RU

“Nəsiminin anadilli əsərlərinin izahlı-ensiklopedik lüğəti” və Nəsimi irsinin ensiklopedik təqdimatı


Azərbaycan elmi və mədəni fikrində elə əsərlər var ki, onlar yalnız kitab deyil, bütöv bir dövrün başlanğıcıdır. Filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərovanın müəllifi olduğu 3 cildlik “Nəsiminin anadilli əsərlərinin izahlı-ensiklopedik lüğəti” məhz bu qəbildəndir. Bu əsər yalnız lüğət deyil – Nəsimi dünyasının dil, fikir və irfan atlasıdır.

Bu fundamental tədqiqat Nəsimi irsini söz səviyyəsində yenidən oxumağa imkan yaradır. Lüğətdə 5113 baş sözün izahı verilmiş, onların zahiri və batini mənaları ardıcıl şəkildə açıqlanmışdır. Bu isə oxucuya Nəsimini yalnız şair kimi deyil, söz vasitəsilə kainatı idrak və təfsir edən mütəfəkkir kimi dərk etməyə imkan verir. 

“Lareybə illa vəchəhu” – “Ondan başqa hər şey məhv olacaq” ifadəsi Qurani-Kərimin Qasas surəsindən götürülmüşdür. Nəsimi bu ayəni poeziyasında işlədərək belə deyir: “Külli-şey’un halikə lareybə illa vəchəhu”. Burada ayə artıq sitat fəlsəfi ideyanın mərkəzinə çevrilir. “Leysə kəmislihi şey’” – “Onun bənzəri yoxdur” ifadəsi də həm Qurani mənada, həm də poetik transformasiyada təqdim olunur. Bu isə lüğətin yalnız dilçilik deyil, həm də təfsir xarakteri daşıdığını göstərir. 

Hədislər də lüğətdə xüsusi yer tutur. Həzrət Əli ilə bağlı işlənən “Ləhmikə ləhmi, qanə qanım” ifadəsi ilahi və insani vəhdətin poetik ifadəsinə çevrilir. “Layənam” ifadəsi isə Allahın daim oyaq və hər şeyi bilən varlıq olduğunu göstərir.

Frazeoloji ifadələr də diqqət çəkir. “Leysə fiddar ğeyrahu dəyyar” – “Evdə Ondan başqa heç kim yoxdur” ifadəsi kainatın vahid sahibinin Allah olduğunu bildirir və Nəsimi fəlsəfəsinin əsasını təşkil edir. Lüğətdə sözlərin həm zahiri, həm də batini qatları açılır. “Nar” artıq sadəcə od deyil, ilahi eşqdir. “Ləb” sadəcə dodaq deyil, ilahi kəlamın mənbəyidir. Bu isə göstərir ki, Nəsimi poeziyasında söz həqiqətin özüdür.

Bu əsər həm də Azərbaycan dil tarixinin zənginliyini ortaya qoyur. Orta əsr Azərbaycan türkcəsinin leksik sistemi, terminologiyası və poetik imkanları burada geniş şəkildə əks olunmuşdur. 

Nəticə etibarilə, bu lüğət – sözün, mənanın və ilahi həqiqətin qovuşduğu elmi abidəsi kimi qarşımızda durur. Bu əsər Nəsimini anlamaq üçün açardır və Azərbaycan lüğətçiliyində yeni mərhələnin başlanğıcıdır.

İsmayıl Məmmədli, Filologiya elmləri doktoru, professor

 


Избранный
7
1
azia.az

2Источники