqla ildə təxminən 60 milyard dollar gəlir əldə edə bilər.

Bu məsələdə region ölkələrinin və beynəlxalq güclərin hansı mövqe tutacağı isə ayrıca müzakirə mövzusudur. Bu baxımdan hesab edirəm ki, Donald Trampın səsləndirdiyi fikirlərin hazırda ciddi praktik əsasları görünmür. Bu bəyanatların nə dərəcədə real olduğunu yalnız ABŞ və İran arasında aparılan danışıqların nəticələrinə əsasən qiymətləndirmək mümkün olacaq.

Hazırkı mərhələdə bu istiqamətdə konkret siqnallar müşahidə olunmur. ABŞ-ın regionda Rusiyanın, xüsusilə də Çinin təsirini zəiflətmək cəhdləri məlumdur. Lakin bu məqsədə nail olunub-olunmaması sual altındadır. Əksinə, son qarşıdurma göstərdi ki, xüsusilə Çinin İran üzərində təsir imkanları daha da güclənib və Tehranın atəşkəsə razılaşmasında da Pekinin rolunun olduğu artıq açıq şəkildə qeyd olunur”.

//Gülnarə Abasova, Editor.az

Избранный
37
50
editor.az

10Источники