RU

Maşınla süpürgəçini vuraraq öldürən şəxsə hökm oxundu

Binəqədi Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Mirsadiq Əşrəfovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 9 ay müddətə azadlıqdan məhrum olunub.

 

İttihama görə, haidə 28 sentyabr 2025-ci il tarixdə saat 04:53 radələrində Bakı–Quba–Dağıstan sərhədi avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən 10-cu kilometrində qeydə alınıb.

 

Belə ki, Mirsadiq Əşrəfov idarə etdiyi “Toyota Aqua Hybrid” markalı avtomobillə hərəkətdə olarkən 5 zolaqlı yolun soldan 3-cü zolağı ilə Bakı istiqamətində təxminən 70 km/saat sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Qanununun tələblərini pozub. Sürücü manevr etməzdən əvvəl hərəkətin təhlükəsizliyini təmin etməli olduğu halda buna əməl etməyib. Qarşısında eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsini sağdan ötmək məqsədilə qəfil manevr edərək soldan 4-cü zolağa keçib. Həmin zolaqda isə yolun hərəkət hissəsində dayanaraq asfalt örtüyünü süpürən 1965-ci il təvəllüdlü piyada Akif İsayev olub.

 

Hadisə zamanı piyada əlində süpürgə ilə adi yerişlə yolun sağ tərəfinə doğru hərəkət etməyə başlayıb və təxminən 5,8 metr məsafə qət edərkən avtomobilin ön hissəsi ilə vurulub. Nəticədə zərərçəkmiş şəxs aldığı xəsarətlər nəticəsində inkişaf etmiş kəskin travmatik və hemorragik şok səbəbindən hadisə yerində həyatını itirib.

 

Faktla bağlı başlanmış cinayət işi üzrə Mirsadiq Əşrəfova Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan olunub.

 

Məhkəmə baxışı zamanı o, özünü tam təqsirli bilərək ifadəsində törətdiyi əmələ görə dərin peşmanlıq hissi keçirdiyini söyləyib. O, baş vermiş hadisəyə görə təəssüf etdiyini və nəticələrin ağırlığını dərk etdiyini qeyd edib.

 

Kamal Məmmədov

Tarix: 9 Aprel 2026, 08:44   
Избранный
37
pravda.az

1Источники